Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük Postunda olarkən bu məsələlərlə əlaqədar görülən tədbirlərin müsbət nəticələri diqqətimizi cəlb etdi
Gömrük xidməti iqtisadiyyatımızın ən vacib sahəsi kimi
Ulu öndər Heydər Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, “Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir”. Azərbaycan Respublikasının Dövlət Gömrük Xidməti 1992-ci ilin yanvarın 30-da yaradılıb. Gömrük orqanlarında islahatlar, yeniliklərin tətbiqi müsbət nəticələrini verir.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı qeyd etmişdir ki, xüsusilə vergi və gömrük sahələrində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır. Bu sahələrdə sağlamlaşdırma prosesi gözəl nəticələr verir. Bizim maliyyə imkanlarımız genişlənir. Görülmüş işlər, yəni, artıq apardığımız islahatlar bu il də özünü böyük dərəcədə göstərəcək. Burada qeyd olundu ki, gömrük sahəsində aparılan islahatlar nəticəsində biz büdcəmizi böyük dərəcədə artıra bilmişik. Ona görə ki, həm vergi, həm də gömrük sahələrində artıq yeni yanaşma mövcuddur. Yeni icraçılar vəzifəyə gətirildi, rəhbərlikdə dəyişikliklər edildi və hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyan bu qurumlar indi çox yaxşı işləyir, şəffaflıq, dürüstlük təmin edilir.
Müasir gömrüyün inkişaf modelləri bir daha onu göstərir ki, aparılan islahatlar, yeniliklərin tətbiqi, informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə nəticəsində əhaliyə xidmətin səviyyəsi xeyli yüksəlmiş, şəffaflığın və aşkarlığın tam təmin olunmasına real şərait yaradılmışdır. Bu günlərdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük Postunda olarkən, sözün həqiqi mənasında, gömrük orqanlarında aparılan islahatların, yeniliklərin, həyata keçirilən fiskal siyasətin və onun nəticələrinin canlı şahidi olduq.
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük Postunun rəisi, gömrük xidməti polkovniki Hüseyn Məsumov və gömrük postunun əməkdaşları ilə – Kamran Hacıyev, Tural Manaflı və Azər Hüseynovla işgüzar və səmərəli görüşümüz bizdə zəngin təəssürat yaratdı. Bir neçə saat ərzində beynəlxalq standartlara cavab verən, geniş və yaraşıqlı binada yerləşən gömrük postunun bütün ərazisini, idxal-ixrac, sərnişin və nəqliyyat gömrük nəzarət xətti yerləşən məntəqələri və digər xidmət obyektlərini gəzərkən bir daha hər yerdə işə məsuliyyətlə və peşəkarlıqla yanaşıldığının şahidi olduq. Azərbaycan vətəndaşlarının rahat şəkildə gömrük xidmətindən istifadə etməklə İran İslam Respublikasına gediş-gəlişi üçün son dövrdə mühüm yeniliklər tətbiq olunmuşdur. Xəstə, əlil, ahıl yaşlı insanların növbədənkənar gömrük xidmətindən istifadə etmələrinə ciddi diqqət yetirilir. Hətta onların yüklərinin təmənnasız olaraq daşınmasının təşkili böyük razılıqla qarşılanmışdır. Piyada keçid xəttində sıxlıqların tənzim edilməsi üçün bir sıra tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdirilir. Son aylarda əhaliyə göstərilən nümunəvi gömrük xidmətindən razılıq edən sakinlərlə söhbətimiz maraqlı oldu. Astara şəhər sakini, ikinci qrup əlil Qurbanəli Əliyev söhbət zamanı bildirdi ki, sahibkarlıq fəaliyyətimlə əlaqədar tez-tez qonşu ölkəyə getməli oluram. Son aylarda piyada keçid məntəqəsində ciddi qayda-qanun yaradıldığının canlı şahidiyəm. Xüsusən ağsaqqallara, əlillərə, xəstələrə gömrük əməkdaşları tərəfindən ciddi diqqət və qayğı göstərilir. Şəhid ailələri və Qarabağ əlilləri üçün gömrük postunda rahat və əlverişli şərait yaradılmışdır. Qarabağ veteranı Əhliman İsmayılov söhbət zamanı bildirdi ki, şəhid ailəsi və Qarabağ əllilərinə göstərilən qayğını mən öz timsalımda konkret faktlarla göstərə bilərəm.
