31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, bütün astaralılara sağlam, firavan həyat, ailə səadəti və xoşbəxtlik arzulayıram. Sizə müstəqil Azərbaycanımızın iqtisadi qüdrətinin artırılması, o cümlədən doğma Astaranın inkişafı, tərəqqisi naminə yeni-yeni uğurlar diləyirəm.
Müstəqillik yollarında inamlı addımlar atan respublikamızın hər yerində sürətli inkişaf göz önündədir. Yola saldığımız hər bir il vətəndaşlarımızın maddi rifah halının yüksəldilməsi, genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, ölkəmizi dünyada tanıdan nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi kimi mühüm tarixi hadisələrlə zəngin olur. Ömrümüzün daha bir ili – 2018-ci il müstəqillik tariximizin uğurlu və əlamətdar ili kimi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin təntənə ilə qeyd olunduğu il kimi çoxəsrlik tariximizə qovuşur.
Hər yeni il ərəfəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız xalqımızın uzunmüddətli ayrılığına son qoyulduğu 31 dekabr tarixini – Milli Həmrəylik Gününü qeyd edirlər.
Dünya azərbaycanlıların birliyi, soydaşlarımızın həmrəyliyi ideyası Ulu Öndər Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü elan olunmuşdur. Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir. Hazırda dünyada davam edən qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, hamımızın doğma vətəni olan Azərbaycan Respublikasında 2018-ci ildə də sosial-iqtisadi artım dinamikası qorunub saxlanmış, müxtəlif sahələri əhatə edən dövlət proqramları və infrastruktur layihələri ardıcıl icra edilmişdir.
Müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu strategiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə siyasi və iqtisadi sabitliyə nail olunmuş, bütün sahələr üzrə köklü islahatlar aparılmış, davamlı sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır.
Əziz həmvətənlər!
Yola saldığımız 2018-ci il Azərbaycan xalqının həyatında tarixi və unudulmaz hadisələrlə zəngin olmuşdur. 11 aprel tarixində ölkəmizin siyasi həyatında böyük əhəmiyyət kəsb edən Prezident seçkilərində xalqımız dönməz iradəsini ortaya qoyaraq müstəqil Azərbaycanımızı inamla inkişafa, tərəqqiyə aparan, ulu öndər siyasətini uğurla davam etdirən möhtərəm cənab İlham Əliyevə səs verməklə Heydər Əliyev ideyalarına sadiqliyini bir daha nümayiş etdirdilər.
Ötən il ölkəmizin müdafiə qüdrəti güclənmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylər davam etmişdir.
Müstəqilliyimizin bərpasından keçən 27 il ərzində respublikamız əsrlərə bərabər inkişaf yolu keçmişdir. Aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin etmiş, sənayenin, kənd təsərrüfatının, turizm sektorunun və neft-qaz sənayesinin inkişafına investisiyaların qoyulması iqtisadi gücümüzü daha da artırmışdır.
Əziz astaralılar!
2018-ci il doğma Astaramız üçün də yaddaqalan olmuşdur. Yola saldığımız ilin sakinlərimiz üçün ən əlamətdar hadisəsi Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən 18 sentyabr 2018-ci ildə tikintisi başa çatdırılmış Ələt-Astara-İran sərhədi avtomobil yolunun açılışı və cənab Prezidentin oktyabrın 15-də Astara rayonuna tarixi səfəridir.
Rayonumuza səfəri zamanı dövlət başçısı Xanbulançaydan Astara şəhərinə çəkilən içməli su xəttinin açılışını edərək müasir memarlıq üslubunda tikilmiş dənizkənarı park-bulvar kompleksində yaradılan şəraitlə yaxından tanış olmuş, görülən işlərə yüksək qiymət vermişdir. Prezident İlham Əliyevin ictimaiyyətin nümayəndələri ilə keçirdiyi səmimi görüş zamanı Astara və astaralılar haqqında dediyi xoş sözlər hər birimizin qəlbini fərəh hissi ilə doldurur.
