Mən Ona özüm qədər inanıram.
Heydər ƏLİYEV
Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri Natiq Əmirovun dövlətimizin başçısı İlham Əliyevin 15 illik prezidentlik fəaliyyəti dövrünün yekunlarına həsr olunmuş məqaləsində ölkənin sosial-iqtisadi inkişafı sahəsində qazanılmış möhtəşəm uğurlardan, həyata keçirilən köklü islahatlardan söhbət açılır. Astarainfo.az AZƏRTAC -a istinadən məqaləni təqdim edir.
X X X
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada dövlətin, biznesin və əhalinin maraqlarının harmoniyasına söykənərək, meqalayihələrin qovşağı, sivilizasiyaların dialoqu aparılan dayanıqlı və sistemli inkişaf edən bir ölkə imicini qazanmışdır. Ulu öndər Heydər Əliyevin tövsiyələrinə uyğun olaraq İlham Əliyev Azərbaycan xalqının multikulturallığını, tolerantlığını və tarixi ənənələrini, zəngin təbiətimizin biomüxtəlifliyini və intellektual potensialımızı müstəqil dövlətimizin parlaq inkişafı üçün zəminə çevirmişdir. Heydər Əliyev kursu dövlətçiliyimiz və milli iqtisadiyyat üçün alternativsizdir. Prezident İlham Əliyev məhz Ulu Öndərin zəngin irsinə əsaslanaraq müdrik lider kimi Azərbaycan dövlətini qlobal və regional trendlərlə uzlaşdırmaqla, təlatümlərlə dolu dünyamızda məharətlə idarə edir.
Azərbaycan dünyanın ən islahatçı ölkəsidir
2016-cı ildə Prezident İlham Əliyev Azərbaycanda post-neft dövrünü elan etməklə yanaşı, həm də yeni inkişaf strategiyası barədə fikirlərini bildirərək demişdir: “Biz gələcək iqtisadi fəaliyyətimizi, siyasətimizi yeni iqtisadi model üzərində aparacağıq və əminəm ki, yaxın zamanlarda daha da böyük nəticələrə nail olacağıq”.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin” təsdiqlənməsi ilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli tədbirlərin həyata keçirilməsi sürətlənmiş, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaradılmış, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması prioritet seçilmişdir. Təsadüfi deyil ki, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard Azərbaycanın yeni nəsil iqtisadi islahatlarla düzgün iqtisadi siyasət yürütdüyünü və onun xarici şoklara cavab verəcəyini bildirmişdir. Cənab Prezidentin həyata keçirdiyi bu iqtisadi islahat kursu barədə xanım Laqardın proqnozu çox qısa zaman kəsiyində özünü doğrultmuşdur.
Yeni nəsil iqtisadi islahatların əsas istiqamətləri bunlardır:
1. Biznes mühitinin daha da təkmilləşdirilməsi;
2. İnstitusional və struktur islahatları;
3. Biznes təşviqlərinin genişləndirilməsi, vergi yükünün biznesin optimal gəlirliliyinə hədəflənərək müəyyənləşdirilməsi;
4. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi.
2015-ci ilin sonlarından başlayaraq neft gəlirlərinin kəskin azalması və ticarət partnyorlarımızda resessiya kimi xarici şokların təsiri altında Azərbaycan iqtisadiyyatının ilk növbədə immunitetini gücləndirmək və dayanıqlı inkişafını təmin etmək üçün müəyyən edilmiş kurs artıq nəticələrini verməkdədir. Ölkədə sahibkarlığa dəstək məqsədilə biznesə başlama, lisenziya və icazələr, yoxlamalar, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyişlər müşahidə olunur. Dünya Bankının “Doing Business 2019” hesabatına görə Azərbaycanın dünyada ən islahatçı ölkə elan edilməsi Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin təntənəsi olmaqla, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə ən yüksək hədiyyələrdən biridir.
2017-ci il və 2018-ci ilin ilk 4 ayında təkcə “Doing Business” hesabatı üzrə 30-a yaxın qanunvericilik aktı qəbul edilməklə 70-dən çox islahat tədbiri həyata keçirilmişdir. Hesabata əsasən Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmaqla, MDB-də lider mövqeyinə yüksəlmiş, BRİCS ölkələrinin hamısını, G20 ölkələrinin isə hər dörd ölkəsindən üçünü üstələmişdir.