Astara Azərbaycan Respublikasının cənub sərhədində yerləşən sonuncu yaşayış məntəqəsidir. Gömrük postunun rəisi H.Məsumovun dediyi kimi, xarici ölkədən müstəqil Azərbaycan Respublikasının Astara şəhərinə qədəm qoyan qonaqlar burada yaradılan ən müasir infrastruktur layihələrin həyata keçirildiyinin şahidi olur və müstəqil ölkəmiz haqqında xoş təəssürat əldə edirlər.
Gömrük xidmətində hüquqpozmalara qarşı mübarizə ən mühüm şərtdir
Gömrük xidmətinin əsasını hüquqpozmalara qarşı kəskin və prinsipial mübarizə təşkil edir. Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qeyd etmişdir ki, 2018-ci ildə ölkə ərazisinə gətirilən mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti daha da gücləndirilib, gömrük qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri genişləndirilib. Əməliyyat-axtarış fəaliyyəti istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 747 cinayət xarakterli və 9672 hüquqpozma faktı aşkarlanıb.
Biz Astara Gömrük Postunda hüquqpozmalara qarşı son dövrdə qətiyyətlə mübarizə aparıldığını və onun uğurlu nəticələrini sübut edən konkret faktlarla tanış olduq. Bizə verilən məlumata görə 2018-ci ilin yanvar-dekabr aylarını əhatə edən dövr ərzində Astara Gömrük Postunda 122 cinayət və 653 inzibati xəta faktı aşkar edilmişdir. Cinayət faktlarına görə 102 nəfər Azərbaycan Respublikası, 30 nəfər isə xarici ölkə vətəndaşı məsuliyyətə cəlb edilmişdir. Aşkar olunmuş cinayət faktlarından 115-i qaçaqmalçılıq faktlarına aiddir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 110 fakt qeydə alınmışdır. Bu cinayət faktları üzrə ümumi çəkisi 908 kiloqram 400 qram narkotik vasitə və 842,467 qram psixotrop maddə aşkar edilərək götürülmüşdür.
2018-ci il ərzində qaçaqmalçılıq əşyalarının dəyəri 116 min 462 manat təşkil etmişdir. Aşkar edilmiş 653 inzibati xəta faktına görə 652 fiziki şəxs və bir hüquqi şəxs məsuliyyətə cəlb olunmuşdur. Baxılmış işlər üzrə 42 min 964 manat 28 qəpik cərimə tətbiq edilərək tam şəkildə ödənilməsi təmin edilmişdir. Məhkəmə tərəfindən baxılmış işlər üzrə müsadirə edilmiş malların dəyəri 4302 manat olmuşdur. Ümumiyyətlə, hüquqpozmaların predmeti kimi 194 min 260 ədəd siqaret, 5256 ədəd müxtəlif dərman preparatları 107 min ABŞ dolları, 16300 avro, 38 min Azərbaycan manatı və digər əşyalar aşkar edilərək sənədləşdirilmişdir.
Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə danışan Astara Gömrük Postunun rəisi H.Məsumov gömrük əməkdaşlarının yüksək peşəkarlıq və zəngin təcrübəyə malik olduqlarını və bu sahədə ən müasir avadanlıqlardan və aparatlardan istifadə edilməsinin əhəmiyyətini xüsusi vurğuladı.
Rəhbərliyin qayğısı nəticəsində gecə növbəsində işləyən əməkdaşların növbəli istirahəti təşkil olunmuş, onların istirahəti və dincəlməsi üçün otaqlar yaradılmışdır.
Təhlükəsizlik məsələləri diqqət mərkəzində
Mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin müasir standartlar səviyyəsində həyata keçirilməsi üçün Astara gömrük sərhəd-keçid məntəqəsində xüsusi yoxlama və baxış yerləri ayrılmış, fiziki şəxslər üzərində gömrük nəzarəti zonası müəyyən edilmiş, eyni zamanda, yoxlama prosedurunun keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə mobil tipli müasir yük yoxlama sistemi istifadəyə verilmişdir.
