Astara rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Sım kənd folklor evində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi aşıq Şəmşirin anadan olmasının 125 illiyi münasibətilə tədbir  keçirilib.
Tədbiri giriş sözü  ilə  Lənkəran  Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Şadoğlan Bayramov açaraq Azərbaycan aşıq musiqisinin inkişaf tarixindən, Dədə Şəmşir məktəbinin Azərbaycan aşıq sənətinin inkişafına verdiyi töhfələrdən geniş bəhs edib.
Aşıq Şəmşirin həyat və yaradıcılığı barədə Sım kənd kitabxanasının müdiri Xaspolad Fətullayev məruzə ilə çıxış edib.
Yubiley tədbirində Sım kənd orta məktəbin direktoru Nəbi Xalıqov, Sım kənd orta məktəbin müəllimi Zahirəddin  Məmmədov şifahi xalq yaradıcılığının əsas qolu olan aşıq sənətindən,  el ağsaqqalı  Dədə Şəmşirin şeir yaradıcılığından, onun milli folklorumuzu inkişaf etdirərək daha da zənginləşdirməsindən məlumat veriblər.
Saz-söz məclisi olan tədbirdə Sım kənd orta məktəbin şagirdləri Ləman Əmirova, Zəhra Böyükağayeva, Gəlxanım Xalıqova, Mənzurə və Nərmin Mikayılovalarin ifasında Aşıq Şəmşirin şeirləri səsləndirilib. Azərbaycan Aşıqlar Birliyinin üzvü, Sım kənd folklor evinin direktoru aşıq Elxan Əliyevin, usta balabançalan Əbdüləzim Nəcəfovun və müğənni Talıb Nəzərovun çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Astarainfo.az