Cənab Prezidentin təşəbbüsü ilə yaradılan sənaye parkları, aqroparklar, texnoparklar, sənaye məhəllələri, xaricdə ticarət evləri, ixrac missiyaları, Azexport.az portalı və ixracın subsidiyalaşdırılması kimi yeni təşviq mexanizmləri, investisiya təşviqi sənədinin tətbiqi bir tərəfdən sahibkarların xərclərini azaltmış, digər tərəfdən isə biznesin idarəedilməsini daha da təkmilləşdirmişdir.
Ötən dövr ərzində dövlətin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olan əhalinin qida məhsulları ilə etibarlı təminatı sahəsində də bir sıra nəticəəsaslı mühüm islahatlar həyata keçirilmişdir. Ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq məqsədilə qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə nəzarəti həyata keçirən vahid orqan – Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlamışdır.
Səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunması da cənab Prezident tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olmuşdur. Səhiyyə xidmətlərinin müasir tələblərə uyğunlaşdırılması, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarla təkmilləşdirilməsi və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi mexanizmi kimi beynəlxalq təcrübədə özünü doğrultmuş icbari tibbi sığorta sistemi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və iştirakı ilə ölkənin bir sıra regionlarında pilot layihə olaraq həyata keçirilməyə başlamışdır. Pilot layihənin uğurlu nəticələrinə əsaslanaraq cənab Prezident tərəfindən 2018-ci ildə imzalanmış müvafiq Fərmanla dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB-in) tabeliyinə verilmiş və sistemin 2020-ci ildən başlayaraq bütün ölkə üzrə tam tətbiqi nəzərdə tutulmuşdur.
Aparılan institusional islahatların qayəsində dövlət xidmətlərinin “bir pəncərə” sistemi ilə təqdim edilməsi, rəqəmsallaşma, operativlik, insan amilinin rolunun minimuma endirilməsi, səmərəlilik, vətəndaş məmnunluğu və şəffaflıq, bir sözlə, “effektiv idarəetmə” prinsipi dayanır. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda “effektiv idarəetmə” və “açıq hökumət” prinsipləri uğurla tətbiq edilir.
“ASAN xidmət” brendinin BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülməsi və “idarəetmənin Azərbaycan modeli” olaraq müxtəlif ölkələrdə təhlil və tətbiq edilməsi bunun əyani sübutudur. İdarəetmənin asanlaşdırılmasının davamı olaraq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi, DAİM (Dövlət Aqrar İnkişaf Mərkəzləri) və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsi yaradılmışdır. Mütərəqqi beynəlxalq təcrübə əsas götürülməklə, Azərbaycanda “Elektron hökumət”in əhatə dairəsinin genişləndirilməsi “bir pəncərə” (one-stop shop) prinsipindən 24/7/365 (non-stop shop) prinsipinə keçidi tam təmin etməkdədir.
İslahatların digər mühüm bir qolu kimi fiskal və monetar siyasətin uzlaşdırılması, biznes mühitinin sağlamlaşdırılması, maliyyə-bank sisteminin etibarlılığının artırılması, ümumilikdə makroiqtisadi sabitlik və dayanıqlı inkişafın təmin edilməsi məqsədilə cənab Prezident tərəfindən qabaqcıl beynəlxalq təcrübə əsas götürülməklə qısa müddətdə manatın sabitliyinin təmin olunması, inflyasiyanın idarəedilən həddə saxlanılması, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi, bank sisteminin etibarlılığının artırılması və sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının sadələşdirilməsi istiqamətində mühüm qərarlar qəbul edilmiş və tədbirlər həyata keçirilmişdir. Xarici şokların Azərbaycan iqtisadiyyatında yaranmış müvəqqəti təsirlərini neytrallaşdırmaq üçün ölkə başçısı tərəfindən müəyyənləşdirilən və uğurla həyata keçirilən makroiqtisadi koordinasiya fiskal dayanıqlığı təmin etməklə yanaşı, bu sahədə normativ hüquqi bazanın qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha da təkmilləşdirilməsinə zəmin yaratmışdır.
2018-ci ildə cənab Prezident tərəfindən effektiv büdcə qaydası, ortamüddətli xərclər çərçivəsi, dövlət borcunun orta və uzun müddətli dövrdə idarə edilməsi ilə bağlı mühüm islahat tədbirləri həyata keçirilmişdir. Bu islahatların nəticəsi olaraq 2019-cu ilin dövlət büdcəsi yeni büdcə qaydasının tələbləri çərçivəsində tərtib edilmiş, makroiqtisadi sabitliyə və dayanıqlı inkişafa hesablanmışdır.
