Həmin soyuq qış günü iki qüvvə üz-üzə dayanmışdı: bir tərəfdə azadlıq istəyən əliyalın xalqın milli ləyaqət hissi, digər tərəfdə təpədən-dırnağadək silahlanmış imperiya ordusu. Azərbaycana, onun paytaxtı Bakıya hücum əmri verənlər düşünürdülər: qıracağıq, qorxub qaçacaqlar, heç kəs küçəyə çıxmağa cəsarət etməyəcək. Onlar yanıldılar: törədilən kütləvi qırğına, fövqəladə vəziyyət rejiminə baxmayaraq, xalq nəinki geri çəkilmədi, əksinə, şəhidlərin dəfn mərasimində Bakı görünməmiş izdiham yaşadı. Şəhidlər milyonlarla insanın çiynində son mənzilə yola salındı. Xalqın milli ləyaqət hissi top-tüfəngə qalib gəldi və bu, 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biridir, qürur doğuran bir tarixdir.
20 Yanvarın Azərbaycan tariximizdəki yeri və rolu illər keçdikcə daha aydın dərk olunur. O günlərdən uzaqlaşdıqca hadisəyə baxışlarımız dəyişir. Bir vaxt ağlayıb-sızlayır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıq. Sonradan kədərlə yanaşı, ürəklərdə sonsuz qürur hissi baş qaldırdı.
“1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”, – ulu öndər Heydər Əliyev tariximizin qanlı və şanlı səhifəsi olan 20 Yanvarı məhz belə səciyyələndirib.
Qışın ən soyuq, azadlıq mübarizəsinin ən qızğın günü
1990-cı ilin 20 yanvarı, qışın ən soyuq günlərindən biri… Bu soyuq qış gecəsi Bakının küçə və meydanları insanlarla dolub-daşırdı. Azadlıq mübarizəsinin bu qaynar günü ürəklərə yalnız bir hiss hakim kəsilmişdi: öldü var, döndü yoxdu. İnsanların gülləyə tutulduğu, tankların tırtılları altında əzildiyi bu qış gecəsi əslində azadlıq günəşi doğurdu. Bu, tariximizdə dönüş nöqtəsi oldu və çox keçmədən Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyinə qovuşdu. Şəhidlər tarixə azadlıq müjdəsi gətirən qaranquşlar kimi düşdü.
Bu gün 90-cı ilin Bakısından, 29 il əvvəlki Azərbaycandan əsər-əlamət qalmayıb. İmzalar içində imzamız var, bayraqlar sırasında bizim də bayrağımız dalğalanır. Xalq 29 il əvvəl bunu arzulayırdı, onun qəhrəman övladları canını bu ideal naminə qurban vermişdi. İllər ötüb keçir, hər şey dəyişir. Zamanın axarında dəyişməz qalan isə xalqın şəhidlərə hörmət və ehtiramıdır.
Biz ötüb keçən zamanın fonunda dünyanın soyuq üzünü, xalqımızın faciəsinə özgə dərdi kimi baxdığını da gördük. 90-cı ilin yanvarında Bakıya hücum əmri verən, yüzlərlə günahsız insanın ölümünə bais olan Mixail Qorbaçova Nobel sülh mükafatı verdilər: nahaq axıdılan qan və sülh mükafatı…
Böyük dayaq
Faciənin ertəsi gün o vaxt Moskvada yaşayan Heydər Əliyevin Azərbaycan nümayəndəliyinə gələrək bu kədərə şərik çıxması, sovet rəhbərliyinin Bakıda törətdiyi hərbi cinayəti pisləməsi xalqımıza güc verdi, ona böyük dayaq oldu.