Biz gömrük postunun yerləşdiyi ərazidə idxal-ixrac, sərnişin-nəqliyyat gömrük ixrac xəttində həyata keçirilən müxtəlif təhlükəsizlik tədbirlərini maraqla izlədik. Diqqəti cəlb edən hal o idi ki, fiziki və hüquqi şəxslər, sürücülər, idxal-ixrac əməliyyatı ilə məşğul olanlar bütün yoxlama və sənədlərin hazırlanması şəffaf, tam aşkarlıq şəraitində, heç bir nağd əməliyyat aparılmadan keçirilir. “Bir pəncərə” sisteminin tətbiqi gömrük xidmətindən istifadə edənlərin böyük sevincinə səbəb olmuşdur. Burada bütün əməliyyatlar qısa müddətdə və tam dəqiqliklə yerinə yetirilir.
Gömrük sahəsində hüquqpozmaların, qaçaqmalçılıq hallarının qarşısının alınmasında təhlükəsizlik məsələləri zəruri şərtlərdən biridir. Biz Astara Gömrük Postunda olarkən yüzlərlə müşahidə kameraları vasitəsilə Azərbaycan Respublikasının ərazisinə daxil olanların gömrük və sərhəd məntəqəsinə daxil olandan çıxanadək hər yerdə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə görüldüyünün şahidi olduq. Astara Gömrük Postunun ərazisində mobil gömrük şöbəsinin fəaliyyəti ilə tanışlıq bizdə böyük marağa səbəb oldu. Öyrəndik ki, Azərbaycan Respublikasına gələn tranzit yük nəqliyyat vasitələri respublikanın ərazisini 36 saat müddətində tərk etməlidirlər. Bu müddət ərzində ölkə ərazisində həmin yük nəqliyyat vasitələri GPS aparatı vasitəsi ilə müntəzəm olaraq izlənilir. Müəyyən olunmuş marşrutdan kənara çıxanlar aşkar edildikdə müvafiq akt tərtib olunur və aidiyyəti orqanlara göndərilir. Ərazidə poçt və sığorta şöbələrinin səmərəli fəaliyyəti fiziki və hüquqi şəxslərin rahat şəkildə idxal və ixrac əməliyyatları aparılmasına öz köməyini göstərir. Maraqlı haldır ki, gömrük ərazisində baş verən bütün hadisələr təkcə Astara Gömrük Postunun deyil, Cənub Ərazi Baş Gömrük İdarəsinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən eyni vaxtda müşahidə kameraları ilə izlənilir. Aşkarlığın və şəffaflığın bu qaydada təmin edilməsi, təhlükəsizlik tədbirlərinin ən müasir aparatlar və avadanlıqlar vasitəsi ilə həyata keçirilməsi öz müsbət nəticələrini verir. Astara Gömrük Postu hüquqpozmalara qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər, qaçaqmalçılıq hallarının qarşısının alınması, ümumi təhlükəsizlik məsələlərinin ən yüksək səviyyədə təmin olunması sahəsində respublika üzrə ön sıralarda gedir.
2018-ci ilin yekunları parlaq şəkildə göstərdi ki, gömrük orqanlarında islahatlar, tətbiq edilən yeniliklər öz müsbət nəticələrini verir. Bu günlərdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə görüşən Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya Azərbaycan gömrüyündə yeni islahatlar nəticəsində əldə edilən uğurlar, xüsusən narkotik vasitələrin aşkar edilməsində müsbət nəticələr qazanıldığını razılıqla qeyd etmişdir.
Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev əmin olduğunu bildirmişdir ki, biz 2019-cu ildə də qarşımıza qoyduğumuz bütün vəzifələri icra edəcəyik. Bu il də ölkəmiz üçün uğurlu il olacaqdır. Mən giriş sözümdə qeyd etdim ki, keçən il dərin islahatlar ili olmuşdur. Bu islahatlar cəmi il ərzində özünü göstərdi, əlbəttə ki, gələcək illərdə özünü daha böyük həcmdə göstərəcək.
Biz möhtərəm Prezidentimizin əminliklə dediyi bu sözləri tam şəkildə Azərbaycan Gömrüyünün fəaliyyətinə də şamil edə bilərik. 2018-ci ildə həyata keçirilən islahatlar nəticəsində əldə edilən uğurlar dediklərimizə parlaq sübutdur.
Fəridə Ağazadə
“Astara” qəzetinin və “Astarainfo.az” xəbər saytının baş redaktoru
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...