Eyni zamanda, biznes kreditlərinə zəmanət mexanizminin formalaşdırılması, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin yaradılması və özəl kredit bürolarının fəaliyyətinin təşkili makroiqtisadi sabitliyin digər mühüm bir komponenti – bank sektorunun sağlamlığını daha da gücləndirmişdir.
Xüsusilə qeyd olunmalıdır ki, cənab Prezidentin iqtisadi islahatlar kursunun bir sıra özəllikləri vardır. Birincisi, islahatlar biznes, elm, yerli və beynəlxalq ictimaiyyət nümayəndələrinin, bir sözlə, bütün maraqlı tərəflərin birgə müzakirələri nəticəsində hazırlanır. Belə hərtərəfli və inklüziv yanaşma ictimai-siyasi, iqtisadi və sosial tarazlığı qorumaqla, islahatın uğurunun ilkin şərtidir. İkincisi, islahatların monitorinq və qiymətləndirmə sistemi qurulmuşdur ki, bu da şəffaflıq və hesabatlılığı təmin edir. Üçüncüsü, islahatlar fundamental xarakter almış və təkamül prosesinə çevrilmişdir. Dördüncüsü, post-neft dövründə Azərbaycanda iqtisadi inkişafın əsas təkanvericisi sistemli və elmi əsaslandırılmış iqtisadi islahatlardır. Beşincisi, islahatlar dördüncü sənaye inqilabı, yaşıl iqtisadiyyat və qlobal istiləşmə kimi qlobal trendlər nəzərə alınaraq həyata keçirilir. Belə sistemli yanaşma aparılan islahatların uğurlu nəticələrinin əsasını təşkil edir.
İnsan kapitalının inkişafı strateji hədəfimizdir
Dördüncü sənaye inqilabının tələblərini nəzərə almaqla, Azərbaycan yeni texnologiyaların inkişafına uyğun şəkildə ixtisasların və bacarıqların artırılması, habelə yeni biznes modellərin tətbiqini önə çəkir. Bu siyasət dünyada “bilik iqtisadiyyatı”ndan “bacarıqlar iqtisadiyyatı”na sürətli keçidi ehtiva edir. İnsan kapitalına sərmayə, sosial müdafiə, layiqli iş yerləri, təhsil-elm-biznes üçbucağının inkişafı, inklüzivlik və gəlirlərin mobilizasiyasını özündə təcəssüm etdirən tezislər ayrı-ayrı strateji yol xəritələrində, o cümlədən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə və “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda öz əksini tapmışdır. Hazırda Azərbaycan Dünya Bankı tərəfindən hesablanan “İnsan kapitalının inkişafı indeksinə” görə MDB-də ilk üçlüyə daxildir və cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi illərdə əhalinin orta illik artım sürətinə görə Azərbaycan Avropada lider mövqeyə yüksəlmişdir. Ölkədə doğulanların sayının ölənlərin sayından üç dəfə çox olması sosial rifahın yüksək səviyyəsindən xəbər verir. 2003-2017-ci illərdə minimum aylıq əməkhaqqının məbləği 14,4 dəfə, orta aylıq əməkhaqqı məbləği 6,8 dəfə, əmək pensiyasının orta aylıq məbləği 11,3 dəfə artmışdır.
Əhalinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə ünvanlı sosial yardım sistemi ilə paralel olaraq əhalinin özünüməşğulluq sisteminə mərhələli keçid də dəstəklənir. Təsadüfi deyil ki, cənab Prezidentin rəhbərliyi illərində ölkəmizdə iki milyondan çox yeni iş yeri yaradılmışdır və bunun da böyük əksəriyyəti daimi olmaqla regionların və qeyri-neft sektorunun payına düşür. Dövlətin sosial infrastrukturun (xüsusilə, təhsil və səhiyyə sahəsində) inkişafında mühüm rolu sosial rifahın maddi əsasını təşkil edir.
