Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev və birinci  Vitse Prezident Mehriban xanım Əliyevanın idmana və idmançılara göstərdikləri diqqət və qayğısında  bu gün idmançılarımız  Dünya və Avropa yarışlarında yüksək nəticələrlə üç rəngli bayrağımızı qürurla dalğalandırırlar.
Bu günkü müsahibimiz, sərbəst güləş üzrə XXXI Yay Olimpiadasının bürünc mükafatçısı, gənclər arasında Dünya çempionu, 3 qat Avropa çempionu, Dünya çempionatının 2 qat gümüş və 3 qat bürünc medalçısı, Avropa çempionatının 3 qat gümüş və 4 qat bürünc mükafatçısı, “Qızıl Qran Pri” Beynəlxalq turnirinin 5 qat qalibi, XXVII Ümumdünya Yay Unversiadasının gümüş medalçısı, Beynəlxalq dərəcəli idman ustası, “Tərəqqi” medalına layiq görülmüş, sərbəst güləş üzrə dünya ikincisi, dünya şöhrətli idmançı Cəbrayıl Həsənov da həmin idmançılardandır.
Tanıtma
 1990-cı il fevralın 24-də  Astara rayonunun Suparibağ kəndində dünyaya gəlmiş Cəbrayıl, uşaq yaşlarından idmanın sərbəst güləş növünə maraq göstərib. 2001-ci ildə Bakı şəhərindəki “Respublika Olimpiya İdman Liseyinin” 5-ci sinfinə qəbul olunub. Beynəlxalq idman ustası, əməkdar məşqçi Aslan Ağayevin rəhbərliyi altında sərbəst güləşlə məşğul olmağa başlayıb və eyni zamanda təhsilini davam etdirib. 20032008-ci illərdə yeniyetmələr və gənclər arasında Avropa və Dünya birinciliklərinin mükafatçısı, eyni  zamanda qalibi kimi 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsilini davam etdirib. 2011-ci ildə həmin akademiyanı sərbəst güləş ixtisası üzrə bitirib
“Bakı-2015” Avropa Oyunlarında qazandığı qələbələrə görə  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Cəbrayıl Həsənov  “Tərəqqi” medalı ilə təltif olunub.
Cəbrayıl Həsənov XXXI Yay Olimpiya Oyunlarında (avqust 2016-cı il,  Braziliyanın Rio-de-Janeyro şəhəri) qazandığı yüksək nailiyyətinə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Azərbaycan Respublikası Prezidentinin” fəxri diplomuna layiq görülüb. O, həmçinin Gənclər və İdman Nazirliyinin təqdim etdiyi “İlin ən yaxşıları” nominasiyasında fəxri diplomla təltif olunub. Bu il həmyerlimiz daha böyük bir nəticə əldə edib. 18-25 oktyabr  tarixlərdə Macarıstanın Budapeşt şəhərində keçirilən Dünya çempionatında gümüş medal qazanaraq və sərbəst güləş üzrə dünya ikincisi olub.
Bu günlərdə həmyerlimiz, dünya şöhrətli idmançımız Cəbrayıl Həsənovla görüşüb söhbətləşdik.
 – Doğma Astara diyarında sizi görmək bizi hədsiz  sevindirir.  Uğurlu gələcəyinizdən bir qədər danışardınız.
– Doğulduğun torpaq insanı özünə çəkir. Çalışıram boş vaxtım olan kimi rayona gəlim. Ailəmlə, doğmalarımla səmərəli vaxt keçirməyə daha çox üstünlük verirəm.
 – Doğma “Astara” qəzetinə müsahibə vermək mənim üçün də çox xoşdur. Hazırda Dövlət Sərhəd Qoşunlarının leytenantıyam. 2005-ci ildə ilk dəfə Avropa çempionatında çıxış eləmişəm. Həmin vaxtdan  peşəkar idmançı kimi tanınıram. İdmanda uğur da var, uğursuzluq da. Çalışıram ki, ölkəmizə hər zaman medallar qazandırıb, bayrağımızı yüksəklərə qaldırım.Şükürlər olsun ki, 2005-ci ildən -2018-ci ilədək Avropa, dünya, olimpiya medallarını qazanmışam.
– Sərbəst güləşə marağınız necə yarandı. Ailədən dəstək oldumu?
