Respublikamızın ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin iştirakı ilə reallaşdırılan “Ölkəmizi tanıyaq” tur-aksiyasına qazaxlı məktəblilər də qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən 40 məktəbli və təhkim olunmuş şəxslər rayondakı Heydər Əliyev parkına toplaşmışdılar.
Məktəblilərin yolasalma mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul şəxsləri, rayon təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər və valideynlər iştirak ediblər.
Əvvəlcə rayon rəhbərliyi, məktəblilər və müəllimlər ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, Ümummilli Liderin əziz xatirəsini anıblar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, müavin Gülayə Həsənova, rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək, məktəblilərə xoş istirahət arzulayıblar. Bildirilib ki, rayonun müxtəlif məktəblərindən olan 40 şagird birinci mərhələdə – noyabrın 14-dən 17-dək Lənkəran–Masallı-Astara rayonlarının gəzməli, görməli, tarixi yerlərinə səfər edəcək, bölgə ilə yaxından tanış olacaq, rayonların sosial, iqtisadi və mədəni həyatı barədə məlumatlar alacaqlar. Tur-aksiya çərçivəsində şagirdlər intellektual oyunlarda da iştirak edəcəklər.
Məktəblilər və valideynlər maarifləndirici tur-aksiyanın təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda tur-aksiya iştirakçıları cənub bölgəsinə yola düşüblər.