“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olan Gəncə, Ağstafa, Qazax, Səbail və Xətai məktəbliləri Lənkəranla tanışlıqdan sonra noyabrın 16-da Masallı və Astara rayonlarına səyahət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallıda məktəbliləri rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Masallı şəhərindəki Heydər Əliyev Parkında məktəblilər qarşısında çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən şagirdlərə xoş arzularını çatdırıb.
Məktəblilər Ümummilli Liderin parkda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Sonra tur-aksiya iştirakçıları Masallı Uşaq İncəsənət Məktəbinə gəliblər. Məlumat verilib ki, 1979-cu ildən fəaliyyət göstərən məktəbin yeni binası 2016-cı ildə Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilib. Ümumi sahəsi 2743 kvadratmetr olan ikimərtəbəli binada 33 sinif otağı var. Sinif otaqlarının hamısı müasir avadanlıqla, təlim-tədris ləvazimatları ilə təchiz olunub. 150 yerlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Kitabxana, rəsm otağı və heykəltəraşlıq emalatxanasında dərslərin keçirilməsi üçün bütün imkanlar nəzərə alınıb. Hazırda məktəbdə 305 şagird təhsil alır.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Muzeyin direktoru Əntiqə Tağıyeva bildirib ki, Prezident İlham Əliyev 2016-cı ilin sentyabrın 3-də Masallıya səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib. Ümumi sahəsi 1861 kvadratmetr olan muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir. Burada müstəqillik tariximizə xüsusi yer verilib. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
Tur-aksiyanın iştirakçıları “ASAN həyat” kompleksindəki “ASAN xidmət” Mərkəzi və “ABAD Mərkəz”lə həmçinin İncəsənət Məktəbi və kinoklubla tanış olub, İntellektual Mərkəzdə Masallı məktəblilərinin “Breyn-rinq” yarışını izləyiblər.
Şagirdlər Masallıdakı Bayraq Meydanı, Azərbaycan Dövlət Rəmzləri Muzeyi və Masallı Sənaye Məhəlləsi ilə də tanış olublar.
Tur-aksiyanın iştirakçıları günün ikinci yarısında Astara rayonuna gəliblər.
Astarada humanitar aksiyanın iştirakçılarını rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Rayon icra hakimiyyəti başçısının müavini Qızbəs Məmmədova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən tur-aksiyaların məktəblilərin dünyagörüşünün formalaşmasındakı rolundan danışaraq bildirib ki, Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin çox böyük payı var. Ölkəmizdə qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Bu inkişafın konturları Strateji Yol xəritələrində əksini tapıb. Bu baxımdan Lənkəran, Astara, Masallı rayonları ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur.
Qeyd olunub ki, ölkəmizin cənub bölgəsi sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələr, bu sahələrin dirçəldilməsi ilə əlaqədar imzalanan sərəncamlar və qəbul edilən Dövlət proqramları ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm rol oynayır. Bu sahələrin dirçəldilməsi üçün mövcud potensialın qorunub saxlanılması, həmçinin çəltikçilik, sitrus meyvəçilik, çayçılıq və cins heyvandarlıq təsərrüfatlarının, çəltik və çay emalı müəssisələrinin, sitrus meyvələrinin saxlanılması üçün logistik mərkəzin yaradılması nəzərdə tutulur.
Məktəblilər Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətini, böyük rəhbərin Astara rayonuna səfərlərini əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Sonra tur-aksiya iştirakçıları Astara şəhərində, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksinə gəliblər. Məlumat verilib ki, 2014-cü ildə 6 hektar ərazidə salınmış park-bulvar kompleksinin ərazisi 9 hektar artırılaraq 15 hektara çatdırılıb. İran İslam Respublikası ilə dövlət sərhədinə qədər sahil boyunca inşa edilən park-bulvar kompleksinin yeni ərazisi Astara şəhərinə xüsusi gözəllik verir.
Məktəblilərə Astaranın qədim tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı, əhalinin məşğulluğu və sosial-iqtisadi inkişafı barədə də məlumat verilib.
Park-bulvar kompleksi ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları rayonun Ərçivan kəndindəki “Yanar bulaq”da suyun alovlanmasını böyük maraqla izləyiblər.
Məktəblilər, həmçinin “Astaraçay” MMC-nin çay fabrikində çay emalı prosesini izləyib, burada yaradılmış “Çay muzeyi”ndə nümayiş etdirilən eksponatlarla tanış olublar.
Masallı və Astara rayonları ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları Lənkərana qayıdıblar.
Noyabrın 16-da tur-aksiyanın Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarından olan iştirakçıları isə Lənkəran rayonuna səfər ediblər.
Məktəblilər Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində, Gənclər Mərkəzində, Rayon Tarix-Diyarşünaslıq Muzeyində, “Qoşa Qala qapıları” meydanında, “Dairəvi qala”da, “Mayak” binasında, general Həzi Aslanovun ev-muzeyində, Bayraq Meydanında, Hirkan Milli Parkında, çay plantasiyasında və sitrus meyvə bağlarında olublar.
Şam yeməyindən sonra tur-aksiyanın iştirakçıları musiqili-əyləncəli proqramda iştirak ediblər.