Cənab Prezidentin səfərdən sonra Astarada sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması, Astara şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci kilometrlik hissəsinin və Astara çayı üzərində körpünün tikintisi məqsədilə müvafiq Sərəncamlar imzalaması bizi hədsiz sevindirir. Xalqımız bizə sabitlik və inkişaf yolu bəxş edən Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə bu yüksək diqqət və qayğıya görə hədsiz minnətdarlıqlarını bildirirlər.
2018-ci ildə rayonda tikinti-abadlıq və quruculuq işləri də sürətlə davam etdirilmişdir. 9 min nəfər əhalinin yaşadığı, 3 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 11 km olan Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolu, Bala Şahağac kənd orta, Siyatük kənd ibtidai məktəbinin, Səncərədi kənd uşaq bağçasının tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, 360 şagird yerlik Burzubənd kənd tam orta məktəbi üçün inşa edilən yeni binanın, Ərçivan qəsəbəsində çəltik dəyirmanının tikintisi davam etdirilir. Yaşayış məntəqələrinin qazlaşdırılması ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq ilin son günlərində rayonun daha bir kəndi, Rinə kəndinin qazlaşdırılması başa çatdırılmış, qazlaşdırma ümumilikdə 85 %-i keçmişdir. Şəhərin prospekt və küçələrində abadlıq-quruculuq, 2018-ci ildə mənzil fonduna daxil olan ictimai-yaşayış binalarında təmir-tikinti işləri görülmüş və bu istiqamətdə işlər davam etdirilir.
Doğma Astaramız gündən-günə inkişaf edir, öz simasını dəyişir, ölkəmizin ən gözəl, yaraşıqlı, füsunkar diyarına çevrilir. Biz Azərbaycanımızın dilbər guşəsi olan Astaranın daha gözəl və füsunkar olması üçün bundan sonra da hamılıqla var qüvvəmizi sərf edəcəyik.
2019-cu ildə qarşıda bizi daha mühüm, daha məsuliyyətli işlər gözləyir. Şəhər, qəsəbə və kəndlərimizdə geniş abadlıq və quruculuq işləri davam etdirilməli, turizm sektorunun inkişafı istiqamətində yeni infrastruktur layihələrin həyata keçirilməsi üçün tədbirlər görülməlidir. Qarşıdakı ildə Astara şəhərinin kanalizasiya sisteminin yenidən qurulması, mədəni-maarif müəssisələrinin inşası, elektrik təsərrüfatının əsaslı təmiri, qazlaşdırmanın başa çatdırılması və bir çox sosial məsələlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
2019-cu ildə rayonumuzda kənd təsərrüfatının bütün sahələrinin geniş şəkildə inkişafının təmin olunması üçün konkret və əməli tədbirlər görüləcəkdir. Xüsusən perspektivli sahələr olan çayçılığın, sitrusçuluğun və çəltikçiliyin inkişaf etdirilməsi üçün bütün qüvvələr səfərbər ediləcək, insanlarımızın torpağa qayıdışı, əhalinin ərzaqla təminatında müstəsna rol oynayan kənd təsərrüfatının, ənənəvi əkinçiliyin inkişafına daha çox önəm veriləcəkdir. Rayonda əkinə yararlı torpaq sahələrindən daha səmərəli istifadə etməli, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafı üçün yaratdığı imkanlardan maksimum yararlanaraq ölkədə ərzaq bolluğuna sanballı töhfələrimizi verməliyik.
Mən rayonumuzun bütün sakinlərinin fədakarlığını və işgüzarlığını yüksək qiymətləndirir və 2019-cu ildə daha böyük uğurlar qazanacağımıza inanıram.
Əziz dostlar!
Sizi bir daha 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il münasibətilə təbrik edir, bütün ailələrə sevinc, xoşbəxtlik, səadət, xalqımıza əmin-amanlıq, firavanlıq diləyirəm! Arzu edirəm ki, yeni ildə bütün Azərbaycan xalqının ən ülvi, ən səmimi, ən müqəddəs arzuları həqiqətə çevrilsin.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...