Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində sosial-iqtisadi inkişaf sahəsində qazanılan yüksək nailiyyətlərlə yanaşı, bir sıra mühüm məqamlara da xüsusi diqqət yetirilmişdir. Ölkə başçısı əhaliyə nümunəvi nəqliyyat xidmətinin göstərilməsinin vacibliyini diqqətə çatdırmış, bu sahədə yol verilmiş nöqsanları ciddi tənqid etmiş, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üçün yeni, daha müasir nəqliyyat vasitələrinə üstünlük verilməsi, sürücülərə qarşı ciddi tədbirlərin görülməsi barədə tapşırıq və tövsiyələrini vermişdir.
Bu günlərdə Astara Avtonəqliyyat Müəssisəsində rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sahibləri  sürücülərinin birgə iştirakı ilə geniş yığıncaq keçirilmişdir. “Astara Nəqliyyat” Səhmdar Cəmiyyətinin sədri Nizami Məmmədov yığıncağı giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda respublikada nəqliyyat sahəsində mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar verdiyi tapşırıq və tövsiyələrin yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırmışdır. N.Məmmədov qeyd etmişdir ki, nəqliyyatın xidmət səviyyəsinin yüksəldilməsi üçün rayonumuzda son dövrdə xeyli işlər görülmüşdür. Əvvəllər avtovağzalın yerləşdiyi ərazi sərnişinlərin ciddi narazılığına səbəb olurdu. Hazırda  avtovağzal yeni əraziyə köçürülmüş, burada sərnişinlərə və sürücülərə yüksək səviyyədə xidmət göstərilməsi məqsədilə yeni müasir tipli avtovağzal binası tikilib istifadəyə verilmişdir. Burada sərnişinlərin və sürücülərin istirahəti, rahat gözləmələri üçün normal şərait yaradılmış, uzaq şəhərlərdən gələn sürücülərin dincəlmələri məqsədilə ayrıca otaqlar müəyyənləşdirilmişdir. Sürücülərin tibbi müayinədən keçirilməsindən ötrü ali təhsilli həkim dəvət olunmuşdur. Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi də diqqət mərkəzindədir. Sürücülərimiz arasında öz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirənlər çoxdur. Bütün bunlarla birlikdə hələ də intizamsız, nəqliyyatın hərəkəti zamanı mobil telefonlardan fasiləsiz istifadə edən, sərnişinlərin narahatlığına səbəb olan hərəkətlərə yol verən üzdəniraq sürücülərə rast gəlmək olur. Bu günki yığıncaqda yol polisi əməkdaşlarının iştirakından istifadə edərək bir daha həmin sürücülərə ciddi xəbərdarlıq etməyi lazım bilirəm. Yuxarıda göstərilən nöqsanlara yol verənlər haqqında bundan sonra qanunun bütün sərtliyi ilə müvafiq tədbirlər görüləcəkdir.
Dövlət Yol Polisi bölməsinin rəisi İlqar Rəhimzadə, bölmənin əməkdaşı polis mayoru Sübhan İsgəndərov çıxış edərək nəqliyyat müəssisəsinin kollektivinin bütün üzvlərinin iştirakı ilə belə geniş tədbirinin keçirilməsini müsbət qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, rayonumuzda sərnişinlərə nümunəvi nəqliyyat xidməti göstərilməsi üçün bütün səylər birləşdirilməli, əvvəllər yol verilmiş nöqsanlar qısa müddətdə aradan qaldırılmalı, sübh tezdən işə çıxan bütün sürücülərin tibbi müayinədən keçirilməsi təmin olunmalı, nəqliyyat vasitələri texniki baxışdan keçirilməlidir. Qarşıda qış mövsümü gəlir,  Nəqliyyat vasitələrinin şinlərinin müvafiq qaydada dəyişdirilməsi üçün təcili tədbirlər görülməlidir. Şəhər ərazisində yerləşən tədris müəssisələrinin ətrafında mikroavtobusların növbəsiz şəkildə dayanacaqlarda durması hallarına son qoyulmalıdır. Xüsusən sərhəd məntəqəsi ətrafında avtomobil sıxlığının aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir.
Astara Nəqliyyat Müəssisəsinin icraçı direktoru Fəxrəddin Şeyxov kollektivin fəaliyyəti barədə məruzə etmişdir.Yığıncaqda Füzuli Fətəliyev, Süleyman Süleymanov, Taha Nuriyev, Bəşir Məmmədov və başqaları çıxış edərək əhaliyə nümunəvi nəqliyyat xidməti göstərilməsi üçün bundan sonra da bütün qüvvələri səfərbərliyə alacaqlarını diqqətə çatdırmışlar.
Nicat Raufoğlu
Astarainfo.az