Noyabrın 29-da səhər saat 8 radələrində Astara rayonunun Şüvi kəndində canavar məktəbə gedən şagirdlərə və kənd sakinlərinə hücum edib.
Astarainfo.az AZƏRTAC-ın bölgə müxbirinə istinadən xəbər verir ki, hadisə zamanı 3-ü məktəbli olmaqla, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Şüvi kənd sakini 25 yaşlı Jalə Firudinzadə birinci sinifdə oxuyan oğlu Rəvan Abdullayevi səhər saatlarında məktəbə apararkən yolda canavarın hücumuna məruz qalıb. Ana oğlunu qoruya bilsə də, əlindən və sifət nahiyəsindən yaralanıb.
Kənd sakinləri, doqquzuncu sinif şagirdi Rafiq Baxşıyev və beşinci sinif şagirdi Lalə Əşrəfova da məktəbə getdiyi zaman canavar onlara hücum edib.
Şüvi kənd sakini, 43 yaşlı Malik Ağayev isə səhər saatlarında tövləyə girmiş canavarın hücumuna məruz qalıb.
Canavar Şüvi kənd ərazi icra nümayəndəliyində yerləşən Sekəşan kəndində də 1993-cü il təvəllüdlü Günəş Şahmuradovaya müxtəlif bədən xəsarətləri yetirib.
Şüvi kənd bələdiyyəsinin sədri Mail Muradovun verdiyi məlumata görə, canavar qonşu kəndlərdə də sakinlərə ziyan vurub. Belə ki, Züngüləş kənd sakinləri, 1978-ci il təvəllüdlü Tofiq Əsgərov və 2009-cu il təvəllüdlü Şənlik Rəcəbov da canavarın hücumuna məruz qalıb.