Əhaliyə səhiyyə xidməti diqqət mərkəzindədir
 Bəyaz ömrün işığında-Reportaj
Deyilənə görə bir ölkənin xoşbəxtliyi, səadəti oranın müəllim və həkimindən asılıdır. Məntiqi açıqlamaya görə müəllim öyrədən, həkim isə yaşadandır.
Qürur duymağa haqqımız var ki, bizim də, peşəsini mükəmməl bilən müəllim və həkimlərimiz həmişə olmuş və bu gün də var…
Əsrə yaxın yaşı olan rayon Mərkəzi Xəstəxanası əvvəllər bərbad, dözülməz şəraitdə olsa belə, orada çalışan tibb işçiləri məsləyinə sadiq olaraq, onlardan imdad diləyən insanlara qayğı ilə yanaşmışlar. Dünyasını dəyişsələr də İsa həkim,  Mirzə həkim, Hüccət həkim, Əli həkim, Tağı həkim, Əliabbas həkim, Camal həkim, Natiq həkim, Rəşid həkim, Mais həkim, Malik həkim, İxtiyar həkim, ƏIibaba həkim, bu gün xatirələrin işığında məhəbbətlə xatırlanırlar.
Təqaüdə çıxan həkimlərdən Bibixanım Məmmədova, Rəhilə Salayeva, Firudin Ağayev, Esmira Əsədova və başqaları harada olursa olsun peşəsinə sadiq olaraq gənc həkimlərdən tövsiyələrini əsirgəmirlər.
Son beş ildə respublikanın bütün bölgələrində yeni xəstəxanalar tikilmiş, istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə əsaslı təmir edilmiş və yenidən qurulmuş xəstəxanalardan biri də Astara Rayon Mərkəzi Xəstəxanasıdır. Yeni il ərəfəsində xəstəxanada olarkən onun daxili, zahiri, həyətindəki müxtəlif bəzək ağaclarından salınmış bağın zövq oxşayan görünüşü bizə xoş təsir bağışladı.
Mərkəzi Xəstəxanada 19 şöbə (Terapiya, Reanimasiya, Mamaginekologiya, Hemodializ, Cərrahiyə, Laboratoriya, Poliknika) fəaliyyət göstərir. 120 çarpayılı xəstəxanada 52 həkim, ümumilikdə 500 tibb işçisi çalışır. Həkimlərdən ikisi cərrah Cahangir Əliyev və dermotoloq Fuad Səmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişlər.
Müsahibim  1993-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirmiş, poliknikanın şöbə müdiri Gülnar Muxtarovadır:
-Gülnar həkim, xoş gördük, İlin sonun xəstəxananın bu günü ilə bağlı nə demək istərdiniz?
-Əvvəla, bizə vaxt ayırdığınıza görə tibb işçilərimizin adından Sizə təşəkkürümüzü bildiririk. 25 il əvvəl xəstəxanada işə başlayarkən xəyalıma gəlməzdi ki, dözülməz şəraitli xəstəxana bu qədər müasirləşə bilər. Tələbə vaxtı təcrübə keçdiyim şəhər xəstəxanalarında gördüyüm tibbi avadanlıqların bu gün çalışdığım xəstəxanada olması tibb işçilərimizi çox sevindirir. İşimizə daha məsuliyyətlə yanaşmağı tələb edir.
-Son vaxtlar Mərkəzi Xəstəxanada mütəmadi xeyriyyə aksiyaları keçirilməsinin şahidi oluruq.
-Əlbəttə elədir, bu il 200-dən yuxarı kiçik yaşlı uşaqlar sünnət edilmiş, 700 nəfər yaşından asılı olmayaraq gözündən müayinə və müalicə olunmuş, 19 nəfər gözdən əməliyyat olunmuşdur. 1000-ə yaxın şəkərli diabetli xəstəyə aparat verilmişdir. Respublikanın yüksək ixtisaslı tibb mütəxəssislərindən ibarət həkim qrupu xəstəxanamızda olmuş, yüzlərlə xəstəni müayinə və müalicə etmişlər. Onu da bildirim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məlum Sərəncamına əsasən həkimlərimiz istər xəstəxanada, istərsə də, müxtəlif yaşayış məntəqələrində xəstələrlə səyyarı görüşlər keçirmiş, onları müayinə, müalicə etmiş və tövsiyələrini vermişlər. 2018-ci ildə xəstəxanada çox işlər görülmüşdür. Hemodializ şöbəsinə diaqnostika avadanlıqları, enerji sistemini tənzimləyən cihaz gətirilmişdir.
-Fürsətdən istifadə edib bir fikrimi də söyləmək istərdim. Kimliyindən asılı olmayaraq xəstəxanaya gələn vətəndaşların   qayğısı ilə maraqlanmaq bizim vəzifə borcumuzdur. Bəzən bəziləri elə haray-həşir salır, hətta hədə-qorxu belə gəlirlər. Axı biz də insanıq, bizimdə əsəblərimiz tarma çəkilə bilər. Onsuz da xəstəxana ilə bağlı bütün işlərə, onların  hüquqların müdafiə olunmasında  məsuliyyət daşıyırıq. Yaxşı olar ki, vətəndaşlar da tibb işçilərini anlasın, yerli-yersiz hay-küy qoparmasınlar.
Gülnar həkim söhbətə görə sağ olun, sizin simanızda bütün tibb işçilərimizi dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə təbrik edir, müvəffəqiyyətlər arzulayırıq.
-Siz də sağ olun, təşəkkürümüzü bildiririk.
P.S həkim ömrünün yaşantılarına bələd olan, şəxs kimi demək istərdim ki, həkimin həyatı həmişə yanar şam kimidir. Şamlarınız həmişə işartılı olsun diləyi ilə Gülnar Əsədli
Foto-Nicat Raufoğlu
 Astarainfo.az