Yanvarın 24-ü xalqımızın igid oğlu, İkinci Dünya müharibəsinin görkəmli sərkərdələrindən biri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun vəfatı günüdür.
Bu münasibətlə böyük sərkərdənin Lənkəran şəhərindəki ev-muzeyində anım tədbiri keçirilib.
Rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım mərasimində çıxış edən Lənkəran şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Ağacəfər Fətullayev, həmin məktəbin gənclərin çağırışaqədərki hərbi hazırlıq müəllimi, ehtiyatda olan mayor Bəxtiyar Qasımov və başqaları Həzi Aslanovun mənalı həyat və şərəfli döyüş yolundan danışıblar.
Həzi Aslanovun ev-muzeyinin direktoru Tamara Fətullayeva bildirib ki, muzeyin qapıları ziyarətçilərin üzünə hər gün açıqdır: “Lənkərana gələn qonaqlar mütləq bu muzeyi ziyarət edirlər. Mən inanıram ki, bura gələn hər bir kəs Həzi Aslanovun şücaətindən, həyat yolundan örnək götürürlər”.
Qeyd olunub ki, Lənkəranda dünyaya göz açan Həzi Aslanovun adı misilsiz sərkərdəlik bacarığına, cəsurluğuna görə dünya hərb elmi tarixinə qızıl hərflərlə yazılıb. Moskva uğrunda gedən döyüşlərdə “Qırmızı Ulduz” ordeninə layiq görülən Həzi Aslanova Stalinqrad uğrundakı şücaətinə görə Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Döyüş yoluna zabit kimi başlayan Həzi Aslanov 4 il ərzində tank qoşunları qvardiya general-mayoru rütbəsinə yüksələrək 35 yaşında keçmiş ittifaqın demək olar ki, bütün döyüş orden və medallarına layiq görülüb. İkinci dəfə layiq görüldüyü Sovet İttifaqı Qəhrəmanı adı isə 47 il sonra ünvanına çatıb. General 1945-ci il yanvarın 24-də Latviyanın Priyekule yaxınlığında yaralanaraq, naməlum şəraitdə dünyasını dəyişib.Bildirilib ki, general Həzi Aslanovun 70 illik yubileyində Lənkəran şəhərində qəhrəmanın möhtəşəm abidəsinin ucaldılmasının təşəbbüskarı məhz ümummilli lider Heydər Əliyev olub.Anım tədbirində “Gənc Aslanovçular Klubu”nun üzvləri qəhrəmanın büstü önündə Azərbaycan şairlərinin Həzi Aslanova həsr etdikləri şeirləri söyləyib, mahnılar ifa ediblər.(Azərtac)