Cənab Prezidentin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi, mədəni və ictimai-siyasi islahatların ən fəal iştirakçılarından biri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müəllifi olduğu və bilavasitə rəhbərliyi altında həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Diabetli uşaqlara ən yüksək qayğı” proqramları, “Tolerantlığın ünvanı – Azərbaycan”, “Təhsilə dəstək” layihələri, habelə əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edən və xalqımız tərəfindən böyük rəğbət və razılıqla qarşılanan digər proqram və layihələr bu sahədə bir sıra problemlərin aradan qaldırılmasına zəmin yaratmışdır.
Bütövlükdə yuxarıda qeyd olunan tədbirlər nəticəsində ölkədə təhsil və səhiyyə islahatlarının sistemli xarakter alması insan inkişafı indeksinə böyük töhfə vermişdir. Beləliklə, cənab Prezident tərəfindən demoqrafiya qanunlarının ölkənin kompleks iqtisadi inkişafı xətti ilə uzlaşdırılmasına əsaslanan sistemli yanaşmanın tətbiqi sosial bazar modelinin uğurlu nümunəsini göstərir. Azərbaycanda dövlətlə vətəndaş arasında sosial anlaşma, inklüzivlik və dialoq mühiti mövcuddur. Davos İqtisadi Forumunun apardığı sorğuların nəticələrinə görə, “Siyasətçilərə ictimai etimad” adlanan kateqoriyada Azərbaycanın dünyada 20-ci yerdə olması iqtidarla xalq arasında böyük etimadın və vəhdətin əyani göstəricisidir. Prezident İlham Əliyev dəfələrlə bildirmişdir ki, ölkədə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsi və eyni zamanda, iqtidarın apardığı siyasətdir. İlham Əliyevin lider portretini tamamlayan əsas cizgilərdən biri onun xalqdan güc almasıdır.
Aparılan siyasətin daha bir mötəbər nəticəsi bir tərəfdən Azərbaycanın “Doing Business” hesabatına görə dünyada “ən islahatçı ölkə” statusuna yüksəlməsi, digər tərəfdən isə Azərbaycanın inkişaf etməkdə olan ölkələr sırasında inklüziv (hərtərəfli) inkişaf indeksinə görə üçüncü yeri tutmasıdır. Xüsusilə, Avropanın təcrübəsi göstərir ki, aparılan iqtisadi islahatların ağırlığı əsasən əhalinin üzərinə qoyulur və beləliklə, sosial, bəzən isə siyasi gərginlik artır. Azərbaycanda isə iqtisadi islahatlar və sosial rifah arasında “qızıl orta” tapıldığından, balanslı yanaşma iqtisadi artımı iqtisadi inkişafa çevirir və harmoniya pozulmur.
İnsan kapitalının inkişafında idmanın xüsusi əhəmiyyəti vardır. Azərbaycan bu gün dünyada həm də bir idman ölkəsi kimi tanınır. Ölkədə keçirilən ilk Avropa Oyunları, 42-ci Dünya Şahmat Olimpiadası, qadınlar arasında voleybol üzrə Avropa çempionatı, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 Avropa Qran-Prisi və digər idman tədbirləri ilə Azərbaycan bütün dünyanın diqqət mərkəzindədir.
Yeni inkişaf drayverləri
2015-ci ilə qədər Prezident İlham Əliyevin rəhbərliyi ilə üç dəfədən çox böyümüş iqtisadiyyatı post-neft dövründə belə bir baza əsasında yenidən davamlı inkişaf xəttinə çıxarmaq tarixi bir missiya idi. Cənab Prezidentin həyata keçirdiyi islahatların nəticəsi olaraq:
1.2016-2017-ci illərdə Azərbaycan iqtisadiyyatı xarici şokların mənfi təsirindən uzaqlaşdı və sabitləşdi;
2. 2017-ci ilin sonundan başlayaraq şaxələnmə və yeni hərəkətverici qüvvələr hesabına inkişaf xətti bərpa edildi.
2018-ci ildən başlayaraq əsas hədəf dünya iqtisadiyyatına daha çox inteqrasiya etməklə rəqabət qabiliyyətinin artırılmasına nail olmaqdır. Azərbaycanda post-neft dövrü üçün iqtisadiyyatın əsas inkişaf drayverləri bunlardır:
• Qeyri-neft sənayesi (neft-kimya, polad, alüminium, ərzaq, müdafiə sənayesi və s.);
• Aqrar sahə (pambıq, tütün, kartof, meyvə-tərəvəz, üzüm və s.);
• Xidmət sektoru (turizm, nəqliyyat, logistika, İKT, kosmik xidmətlər və s.);
• Tikinti.
