Noyabrın 23-də Astara rayonun Təngərüd kəndində, Mənəvi Dəyərlərin Təbliği Fondunun  dəstəyi və  Təngərüd kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində “İslam dinində sülh və həmrəylik çağırışları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Təngərüd kənd məscidində keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə,   Təngərüd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Süleyman Ağacanov, Təngərüd kənd məscidi dini icmasının sədri Vahid Allahverdiyev, məscidin İmam müavini Sadir Zaidov və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Təngərüd kənd məscidi dini icmasının sədri Vahid Allahverdiyev dövlətin dinimizə olan qayğısından geniş bəhs edib. V.Allahverdiyev lahiyə çərçivəsində keçirilən maarifləndirici tədbirlərin kənddə olan həmrəylik və vəhdəti daha da gücləndirəcəyinə əminliyini ifadə edib.
Turan Həsənzadə çıxışında xalqımızın zəngin milli-mənəvi dəyərlərə sahib olduğunu və bu dəyərlərin təbliğinin dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyətini vurğulayıb.O, ölkəmizdəki tolerant və multikultural dəyərlərin İslam dünyasına, bütövlükdə isə bütün dünyaya nümunə olduğunu bildirib.
Təngərüd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Süleyman Ağacanov və digərləri çıxışlarında keçirilən layihənin milli-mənəvi və dini dəyərlərin təbliği, kənd ictimaiyyətinin, xüsusən də gənclərin bu mövzularla əlaqədar maarifləndirilməsi baxımından vacibliyini qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Turan Hasan
Astarainfo.az