Dələduzluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Lənkəran rayon sakini F.Bayramlının 8 min manatını və “Hyundai” markalı avtomobilini dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Rafiq İsrafilov Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Biləsuvar rayon sakini Davud Abışovun və Bakı şəhər sakini Amil Məmmədovun 2500 manatını eyni yolla almaqda şübhəli bilinən Abşeron rayon sakini Əhməd Əhmədov Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.
Dələduzluq etdiyinə görə tutulmuş F.Abdullayevanın ətrafında Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun Maştağa qəsəbə sakini olan qadını aldadaraq, 300 manatını və 800 manat dəyərində qızıl-zinət əşyalarını alması da müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.(Azərtac)