Azərbaycan dördüncü sənaye inqilabının çağırışlarına cavab verir
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə sənayenin üstün artımı təmin edilmişdir. Real ifadədə sənaye 3,9 dəfə və qeyri-neft sənayesi isə 2,6 dəfə böyümüşdür. Bakı Qafqazın ən iri sənaye şəhəri statusunu daha da möhkəmləndirmişdir. Hazırda sənayenin strukturunda hasilatdan emala keçid müşahidə edilir. Sənaye məhsulunun ümumi həcmində özəl sektorun payı artaraq 56,8 faizdən 80,0 faizə çatmışdır. Azərbaycanda bir tərəfdən sənaye xammalının hasilatı və metallurgiya, digər tərəfdən isə emal sənayesi (məsələn, avtomobil və müdafiə sənayesi) inkişaf etdirilir. Beləliklə, sənayedə dəyər zənciri üzrə bütün mərhələlər – upstream, midstream və downstream – əhatə olunur.
Sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması, enerjidən səmərəli istifadə edən və yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi məqsədilə 2014-cü il ölkə başçısı tərəfindən “Sənaye İli” elan edilmişdir. Bu çərçivədə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilmişdir.
Yeni sənaye müəssisələrinin yaradılmasının dəstəklənməsi və yerli sənaye sahələrinə investisiyaların cəlb olunmasının təşviq edilməsi məqsədilə cənab Prezident tərəfindən 2017-ci ildə imzalanmış müvafiq fərmanlarla investisiya təşviqi mexanizmi yaradılmış, sənaye istehsalı ilə məşğul olan hüquqi şəxslərin və fərdi sahibkarların vergi və gömrük güzəştləri əldə etməsi üçün əlverişli şərait yaranmışdır. Cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış sənaye parkları və məhəllələrində xammalın və yarımfabrikatın son məhsula çevrilməsi sayəsində neft-kimya, tullantıların emalı, gəmiqayırma, toxuculuq, trikotaj və digər sənaye sahələri sürətlə inkişaf etdirilir. Azərbaycanda ənənəvi sənaye sahələrinin bərpası ilə yanaşı, əvvəllər mövcud olmamış hərbi sənaye, kosmik və alternativ enerji sahələri yaradılmışdır və bu istiqamətdə işlər davam etdirilməkdədir. Artıq Azərbaycanın süni peykləri xidmət ixracından ölkəyə milyonlarla ABŞ dolları gəlir gətirilməsini təmin edir.
Azərbaycanın Türkiyədə neft-kimya kompleksinə sərmayələri və SOCAR Polimerin fəaliyyətə başlaması ilə Xəzər dənizinin sahilindən başlayaraq Gürcüstan üzərindən Aralıq dənizi hövzəsinə qədər uzanan neft-kimya sənaye qovşağı formalaşır. Cənab Prezidentin uzaqgörən sənaye siyasəti nəticəsində yaranan bu kompleks regionun geoiqtisadiyyatını yenidən formalaşdırır. Azərbaycan indi təkcə xam neftin deyil, həm də yüksək keyfiyyətli neft-kimya məhsullarının ixracını həyata keçirməklə daha çox dəyər qazanır və strateji mövqelərini gücləndirir.
Aqrar siyasət: ərzaq təhlükəsizliyi və rəqabət qabiliyyəti
Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən aqrar islahatların birinci mərhələsində Azərbaycan kəndlisinin çoxəsrlik arzusu reallaşmış və o, torpağın həqiqi sahibinə çevrilmişdir. Məhz bu uğurlu islahatlar nəticəsində aqrar sahə böhranlı vəziyyətdən çıxmış, ərzaq təhlükəsizliyi və sektorun rəqabət qabiliyyəti yüksəlmişdir.
Ulu Öndərin siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin 2003-cü ildən etibarən təsdiq etdiyi bir sıra mühüm proqramlar və həyata keçirdiyi digər tədbirlər ilə aqrar sahədə islahatların ikinci mərhələsi başlanmışdır. Aqrar islahatların ikinci mərhələsi çərçivəsində kənd təsərrüfatı sahəsinə dövlət dəstəyinin verilməsi mexanizmləri formalaşdırılmış, fermerlərə güzəştli şərtlərlə aqrotexniki xidmətlərin göstərilməsi təşkil edilmiş, məhsul istehsalçılarının texnika ilə təminatı və heyvandarlığın cins tərkibi yaxşılaşdırılmış, aqrar sahədə istehsal olunan məhsulların tədarükü mexanizmi yaradılmışdır. Bu müddətdə “Aqrolizinq” ASC tərəfindən ölkəyə 42 mindən çox texnika, 35 mindən çox damazlıq heyvan gətirilərək güzəştli şərtlərlə istehsalçılara lizinqə verilmiş və ya satılmışdır.
