Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə müvafiq olaraq Astara rayonunun Burzubənd kəndində 360 şagird yerlik yeni məktəb binası tikilir.
Təhsil Nazirliyinin sifarişi ilə “Litosfer” MMC-nin inşaatçıları tərəfindən inşa edilən yeni təhsil ocağının tikintisində 20 nəfərdən artıq yerli işçi çalışır.
İkimərtəbəli tam orta məktəb binasının birinci mərtəbəsində hörgü işləri başa çatdırılıb. Hazırda ikinci mərtəbədə işlər davam etdirilir.
Müasir arxitektura üslubunda inşa olunan təhsil ocağında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq.
Ərazidə 120 metr dərinliyində artezian quyusu qazılıb, 30 və 100 tonluq su anbarları inşa edilib. İşıq, istilik və su sistemləri quraşdırılacaq, məktəbin həyətində idman meydançası və istirahət guşələri yaradılacaq.
Yeni məktəb binasının 2019-cu ilin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub.
Astarainfo.az