Ölkəmizdə turizm sahəsinin inkişafına xüsusi önəm verilir. 2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Dövlət Turizm Agentliyi Azərbaycanda turizm siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Regionlarda da turizm sahəsi sürətlə inkişaf etməkdədir. Bunun nəticəsidir ki, Ötən il ölkəmizin cənub bölgəsində olan mehmanxana və mehmanxana tipli obyektlərdə qalan turistlərin ümumi sayı 100 mini ötüb. Onların 15 faizi xarici turistlər olub.
Ölkəmizin cənub bölgəsində turizmin təbliği və təşviqi ilə Dövlət Turizm Agentliyinin tabeçiliyində fəaliyyət göstərən Lənkəran Turizm İnformasiya Mərkəzi məşğul olur. İl ərzində Mərkəz tərəfindən bölgənin turizm potensialının təbliğ və təşviq olunması istiqamətində müəyyən işlər görülüb.
Turizm İnformasiya Mərkəzi tərəfindən Azərbaycan və ingilis dillərində Lənkəranın turizm potensialını əks etdirən nəfis şəkildə hazırlanmış bələdçi kitabı, otellərin kataloqu, turist xəritəsi, bukletlər, təqvimlər müxtəlif sərgilərdə nümayiş olunur. Həmçinin turistlərə təqdim olunmaq üçün Lənkəranda yerləşən mehmanxana və mehmanxana tipli obyektlərə, muzeylərə və Heydər Əliyev Mərkəzinə paylanılıb.
Lənkəranda fəaliyyət göstərən otellərin 2018-ci ildə ilk dəfə olaraq ingilis və rus dillərində kataloqu və turist xəritəsi hazırlanıb. Rayonun turizm məkanları haqqında məlumatlar toplanaraq elektron baza yaradılıb.
Turizm potensialının beynəlxalq səviyyədə təbliği ilə bağlı aprelin 5-7-də Bakıda keçirilmiş turizm və səyahətlər sərgisində Lənkəran layiqincə təmsil olunub. Sərgi çərçivəsində yerli istehsal olan milli suvenirlər, cənub mətbəxi təqdim edilib. Sərgidən sonra cənub bölgəsinin turizm məkanlarına maraq artıb, istirahət və turlarla bağlı müraciətlər olunub. Bir neçə turizm şirkəti ilə əməkdaşlığa başlanılıb. Xarici turistlərin bölgəyə axını çoxalıb.
Ötən ilin iyun-sentyabr aylarında İtaliyanın və İspaniyanın müxtəlif yerlərindən olan turist heyəti Lənkərana səfər edib. Qonaqlar Lənkəranın və ətraf rayonların görməli yerləri, Hirkan Milli Parkı, çay plantasiyası və çay fabriki ilə tanış olublar.
Ekoloji turizm növlərinin araşdırılması və milli parklarda müxtəlif turizm xidmətlərinin təşkili, sağlamlıq və ekstremal turizm növlərinin təbliği və inkişafı məqsədi ilə cənub bölgəsində yerləşən və ekoloji turizm üçün əlverişli imkanları olan Hirkan Milli Parkı ilə əməkdaşlıq davam etdirilib. Milli Parkla birgə turistlər üçün ekoturizm marşrutları üzrə gəzintilər təşkil olunub.
Cənub bölgəsi üçün yeni olan aqroturizmin inkişafı ilə bağlı işlərə də başlanılıb. Bu məqsədlə Mərkəz “Yaşıl Çay”, “Astaraçay” şirkətləri, Kənd Təsərrüfatı Nazirliyinin Lənkəranda fəaliyyət göstərən təcrübə mərkəzi ilə birlikdə bir sıra tədbirlər həyata keçirilib.
Lənkəran rayonunun Haftonu qəsəbəsində yeni müalicə-istirahət kompleksinin inşası, xalça fabrikinin və Lənkəran Olimpiya Kompleksinin istifadəyə verilməsi, atçılıq təsərrüfatının yaradılması cənub bölgəsinin turizm potensialını daha da artırıb. Bütün bunlarla yanaşı, Ələt-Astara beynəlxalq avtomobil yolunun açılışı bölgədə turizmin inkişafında böyük rol oynayacaq.
Hazırda Lənkəran, Lerik, Astara, Masallı və Yardımlı rayonlarını əhatə edən turizm marşrutları fəaliyyət göstərir.(Azərtac)