Məhz aqrar islahatların ikinci mərhələsi çərçivəsində görülən tədbirlər nəticəsində 2003-2017-ci illər ərzində Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının real artımı ümumilikdə 166,4 faiz olmuşdur. Hətta qlobal iqtisadi proseslərin təsiri ilə 2016-cı ildə ölkədə ümumi iqtisadi artım zəifləsə də, kənd təsərrüfatı sahəsində artım müşahidə edilmişdir. Belə ki, kənd təsərrüfatı sahəsi üzrə artım 2015-ci ildə 6,6 faiz, 2016-cı ildə 2,6 faiz, 2017-ci ildə 4,2 faiz, 2018-ci ilin 11 ayının nəticələrin görə isə 4,6 faiz olmuşdur. Beynəlxalq qurumlar tərəfindən aparılan qiymətləndirmə də göstərmişdir ki, 2003-2016-cı illər ərzində Azərbaycanda kənd təsərrüfatı sahəsinin real artım göstəricisi dünya üzrə müvafiq orta göstəricidən, habelə region ölkələrinin müvafiq göstəricisindən yuxarı olmuşdur. 2003-cü illə müqayisədə 2017-ci ildə ölkədən ixrac olunan kənd təsərrüfatı məhsullarının dəyəri 6,3 dəfə artmışdır. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, 2018-ci ilin 11 ayı ərzində Azərbaycandan meyvə-tərəvəz ixracı 495 milyon ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz çoxalmışdır. Bu müddətdə pambıq lifinin ixracı 2,5 dəfə, pambıq ipliyinin ixracı isə 44 faiz artmışdır. Göründüyü kimi, aqrar islahatların müasir mərhələsi kənd təsərrüfatının yüksək əlavə dəyər yaradan ənənəvi sahələrinin inkişafı baxımından da əlamətdar olmuşdur.
Ümumilikdə, yerli istehsal potensialından daha səmərəli istifadə edilməsi və rəqabətqabiliyyətliliyin artması hesabına ölkəmizin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi də əsaslı şəkildə yüksəlmişdir. Azərbaycan artıq bir çox ərzaq məhsulları ilə özünü tam təmin edir. Nüfuzlu beynəlxalq qurumların hesabatlarına əsasən son illər ərzində ölkəmizin ərzaq təhlükəsizliyi göstəricisi əsaslı şəkildə yüksəlmişdir.
Qarşıdakı illərdə cənab Prezidentin rəhbərliyi ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində aqrar sahədə daha böyük uğurlara nail olunacağı da şübhəsizdir.
Azərbaycan Avrasiyanın nəqliyyat-logistika qovşağıdır
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə 3,1 dəfə böyümüş nəqliyyat sektoru təkcə Azərbaycan üçün deyil, bütövlükdə Avrasiya regionu üçün nəqliyyat-logistika xəritəsinin yeni şəkil almasına gətirib çıxarmışdır. Xəzər dənizi akvatoriyasında ən böyük və müasir liman kompleksi olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ətrafındakı Xüsusi İqtisadi Zona və Bakı Gəmiqayırma Zavodu Xəzərin bütün perimetri üzrə liman infrastrukturunun və su nəqliyyatının inkişafına stimul yaratmışdır. Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və dəstəyi ilə reallaşan “Dəmir İpək Yolu” adlanan Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsi Böyük İpək Yolunun Xəzər dənizi, Aralıq dənizi və Qara dəniz arasındakı intermariumda bərpasını təmin etmişdir. Hava nəqliyyatı üzrə Bakı, Gəncə, Zaqatala, Naxçıvan, Lənkəran və Qəbələdə yeni aeroportlar tikilərək istifadəyə verilmişdir. Prezident İlham Əliyevin son 15 ildə həyata keçirdiyi meqalayihələr və iqtisadi diplomatiya sayəsində Azərbaycan dünyada yeganə ölkədir ki, okeana birbaşa çıxışı olmadan nəqliyyat-logistika habına çevrilmişdir. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin Azərbaycanda kəsişməsi ölkəmiz üzərindən bir neçə modifikasiyada Çin-Avropa, Orta Asiya-Qara dəniz hövzəsi, İran-Rusiya, İran-Qara dəniz hövzəsi, Hindistan-Şimali Avropa, Orta Asiya-Avropa kimi marşrutlar cızmışdır. Bununla yanaşı, Rusiya Federasiyası ilə İran İslam Respublikasının dəmir yolları sistemi Şimal-Cənub dəhlizi üzrə inşa edilən Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu vasitəsilə birləşəcəkdir. Bu dəmir yolu xətti ilə Fars körfəzi sahilindəki Bəndər-Abbas limanına daxil olan mallar Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən keçməklə Rusiyaya və oradan da Avropaya daşınacaqdır.
