Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən seminar-müşavirədə payız-qış mövsümündə yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələlər müzakirə edilib.
Tədbirdə Xidmətin əməkdaşları, Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayon fövqalədə hallar komissiyalarının sədrləri, polis rəislərinin müavinləri, bələdiyyələrin sədrləri, meşə təsərrüfatının, qaz paylayıcı və elektrik şəbəkələrinin nümayəndələri, ekoloqlar iştirak ediblər.
Toplantıda FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini Cəmil Xudiyevin mövzuyla bağlı məruzəsi dinlənilib.
Seminar-müşavirədə çıxış edənlər yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi istiqamətində qarşıda duran vəzifələrdən bəhs edib. Həmçinin qaz təsərrüfatının istismarı dövründə yanğın, partlayış, zəhərlənmə təhlükəsinin qarşısının alınması ilə bağlı danışıb, mövcud problemlərin həlli ilə istiqamətində fikir mübadiləsi aparıblar.
Sonda “Dəm qazından ehtiyatlı olun”, “Məişətdə yanğın təhlükəsizliyi” mövzularında video-slaydlar nümayiş olunub, tədbir iştirakçılarına “Yaşayış evlərinin yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası və yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakatlar paylanılıb.(AZƏRTAC)