Noyabrın 14-dən 16-dək “Bakı Ekspo Mərkəzi”ndə doqquzuncu Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2018” sərgisi keçiriləcək. Sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. “Caspian Ecology” sərgisi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.
Təşkilatçılardan  verilən xəbərə görə, sərgidə Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, Türkiyə, Ukrayna və digər ölkələrin şirkətləri də öz stendlərini nümayiş etdirəcəklər. Sərgidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, həmçinin “Azərsu”, “BP”, “Damla”, “GIZ”, “SOCAR POLYMER”, “Təmiz Şəhər” kimi dövlət qurumları və şirkətlər iştirak edəcəklər. İlk dəfə olaraq sərgidə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun stendi də təqdim olunacaq.
Ümumilikdə, “Caspian Ecology 2018” sərgisində təbii resurslardan səmərəli istifadə sahəsində ən son məhsullar, sülb (bərk) tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsullar nümayiş etdiriləcək. Şirkətlər tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə sistemləri, neft və qaz kəşfiyyatı və emalı xidmətləri, kağız və karton istehsalı və bir sıra digər məhsulları təqdim edəcəklər.
Sərginin işgüzar proqramı çərçivəsində ilk dəfə olaraq iştirakçılar və dəvət olunmuş şirkətlər arasında ikitərəfli görüşlər, eləcə də müxtəlif seminarlar keçiriləcək.
Sərginin “Qızıl Sponsor”u “Global Energy Azerbaijan” LTD, “Gümüş Sponsor”u isə “AAS-ATE” şirkətidir.
Beləliklə, Beynəlxalq “Caspian Ecology” sərgisi işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıq və təmayüllərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə də əlavə təkan verəcək. Sərgi haqqında ətraflı məlumatı və elektron dəvətnaməni www.caspianecology.az rəsmi saytından əldə etmək mümkündür.(AZƏRTAC)