Astara rayon Suparibağ kənd tam orta məktəbində rayon Gənclər və İdman İdarəsinin və Suparibağ kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə Sərbəst güləş üzrə XXXI Yay Olimpiyadasının bürünc mükafatçısı, gənclər arasında Dünya çempionu, 3 qat Avropa çempionu, Dünya çempionatının 2 qat gümüş və 3 qat bürünc medalçısı, Avropa çempionatının 3 qat gümüş və 4 qat bürünc mükafatçısı, “Qızıl Qran Pri” Beynəlxalq turnirinin 5 qat qalibi, XXVII Ümumdünya Yay Unversiyadasının gümüş medalçısı, Beynəlxalq dərəcəli idman ustası, “Tərəqqi” medalına layiq görülmüş dünya şöhrətli idmançı Cəbrayıl Həsənovla  şagirdlərin və pedaqoji kollektivin görüşü həmçinin 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayrağımız qürurumuzdur” mövzusunda tədbir keçirilib.
Tədbiri Suparibağ kənd tam orta məktəbin direktoru Nazənin Məmmədova açaraq Cəbrayıl Həsənovala görüş şagirdlərin vətənpərvərlik tərbiyəsində müstəsna rolu olduğunu qeyd etmişdir.
 Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev Cəbrayıl Həsənovun həyat və  idman fəaliyyəti  barədə tədbir iştirakçılarına geniş məlumat verib.
O qeyd edib ki, Prezidentimiz cənab İlham Əliyev və I Vitse Prezident Mehriban xanım Əliyevanın idmana və idmançılara göstərdikləri diqqət və qayğının nəticəsində bu gün idmançılarımız Dünya və Avropa yarışlarında yüksək nəticələr əldə edərək üç rəngli bayrağımızı qürürla dalğalandırırlar. Belə idmançlarımızdan biri də həmyerlimiz Cəbrayıl Həsənovdur. O, 24 fevral 1990-cı ildə Astara rayonunun Suparibağ kəndində dünyaya gəlib. 1997-ci ildə həmin kəndin orta məktəbində 1-ci sinifə qəbul olunub. Uşaq yaşlarından idmanın sərbəst güləş növünə maraq göstərib. 2001-ci ildə Bakı şəhərindəki “Respublika Olimpiya İdman Liseyinin” 5-ci sinfinə qəbul olub. Burada Beynəlxalq idman ustası, əməkdar məşqçi Aslan Ağayevin rəhbərliyi altında sərbəst güləşlə məşğul olmağa başlayıb və eyni zamanda təhsilini davam etdirib. 20032008-ci illərdə yeniyetmələr və gənclər arasında Avropa və Dünya birinciliklərinin mükafatçısı, eyni zamanda qalibi olub. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. 2010-ci ildə həmin akademiyanı sərbəst güləş ixtisası üzrə bitirib
2015 Avropa Oyunları bitdikdən sonra, iyunun 29-u Prezident cənab İlham Əliyev, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, 1299 nömrəli sərəncamına əsasən Cəbrayıl Həsənovu “Bakı-2015” Avropa Oyunlarında qazandığı bürünc medala görə “Tərəqqi” medalı ilə təltif etdi.
Cəbrayıl Həsənov XXXI Yay Olimpiya Oyunlarında (avqust 2016-cı il,  Braziliyanın Rio-de-Janeyro şəhəri) qazandığı yüksək nailiyyətinə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Azərbaycan Respublikası Prezidentinin” fəxri diplomuna layiq görüldü. O, həmçinin Gənclər və İdman Nazirliyinin hər ilin sonunda təqdim etdiyi “İlin ən yaxşıları” nominasiyasında fəxri diplomla təltif olundu.
Bu yaxınlarda həmyerlimiz daha böyük bir nəticə əldə edib. Belə ki, 18-25 oktyabr 2018-ci il tarixlərdə Macarıstanın Budapeş şəhərində keçirilən Dünya çempionatında gümüş medal qazanaraq sərbəst güləş üzrə dünya ikincsi olub.
Sonra Beynəlxalq dərəcəli idman ustası, dəfələrlə Dünya və Avropa yarışlarının mükafatçısı Cəbrayıl Həsənov öz ürək sözlərini şagirdlərlə bölüşüb,  onların suallarını cavablandırıb.
 Daha sonra 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayrağımız qürurumuzdur” mövzusunda məktəbin direktoru Nazənin Məmmədova, Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev və idmançımız Cəbrayıl Həsənov  tədbir iştirakçılarına üçrəngli bayrağımızın tarixindən, Ümummilli lider Heydər Əliyevin dövlət atributlarına sonsuz hörmət və ehtiramından, ölkə başçısı cənab İlham Əliyevin milli ideallara bağlılığından ətraflı məlumat verib və dövlət bayrağının mahiyyətinin, əhəmiyyətinin geniş təbliğ olunması sahəsində görülən işlərdən danışıblar.
Elnur Qurbanlı
Astarainfo.az