Fəvvarələr meydanında yanvarın 6-dək davam edəcək xeyriyyə yarmarkası ziyarətçilərlə dolub-daşır
Bir neçə ildir ki, “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası Bakı şəhərinin gözəlliyinə əlavə rənglər qatır. Bu il də bu xeyriyyə yarmarkası eyni adla, eyni məkanda – Fəvvarələr meydanında öz ziyarətçilərini sevindirir.
6 ildir ki, bu yarmarka qapılarını ziyarətçilərin üzünə açır
Dekabrın 1-dən fəaliyyətə başlayan yarmarka “Nargis Fund” tərəfindən həyata keçirilir. 2019-cu il yanvarın 6-dək davam edəcəyi planlaşdırılan tədbirin təşkilatçısı “Amapola Exclusive Events” şirkətidir. Şirkət bu sehrli layihədə öz işinə oktyabrın 25-dən start verib. Bir qrup istedadlı şəxs Yeni il dekorasiyasının hazırlanmasında, yarmarkanın açılış və bağlanış mərasimlərinin təşkilində genişmiqyaslı və fəal iş aparıb.
Layihənin yüksək səviyyədə keçirilməsində “Nargis Fund”-a “Azərişıq” ASC, “Bakı Abadlıq Xidməti” MMC və Pasha Security, eləcə də baş sponsorlar olan “Boutique One”, “Azercell”, “Şamaxı Palace”, “Azərbaycan çayı”, “Berg”, “Balkhoorma”, “Zeytun bağları”, “Muğanbank” və “Coca-cola” dəstək göstərir. Builki xeyriyyə yarmarkasının öz konsepsiyasına görə əvvəlkilərdən daha fərqli və yaddaqalan olacağı gözlənilir.
Hər kəsə məlumdur ki, bu yarmarkadan toplanan vəsait ənənəyə uyğun olaraq, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatlarına sərf edilir. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinlərini isə əyləncəli proqramlar, maraqlı tədbirlər və sponsorlardan hədiyyələr gözləyir.
Yarmarkanın 47 evi var
Fəvvarələr meydanında 47 evcik hazırlanıb. Bu evciklərdə Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyimlər və s. əldə edə, kiçik, rahat kafelərdə çay, kofe, eləcə də digər isti və ya soyuq içkilərdən içə, müxtəlif təamlardan dada bilərsiniz.
Uşaqların, gənclərin, özünü hələ də gənc hesab edənlərin əylənməsi üçün bu məkanda hər şey var. Zövqlü musiqinin fonunda evciklərdən şəhərə yayılan yeməklərin qoxusu, nənələrimizin bir kənarda oturub açdığı lavaşlar, hazırladığı qutablar, bunlarla yanaşı, “Fast food”-lar, balıq-çörək, dönər – yerli və xarici təamların timsalında sanki müasirliklə qədim mətbəximiz məhz bu yarmarkada üz-üzə gəlib. “Soyuq əllər, isti ürək” yarmarkasında ruhumuzu qidalandırmaq üçün də müxtəlif evciklər var. Burada kitab mağazaları, daş-qaşlar, dulusçuluq əsərləri və sair nümunələr sərgilənir.
Biz də qəzetimizin “Gənclik” əlavəsi üçün evcikləri bir-bir gəzərək tanış olduq, təəssüratlar qazandıq.
Ödənişsiz evciklər – gəl bax, şəkil çəkdir, özünlə xatirə apar
Yarmarkanın girişində ilk olaraq “Coca-cola” şirkətinin hazırladığı evciyə qonaq oluruq. Burada qoyulmuş kiçik uşaqlar üçün Şaxta baba, şam ağacı maketləri bir növ qış ab-havası yaradır. Bu maketin qarşısında uşaqlar şəkillər çəkdirir, personallar isə gülərüzlə bütün uşaqlara rəngli eynəklər, Yeni il tacları təqdim edirlər. Evciyin digər hissəsi isə böyüklər üçün nəzərdə tutulub ki, burada müxtəlif çərçivələrdə şəkillər çəkdirmək üçün plakat hazırlanıb. Ən əsası, bütün bunların hamısı ödənişsizdir.
Onu da qeyd edək ki, yarmarkanın girişində və sonunda iki evcik də var ki, bura Qar qız və Şaxta babanın evini xatırladır. İstirahət etmək üçün buraya gələn vətəndaşlar, xaricilər onlarla şəkil çəkdirmək üçün sıraya düzülürlər. Şəkil çəkdirmək isə ödənişsizdir.
Yarmarkanın mərkəzində bəzədilmiş böyük bir şam ağacı var. Gənclər və şəkil çəkdirməyi sevən vətəndaşlar üçün burada hər bir imkan var.
Yarmarkanın ərazisində stol və stullar yerləşdirilib. Kimisi oturub söhbət edir, kimisi də evciklərdə satılan isti və soyuq yeməklərin dadına baxırdı. Evciklərdə satılan təamların qiyməti isə normaldır. Belə ki, kofelərin qiyməti 1 manat 90 qəpikdən, kapuçinolar 2 manat 90 qəpikdən, kakaolar isə 3 manat 90 qəpikdən başlayır.
