Şahağac 2 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda  keçirilən görüşdə rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov, yetkinlik yaşına çatmayanlarla işlər üzrə  inspektor polis baş leytenantı Amal Rzayev, rayon icra hakimiyyəti başçısı aparatının  hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov,   Rayon Təhsil şöbəsinin müdiri Rəşad Həsənov,  Şahağac kənd 2 saylı tam orta məktəbin direktoru Sakit Mürsəlov, Şahağac icra nümayəndəsi Sokrat Məmmədov, Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, rayon polis şöbəsi tərəfindən keçirilən maarifləndirmə tədbirlərini yüksək qiymətləndirmiş, müzakirə olunan məsələ barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov məktəblilərlə keçirilən görüşlərdə çıxış edərək əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə məktəbin müəllim və şagird kollektivini təbrik etmiş, dövlət müstəqilliyinin qorunması və möhkəmlənməsi yolunda onlara uğurlar arzulamışdır. O,  qeyd etmişdir ki, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Biz hər birimiz çalışmalıyıq ki, yetişən gənc nəsil sağlam böyüsün, valideynlərinin etimadını doğrultsun, Vətənə layiqli övlad olsun. Təəssüf ki, aramızda narkomaniyaya meyl edən yeniyetmə və gənclərə də təsadüf etmək olur. Odur ki, məktəb kollektivlərində izahat və maarifləndirmə işləri müntəzəm aparılmalıdır.
Qeyd edilib ki, aparılan məqsədyönlü tədbirlər nəticəsində Astarada narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi əvvəlki illərlə müqayisədə xeyli aşağı düşüb. Bunun əsas səbəblərindən biri rayon ərazisində aparılan maarifləndirmə işi və görüşlərin keçirilməsidir. :
Bu görüşlər iştirakçılara öz müsbət təsirini göstərir, onların “ağ ölüm”dən uzaq durmasına yetərincə təsir edir. Ona görə də  bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək.
Yetkinlik yaşına çatmayanlarla işlər üzrə inspektoru polis baş leytenantı  Amal Rzayev  narkomaniyanın  törətdiyi bəlalar, faciələr, bu xəstəliyə qarşı profilaktik tədbirlərin, xüsusən məktəblilər arasında geniş təbliğat və izahat işlərinin aparılmasının vacibliyini bu sahədə müntəzəm olaraq işlərin təşkilini və davam etdirilməsini xüsusi vurğulamışdır. Pedaqoji kollektivlər məktəblilərin davranışlarını müntəzəm izləməli, siqaret çəkilməsi  və digər xoşagəlməz hərəkətləri müəyyənləşdirməli və aidiyyəti təşkilatlara vaxtında məlumat verməlidirlər.
Rayon icra hakimiyyətinin məsul işçisi Elnur Rəsulov, gənclər və idman idarəsinin rəis Ərçə Əliyev, rayon təhsil şöbəsinin müdiri Rəşad Həsənov,Şahağac kənd 2 saylı tam orta məktəbin direktoru Sakit Mürsəlov çıxış edərək polis işçiləri tərəfindən məktəblərdə belə görüşlərin keçirilməsini yüksək qiymətləndirmiş, onlara təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Məktəblilərlə polis əməkdaşlarının görüşü səmərəli olmuş, valideyn və müəllimlər tərəfindən razılıqla qarşılanmışdır.
Nicat Raufoğlu
Astarainfo.az