Noyabrın 6-d Astara Pedaqoji Kollecində rayon Gənclər və İdman İdarəsinin və Pedaqoji Kollecin birgə  təşkilatçılığı ilə Sərbəst güləş üzrə XXXI Yay Olimpiyadasının bürünc mükafatçısı, gənclər arasında Dünya çempionu, 3 qat Avropa çempionu, Dünya çempionatının 2 qat gümüş və 3 qat bürünc medalçısı, Avropa çempionatının 3 qat gümüş və 4 qat bürünc mükafatçısı, “Qızıl Qran Pri” Beynəlxalq turnirinin 5 qat qalibi, XXVII Ümumdünya Yay Unversiyadasının gümüş medalçısı, Beynəlxalq dərəcəli idman ustası, “Tərəqqi” medalına layiq görülmüş dünya şöhrətli Astaralı idmançı Cəbrayıl Həsənov ilə  tələbə gənclərin görüşü keçirilmişdir.
Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov  Cəbrayıl Həsənova və Rayon Gənclər və İdman İdarəsinə  görüşün təşkilinə görə təşəkkürünü bildirmişdir.  Qeyd etmişdir ki, Respublikamızın dünya ölkələri arasında tanınmasında  idmançılarımızın qazandıqları uğurların böyük əhəmiyyəti vardır.
Sonra  çıxış edən Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev Cəbrayıl Həsənovun həyat və idman fəaliyyəti  barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Qeyd olunub ki, Prezidentimiz cənab İlham Əliyev və I Vitse Prezident Mehriban xanım Əliyevanın idmana və idmançılara göstərdikləri diqqət və qayğının nəticəsində bu gün idmançılarımız Dünya və Avropa yarışlarında yüksək nəticələr əldə edərək üç rəngli bayrağımızı qürürla dalğalandırırlar.
 Belə idmançlarımızdan biri də həmyerlimiz Cəbrayıl Həsənovdur. O, 24 fevral 1990-cı ildə Astara rayonunun Suparibağ kəndində dünyaya gəlib. 1997-ci ildə həmin kəndin orta məktəbində 1-ci sinifə qəbul olunub. Uşaq yaşlarından idmanın sərbəst güləş növünə maraq göstərib. 2001-ci ildə Bakı şəhərindəki “Respublika Olimpiya İdman Liseyinin” 5-ci sinfinə qəbul olub. Burada Beynəlxalq idman ustası, əməkdar məşqçi Aslan Ağayevin rəhbərliyi altında sərbəst güləşlə məşğul olmağa başlayıb və eyni zamanda təhsilini davam etdirib. 20032008-ci illərdə yeniyetmələr və gənclər arasında Avropa və Dünya birinciliklərinin mükafatçısı, eyni zamanda qalibi olub. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. 2010-ci ildə həmin akademiyanı sərbəst güləş ixtisası üzrə bitirib
2015 Avropa Oyunları bitdikdən sonra, iyunun 29-u prezident cənab İlham Əliyev, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, 1299 nömrəli sərəncamına əsasən Cəbrayıl Həsənovu “Bakı-2015” Avropa Oyunlarında qazandığı bürünc medala görə “Tərəqqi” medalı ilə təltif etdi.
Cəbrayıl Həsənov XXXI Yay Olimpiya Oyunlarında (avqust 2016-cı il,  Braziliyanın Rio-de-Janeyro şəhəri) qazandığı yüksək nailiyyətinə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Azərbaycan Respublikası Prezidentinin” fəxri diplomuna layiq görülmüşdür.
O, həmçinin Gənclər və İdman Nazirliyinin təqdim etdiyi “İlin ən yaxşıları” nominasiyasında fəxri diplomla təltif olunmuşdur.
Həmyerlimiz daha böyük bir nəticə əldə etmişdir. Belə ki, 18-25 oktyabr  tarixlərdə Macarıstanın Budapeş şəhərində keçirilən Dünya çempionatında gümüş medal qazanmış və sərbəst güləş üzrə dünya ikincisi olmuşdur.
Sonda  idmançımız Cəbrayıl Həsənov öz ürək sözlərini gənclərlə bölüşmüş və tələbə gənclərin suallarını cavablandırmışdır.
Yekunda  xatirə şəkli çəkilmişdir.
Elnur Qurbanlı
Astarainfo.az