Meyvə suları isə 3 manat civarındadır. Xanımların elə gözümüzün qabağında bişirib təqdim etdiyi ət qutabının qiyməti 2 manat, göyərtili qutabı isə 1 manatdır.
Közdə qızardılmış qarğıdalılar və ətrafa xoş ətir saçan şabalıdların 120 qramının qiyməti 3 manatdır.
Yarmarkada daha çox “Xırta-Xırt” kartof çipslərinin və türklərin “Balık-ekmek” evciklərinin qabağında növbə var idi. Bir “Xırta-Xırtın” qiyməti 2 manat, balık-çörək 3 manatdır. Kiçik ölçülü ayranlar isə 1 manat civarında satılır.
Bəzi təamlardan daddıqdan sonra evcikləri gəzməyə davam edirik. Bu dəfə isə satıcılarla söhbət etməyə çalışırıq. Bir çoxları mətbuatdan olduğumuzu bildikdə söhbətdən çəkinir.
“Məqsədimiz Azərbaycan çayını satmaq deyil, tanıtmaqdır”
“Loris parfum” evciyinin satıcısı Mirzəxanova Məryəm deyir ki, azərbaycanlılar və ərəblər daha çox parfüm alırlar: “Yarmarkada insanların simasından ruh yüksəkliyi hiss etmək olur. Bu bizim işimizə də öz xeyrini göstərir. Belə ki, parfüm almaq istəyən müştərilərimizin sayı kifayət qədərdir. Bizdə daha çox tanınmış firmalara tələbat var. Gün ərzində normadan yüksək satışlarımız olur”.
Şirniyyat evciyinin satıcısı Taleh Məmmədli ilə söhbət edirik. Deyir ki, yarmarkada azyaşlı uşaqlar şirnilər istəyəndə valideynləri onlara müraciət edir: “Bu yarmarkaya maraq həddindən artıqdır. Vətəndaşlarımızla bərabər, xaricilər də gəlir, şəkillər çəkdirir, videolar hazırlayırlar. Burada əsl bayram ab-havası var. Ruslar, hindlilər, ərəblər bizim şəkərburaları, paxlavaları çox bəyənirlər. Bizdə şirin və duzlu məhsullar, hətta, pizzamız da var”.
Taleh deyir ki, şirniyyat evciyindəki ən ucuz məhsul – “şirinquş” 50 qəpikdən başlayır. Şəkərparələr və tortlar isə çəki ilədir. Evciyin ən bahalı məhsulu qozlu paxlavalardır. Paxlavanın bir kilosu 18 manatdır.
“Azərbaycan çayı” evciyi soyuq havada yarmarkaya gələn vətəndaşlara isti çay təklif edir. Milli geyimli qızlar samovar çayını ziyarətçilərə təqdim edirlər. Ətirli çayların təqdimatından əlavə, onların vitrinə düzülüşü də kənardan vətəndaşları cəlb edir. “Azərçay” şirkətinin satış meneceri Şakir Hacar deyir ki, ərəblər Azərbaycan çayını çox sevirlər: “Məqsədimiz Azərbaycan çayını satmaq deyil, tanıtmaqdır. Bizdən daha çox çayı turistlər alırlar. Yerli vətəndaşlar adətən çaylarını evlərinə yaxın olan marketlərdən alırlar. Xaricilər hətta burdan çay alıb ölkələrinə də aparırlar. Onlara milli geyimlərimiz də çox maraqlıdır. Xanımlarımızla çaylarla şəkil çəkdirirlər”. Bu dükanda ən ucuz çay olan “Xəzər” çaylarının qiyməti 1 manat 70 qəpikdir. Çəkilərinə görə çayların qiyməti də yüksəlir.
Yarmarkada gənclərin daha çox diqqət etdiyi bir köşkə də yaxınlaşırıq. Aydın olur ki, burada dulusçu Arifə Nəcəfəliyeva qədim dulusçuluq sənətini əyani şəkildə göstərir. O, başına yığışanlara sini qabların hazırlanması qaydasından danışırdı: “Hazır qablar insanların diqqətini o qədər çəkməsə də, onların əyani şəkildə hazırlanması daha çox maraq oyadır. Hətta mənim yerimdə oturub işləmək istəyənlər də var. Sadəcə bunun üçün onlara imkan yarada bilmirik. Burada nümayiş olunanlar mənim əl işlərim deyil, türkiyəli sənətçilərin əl işləridir. Burada bir çox sənətçilərin əl işləri satışdadır. Bir qabın hazırlanması orta hesabla saatyarım çəksə də, axıra qədər oturub baxanlar da olur. Daha çox şəkil çəkdirirlər. Bu da məni sevindirir ki, sənətə çox dəyər verirlər. Qiymətlər 3 manatdan 800 manata qədər dəyişir”.
Yarmarka daxili maraqlı səyahətimizin sonunda biz də axına qoşulub, Fəvvarələr meydanını tərk edirik.(Kaspi.az)
Xəyalə Rəis