Bir xalqın başına gətirilən müsibətin bu gün on minlərlə, bəlkə də yüz minlərlə şahidi var. İmperiya qoşunlarının 29 il əvvəl Bakıda törətdiyi hərbi cinayətin digər təkzibolunmaz dəlil-sübutu fotoşəkillərdir. AZƏRTAC-ın fotoarxivində 20 Yanvar faciəsinin miqyasını, Azərbaycan xalqının müsibətini və yenilməzliyini əks etdirən yüzlərlə fotoşəkil toplanıb. Qanlı epizodların, şəhidlərin dəfnində yaşanan nəhəng izdihamın, kədərli insan simalarının, fəryad qoparan anaların, qız-gəlinin əks olunduğu bu fotolar xalqın faciəsini və qəhrəmanlığını, milli ləyaqət hissini necə qoruduğunu zamandan-zamana daşıyır.
Həmin fotolar yaddaşımızı təzələyir, baş verənləri bir daha göz önündə canlandırır…
20 Yanvar faciəsinə bir günün, yaxud bir ayın ərzində baş verən hadisə kimi baxmaq olmaz. Rəsmi Moskva tərəfindən erməni separatizminə rəvac və dəstək verilməsi, respublika rəhbərliyinin milli mənafeyə zidd mövqeyi güclü etiraz dalğası doğurmuşdu. Bakıda və digər şəhərlərdə aramsız mitinqlər keçirilirdi. Sonradan bu mitinqlərdə xalqın azadlıq istəyini əks etdirən şüar və plakatlar, Xalq Cümhuriyyəti dövrünün üçrəngli bayrağı görünməyə başladı. Beləliklə, əldən gedən torpaq uğrunda mübarizə tədricən azadlıq hərəkatına çevrildi.
Bundan qorxuya düşən imperiya çıxış yolunu Bakıda fövqəladə vəziyyət rejimi elan etməkdə gördü, nəhayət, Azərbaycana qoşun yeritdi. Həmin günlər küçə və meydanlarda çəkilmiş fotolarda 20 Yanvar ərəfəsində yaranmış ictimai-siyasi vəziyyət, xalqın əhval-ruhiyyəsi də əksini tapıb.
20 Yanvarın qanlı statistikası
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakı ətrafında yerləşdirilmiş hissələri heç bir xəbərdarlıq edilmədən beş istiqamətdən şəhərə soxuldu. Küçələrdə şütüyən tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçir, əsgərlər fərqinə varmadan qarşılarına çıxan hər kəsə atəş açırdılar.
Səhər açılanda indiki “20 Yanvar” dairəsində (onda həmin ərazi XI qızıl ordu meydanı adlanırdı) və ona yaxın küçələrdə qanlı cinayətin tükürpədən izləri göründü: tankların əzib keçdiyi insanlar, avtobus və avtomobillər, yan-yana düzülmüş cəsədlər. Xəstəxanalar yaralılarla dolub-daşırdı. Sovet əsgərinin hədəf aldığı insanların arasında qadınlar və qocalar, şagird və tələbələr, müxtəlif millətlərin nümayəndələri vardı.
Yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı bir neçə gündə Bakıda və Azərbaycanın digər bölgələrində 147 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan qanunsuz həbs olundu.
Bu qanlı hadisələrdən bir müddət sonra – 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxış edən Ulu Öndər faciə barədə danışarkən deyirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində – heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır”.
Bəzi məlumatlara görə, hadisə ərəfəsində Bakıya və Bakı ətrafına sovet ordusunun və daxili qoşunların Azərbaycan xalqına nifrət ruhunda köklənmiş 65 min nəfərlik kontingenti (aralarında bir çox erməni olmaqla) yerləşdirilmişdi. Onlar yanvarın 20-də Bakıda misli-bərabəri olmayan vəhşiliklər törətdilər.
“Şit” təşkilatının müstəqil ekspertləri tərəfindən hazırlanmış hesabatdan: “Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişdilər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur, xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüş, adamlar süngü-bıçaqla qətlə yetirilmişdi. Atəş zamanı “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi”.