Azərbaycan bir tərəfdən nəqliyyat-logistika infrastrukturunu təkmilləşdirdiyi halda, digər tərəfdən strateji tərəfdaşları ilə tariflərin və prosedurların unifikasiyası, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində özəl sektorun iştirakı ilə daha böyük yük və sərnişin dövriyyəsinin formalaşmasına nail olmuşdur. Avrasiyanın ən iri güc mərkəzləri Avropa İttifaqı, Türkiyə, Rusiya, İran, Hindistan və Çin həmin nəqliyyat xəritəsinin iştirakçısı olmuşlar.
Göründüyü kimi, Prezident İlham Əliyevin siyasəti Ulu Öndərin zəngin irsinə, şərq müdrikliyinə, qərb soyuqqanlılığına və rasional texnologiyalara əsaslanır. Bu siyasətin nəticəsi olaraq Azərbaycanın regional qovşağa çevrilməsi ölkəmizin strateji mövqelərinin güclənməsi, nəqliyyat-logistika infrastrukturunun şaxələndirilməsi ilə iqtisadi təhlükəsizliyimizin daha da üst səviyyəyə qalxması, yeni iş yerlərinin yaradılması, iqtisadi artım təmin edilmiş, həmçinin Ermənistanın ətrafında olan iqtisadi və siyasi həlqənin radiusu getdikcə daha çox kiçilmişdir.
Ulu Öndərin əmanəti
Dünya Bankının son hesablamalarına görə, dünyada hər nəfərə düşən sərvətin həcmi 1995-ci ildə 128.921,0 ABŞ dollarından 2014-cü ildə 168.580,0 ABŞ dollarına qədər, başqa sözlə, 31 faiz artmışdır. Azərbaycanda isə bu dövrdə hər nəfərə düşən sərvətin həcminin artım tempi dünyadakı artım tempini 3,5 dəfə üstələməklə 110 faiz olmuşdur. Azərbaycanın əldə etdiyi bu tarixi nailiyyət postsovet məkanında ən yüksək göstəricidir. 1995-2014-cü illərdə Azərbaycan hər nəfərə düşən sərvətin həcmi 100 faizdən daha çox artan nadir ölkələr (Çin, Hindistan, İndoneziya və s.) sırasındadır. 1995-ci il ulu öndər Heydər Əliyevin Ermənistanın təcavüzünün qarşısını almasından, ölkədə ictimai-siyasi və iqtisadi kataklizmlərə son qoymasından sonra dərin islahatlara start verdiyi çıxış nöqtəsi idi. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu alternativsiz kursun nəticəsində Azərbaycanın hər nəfərə düşən sərvəti 2,1 dəfə artmışdır. Cənab Prezident milli sərvətin strukturunda insan kapitalının məhz təbii sərvətlərin hesabına artması kursunu əsas götürmüşdür.
Prezident İlham Əliyev resursla zəngin ölkəmiz üçün “İqtisadi inkişafın Azərbaycan modeli”ni yaratmışdır. Bu model strateji idarəetməyə əsaslanaraq şaxələndirmədən ixtisaslaşmaya, artımdan inkişafa, sosial müqavilədən inklüzivliyə, təbii resurslardan insan kapitalına, sabitlikdən tərəqqiyə və səmərəlilikdən faydalılığa keçidi təmin edir. Məhz buna görə də qədirbilən Azərbaycan xalqı Ulu Öndərin hər iki əmanətini – Azərbaycan Respublikasını və onun Prezidenti İlham Əliyevi qoruyur, dəyərini və qədrini bilir.