– Futbola həvəsim çox olsa da, atam  icazə vermirdi. Çox istəyirdi ki, güləşə gedim. 1999-2001-ci illərdə məşhur güləşçi Namiq Abdullayevi çox böyük həvəslə televiziyadan izləyirdik. Ona görə də atam məni güləşə getməyə həvəsləndirirdi və güləşi seçdim. Artıq güləş həyatımın ayrılmaz parçasıdır, buna görə çox xoşbəxtəm. Xatırladım ki, idmana peşəkar səviyyədə 2005-ci ildən Avropa çempionatından başlamışam. Azərbaycan çempionatlarında çox olmuşam. Əsas Avropa, Dünya və Olimpiya çempionatlarıdır.
-İlk dəfə hansı uğuru qazanıbsınız?
– İlk uğurlarım 2001-ci ildən başlayıb. İlk dəfə Avropa çempionatına gedəndə 15  yaşında idim. Həmin yarışda 3-cü yeri qazandım və çox sevinirdim. Böyüklərdə güləş asan deyil,  fiziki güc və  məntiqi taktika tələb edən idman növüdür. 2005-ci ildə  ikinci dəfə Azərbaycan çempionu olanda yığma komandaya daxil oldum. Hal-hazırda da yığma komandanın kapitanıyam.
– İlk məşqçiniz kim olub?
-Üzərimdə çox böyük əməyi olan, peşəkar idmançı kimi yetişməyimdə hər zaman mənə dəstək olan beynəlxalq idman ustası, əməkdar məşqçi, həmyerlimiz Aslan Ağayevin rəhbərliyi altında sərbəst güləşlə məşğul olmağa başlamışam. Bu pilləyə gəlməyimdə öz  əməyimlə yanaşı  daha çox xalqın, ailəmin və məşqçim Aslan Ağayevin  dəstəyi vardır.
– Aslan Ağayevlə tanışlığınız necə olub?
– 2005-ci ildə Azərbaycan çempionu olanda bütün rəqiblərimi məğlub edərək tam üstünlüklə qələbə qazandım. Həmin vaxt Aslan Ağayevlə bərabər bir çox məşqçilər də mənim güləşdə uğur qazanacağıma inanırdılar. İkinci dəfə Azərbaycan çempionu olub heç kimə xal verməməyimə görə  Aslan Ağayev də  gələcək potensialımı artırmaq  üçün hər cür dəstək olacağını bildirərək dedi ki, gəl Azərbaycan bayrağını dünyanın dörd bir yanında zirvələrə qaldırıb xalqımızı, dövlətimizi sevindirək.
– Güləşdəki qələbələriniz qismətdən, yoxsa peşəkar hazırlıqdan asılıdır?
– Hər ikisindən asılıdır. Zəif olsan uduzarsan, o hazırlıqdandır. Güclü ola-ola uduza bilərsən ki, orada qismət rol oynayır. Əslində  hazırlıqdan çox şey asılıdır. Yarışa gərək hazır olasan.  Amma bəzi vaxtlarda idman şansı böyük olmalıdır. İndiyə kimi, heç vaxt asan rəqibim olmayıb. Amma əziyyət, zəhmətlə qazanılan uğurun dadı da başqa olur. Güclüyə qalib gəlməlisən ki, güclü olasan.
– Azərbaycan bayrağını qaldırarkən hansı hissləri keçirirsiniz?
– Himnimizin sədaları altında  Azərbaycan bayrağını yüksəyə qaldıranda bütün zal ayağa qalxır. Bu hissi sözlə ifadə edə bilmərəm. Gərək onu yaşayasan. İkinci dəfə Avropa çempionu olanda cənab Prezident İlham Əliyev də orda iştirak edirdi. Bu həm məsuliyyətimi artırırdı, həm də böyük qürur hissi keçirirdim. Bayraq zirvəyə qalxanda hətta gözlərin də yaşarır.
-2016-cı ildə Prezident İlham Əliyevlə görüşünüzdən bir qədər danışın
– Qazandığım medallar bu gün idmana göstərilən qayğının bariz nümunəsidir. 2016-cı ildə Olimpiadada 3-cü yeri qazanmışdım. Həmin yarışa çox güclü hazırlaşmışdım və özümü yaxşı hiss edirdim. Olimpiada dörd ildən bir keçirilir. Bu da hər idmançıya qismət olmur. Cənab Prezidentlə orda görüşəndə məni təbrik edərək dedi ki,ailəmlə sənin yarışına baxdım. Sən ən azından finalda olmalı idin. Bu sözlər məni qürurlandırdı.Olimpiada idmanın şahıdır.  Var gücümlə çalışıram ki, iştirak edəcəyim 3-cü olimpiadanın qalibi olum.
