Şahmatın pərəstişkarı
O, hələ uşaq ikən müxtəlif fiqurlu şahmat daşlarına maraqla baxır onlarla oynayırdı. Aylar illərə qovuşduqca balaca Yusif bu sehrli daşlara daha çox bağlanırdı. Bir gün babası Sabir müəllim bu daşların sirrini ona anlatdı….
Kiçik yaşlarından şahmatı öyrənən Kijəbə qəsəbə tam orta məktəbin beşinci sinfində oxuyan Yusif Fətullayev dərslərində əla qiymətlər almaqla yanaşı boş vaxtlarını sevimli şahmat taxtası arxasında keçirir.
Dəfələrlə rayonda yaşıdları arasında keçirilən şahmat yarışlarında ikinci yeri tutmuş və fərqlənmiş Yusif bu yaxınlarda məktəblilərin Salyanda keçirilən zona yarışında birinci yeri qazanmış diplom və fəxri fərmana layiq görülmüşdür.
Onun uğurlu qələbəsinə babası  kimi rayon təhsil şöbəsi eyni zamanda  gənclər və idman idarəsi də sevinmişdir.   Təhsil şöbəsinin müdiri Rəşad Həsənov  balaca şahmatçını fəxri fərmanla təltif edərək hədiyyə ilə mükafatlandırmışdır.
Təbəssümlü, olduqca şən  balaca müsahibimlə söhbət edərkən onun fərəhli danışığından hiss etdim ki, sevinci hədsizdir. Yusif Naxçıvanda, Qusarda, Salyanda keçirilən yarışlardan aldığı təəssüratdan  əlavə bu rayonların özünəməxsus gözəlliyindən xüsusən Naxçıvanın qədim abidələrindən maraqla söhbət açdı.
Polis olmaq arzusu ilə yaşayan müdriklərin oyunu-şahmatdan gözəl baş çıxaran  bu il on yaşını qeyd edən Yusif Fətullayevin sevincinə şərik olaraq xoş arzularımızı bildiririk.
Yusif gələcəkdə məşhur şahmatçı olmasa da inanırıq ki, arzularının qoynunda yaşadığı el-obasının məhəbbətini qazanan uğurları ilə fərqlənən gənclərdən biri olacaq….
Gülnar Əsədli
Astarainfo.az