O vaxt nə rəqəmsal fotoaparatlar vardı, nə də smartfonlar. Fotomüxbirlər çox çətinliklə də olsa da, bu kütləvi qırğının ayrı-ayrı epizodlarını fotoobyektivə köçürə bildilər. Bakıya hərbi müdaxilənin, cəza əməliyyatının ağır nəticələrini əks etdirən bu ağ-qara fotolar imperiya rəhbərliyinə, bu qanlı cinayətin təşkilatçılarına və icraçılarına qarşı bir ittiham aktı olaraq qalır və qalacaq.
Həmin gün xalq faciə və qəhrəmanlığı eyni vaxtda yaşadı
20 Yanvar Azərbaycan tarixinə faciə və qəhrəmanlığın eyni vaxtda yaşandığı nadir səhifələrdən biri kimi yazılıb. Şəhidlər son mənzilə möhtəşəm izdihamla yola salındı. Şəhidlərin dəfni nə qədər ağır səhnə olsa da, bir o qədər də qürurverici idi. Xüsusən ona görə ki, bu ağır gündə milli ləyaqət hissini qoruyub saxlayan xalq ona tuşlanmış silahlara, açılan atəşlərə baxmayaraq, qəhrəman övladlarının cənazələrini uzun yolboyu çiyinlərində daşıdı.
Fotoşəkillər bizi bir daha 1990-cı ilin 22 yanvarına qaytarır: Bakının ən yüksək nöqtələrindən birində – o vaxt “Dağüstü park” adlanan yerdə şəhidlər üçün məzarlar qazılıb. Cənazələr indiki “Azadlıq” meydanına düzülüb. Şəhidlərlə vidalaşmaq üçün buraya milyonlarla insan toplaşıb. İnsan seli məzarlığa yaxınlaşır. Doğmalarını, əzizlərini itirmiş insanların ağrı-acılarını, keçirdikləri hissləri fotolar özündə yaşadır…
Şəhid qanı və 20 Yanvarın fədakarlıq dərsi
Onlar Vətənin azadlığı naminə şəhid oldular, bununla da milyonlara fədakarlıq dərsi keçdilər. Prezident İlham Əliyevin 20 Yanvar şəhidlərinin fədakarlığına, Vətən və xalq qarşısındakı xidmətlərinə verdiyi qiymət bu baxımdan olduqca səciyyəvidir: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.
Şəhidlər xiyabanı Azərbaycanın 29 il əvvəl yaşadığı böyük faciənin nişanəsi olmaqla yanaşı, eyni zamanda, xalqımızın yenilməz iradəsinin, milli ləyaqət hissinin simvoludur. Özündə ümummilli kədər və iztirabı yaşatmaqla bərabər, həm də mübarizlik məktəbidir.
Burada hər gün müxtəlif yaşda insanlar görmək olur. Onlar şəhid məzarları önündə ayaq saxlayır, qranit lövhəyə həkk edilmiş adları oxuyur, burada uyuyanlardan qəhrəmanlıq dərsi alırlar. 20 Yanvar günü isə Şəhidlər xiyabanına əsl insan seli axışır. Ötüb keçən illər xalqın şəhidlərinə olan ehtiramını azaltmır, əksinə, 29 il əvvəl baş verənlərin mənası zaman keçdikcə daha da aydınlaşır. Xalqımız azadlıq arzusuna qovuşub, hər birimiz müstəqil dövlətin vətəndaşı olmağımızla fəxr edirik. Şəhidlərimizin axan qanı, xalqın verdiyi qurbanlar hədər getmədi, xəyal və arzular həqiqət oldu.
Şəhid qanı müqəddəsdir. Ona ən dəqiq qiyməti ulu öndər Heydər Əliyev verib: “O qanın hər damcısında bizim xalqımızın qüdrəti var, xalqımızın qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlərboyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.
Bu qana obrazlı qiyməti isə mərhum şairimiz Bəxtiyar Vahabzadə özünün “Şəhidlər” poemasında verib:
Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…
(Azərtac)