 – Astarada sərbəst güləşin daha da inkişafı üçün hər hansı bir təşəbbüsünüz varmı?
–  Aslan müəllimlə Astarada sərbəst güləşin inkişaf etdirilməsi üçün fikir mübadiləmiz olub. Gələcəkdə rayonda olan idmançılarla məşq etməyi  və onlara dəstək olmağı düşünmüşük. İdmanın hər bir sahəsində rayonumuzdan idmançılarımızın uğurlarını görəndə çox sevinirəm.
-Cəbrayıl Həsənov üçün 30 saniyə  nə deməkdir?
 –  30 saniyə həm qalibiyyət, həm də məğlubiyyətdir. 30 saniyə biz güləşçilər üçün çox çətindir. Son yarışda dünya çempionatında taktikanı elə qurmuşdum ki, son saniyələrdə xal alım. Amma o da işimə yaramadı.
– Ümumiyyətlə, gündəlik rejiminizi necə qurursunuz ona necə əməl edirsiniz?
– Pəhrizdən  uzağam. Astaraya gələndə zəngin mətbəximizi görəndə pəhriz  sözü belə yadımdan çıxır. 8-də yemək vaxtı başlanır  9-un yarısında bitir. 11-də isə məşqimiz başlayır. Yarış qabağı daha çox rejimə diqqət edirəm.
– Boş vaxtınız olanda nə ilə məşğul olursunuz?
– Böyük yarışlardan sonra 10-15 gün boş vaxtım olur. Uşaqlıqdan futbola həvəsim olduğu üçün istirahət vaxtlarımda hər gün futbol oynayıram.
– Özünüzə hansı qadağaları qoymusunuz?
 –  Yarışlara hazırlaşdığım zaman dostlarla görüşməyi və futbol oynamağı özümə qadağan qoymuşam.Tüstülü yerlərdə olmaq idmançıya çox ziyan olduğundan belə yerlərdən uzaq oluram.
  – Arzularınız və gələcək planlarınız barədə fikirlərinizi bilmək istərdik.
– 2012-ci ildə olimpiadaya gedəndə cənab Prezident mənə dedi ki, Cəbrayıl Həsənov, səndən medal gözləyirəm. Ondan sonra hər zamankından daha çox çalışıb vətənə medallarla dönmək, bayrağımızı zirvələrdə dalğalandırıb, Azərbaycan himnini xarici ölkələrdə səsləndirmək bütün idmançılar kimi mənim də əsas məqsədimdir.
– Qadınları idmanda görürsünüz?
– İdmanda uğur qazanan çoxlu xanımlar var. Qadın zərif varlıqdır. Amma idman qadınlar üçün çox çətindir. Orda daha çox güc tələb olunur.
– Gün ərzində məşqə ayırdığınız vaxt nə qədərdir?
–  Məşq toplanışları olanda  5-6 saat məşqə sərf olunur.
 –  Komandanın kapitanı olmaq məsuliyyəti necədir?
– Deyərdim ki, çox böyük məsuliyyətdir və  yarışlarda isə  ikiqat məsuliyyətdir. Çünki sən qalib gəlməlisən ki, komandan səndən güc, ilham alsın. İdmançıları yarışda dəstəkləmək, başa salmaq , həvəsdən düşməyə qoymamaq və sairə işləri də kapitan edir.
Qələbə sevincini ilk kiminlə paylaşırsınız?
– Müəllimim Aslan Ağayevlə paylaşıram. Məşqimi də o keçir, yarışda da yanımda olur, bütün məsələlərdə  birinci onunla paylaşıram.
–  Övladlarının idmançı kimi gömək istəyirsənmi?
– Əlbəttə. İdmanda böyük uğur var. Oğlum güləşi sevir, mən isə onun futbolçu olmasını istəyirəm. Amma həm güləşdə, həm də futbolda özünü sınaması üçün ona şərait yaradacağam.
– Son olaraq nə demək istərdiniz?
Mənə dəstək olan hər kəsə, Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayvə təşəkkürümü bildirirəm. Çalışacağam ki, mənə olan inamı hər zaman doğruldum.
 Nicat Raufoğlu
Astarainfo.az