Misirin “elfagr.com, shbabalnil.com, asiaelyoum.com, embassy-news.com, wwnewss.com, elwatanelmasry.com, m.ahwalelbald.com” və.s saytlarında “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun “Qara Yanvarda, Azərbaycanın azadlığı uğrunda qurbanlar” sərlövhəli məqaləsi yayılıb.
Müəllif 20 Yanvar faciəsinin tarixi haqqında ətraflı məlumat verir. Qeyd olunur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi.
Məqalədə vurğulanır ki, iyirmi doqquz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan yüzlərlə insan xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə qətlə yetirilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar da olub. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi.
Diaspor rəhbəri Azərbaycan xalqına qarşı yürüdülən bu ikili standart siyasətinin misirli alim Şeyx Məhəmməd əl-Qəzalinin “əl-Həqq əl-Murr” (“Acı həqiqət”) kitabında da öz əksini tapdığını bildirir.
Məqalədə 20 yanvar hadisəsi dönəmində misirli millət vəkillərinin və mətbuatının Azərbaycan xalqına qarşı törədilən vəhşilyi qətiyyən pisləməsi, xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərinin bariz nümünəsi olduğunu da qeyd etmişdir.
S.Nəsirov məqalənin sonunda insanlığa qarşı törədilmiş bu vəhşiliklərə dünya birliyinin hələ də göz yumduğunu vurğulayır. Qeyd edilir ki, bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, Azərbaycan xalqı o dəhşətli gecəni daim xatırlayır, faciəni törədənlərin ədalət qarşısına çıxacaqları günü gözləyir.
Diaspora sədri bildirib ki, 20 Yanvarla bağlı tədbirlər və məqalənin yayılması qarşıdan gələn günlərdə də davam etdirəcək.
Astarainfo.az