Onun 16 yaşı var. O, 2017-ci ildə qurulan “Rainergy” startapının təsisçisidir. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji istehsal edir. Həmçinin o, 2018-ci ildə “Forbes” jurnalının “30 yaşa qədər 30 asiyalı” siyahısına da daxil edilib. Bundan əlavə, onun adı 2018-ci ilin noyabr ayında BBC tərəfindən dərc olunan “İlin 100 qadını” siyahısına da daxil edilib. Müsahibimiz Reyhan Camalovadır.
– Reyhan Camalovanı ölkədə hamı tanısa da, siz özünüzü necə təqdim edərdiniz?
– Mən Reyhan Camalova, 16 yaşım var, 283 saylı orta məktəbin 10-cu sinif şagirdiyəm. Həmçinin, “Rainergy” layihəsinin təsisçisiyəm. Hansı ki, bu layihə ilə bir çox uğurlara imza atmışam. Onu da deyim ki, 2 fevral 2018-ci il gənclər günü ilə bağlı prezident mükafatçısıyam. “Forbes” jurnalının “30 yaşa qədər 30 asiyalı” gənc araşdırmaçı siyahısına düşən ilk azərbaycanlıyam. Həmçinin, bu yaxınlarda BBC tərəfindən dərc olunan “İlin 100 qadını” siyahısına düşən ilk azərbaycanlıyam.
– Yağış suyunu enerjiyə çevirən qurğu – Rainergy. Bu qurğu necə meydana gəldi?
– Bu layihəni üzə çıxaran “ClimateLaunchpad” müsabiqəsi oldu. Mən 8-ci sinifdə oxuyanda bizim məktəbimizdə bir çox seminarlar keçirilirdi. İlin sonunda da bir seminar keçirildi. Bu, “ClimateLaunchpad” müsabiqəsi ilə bağlı idi. Mənim elmə olan marağım nəticəsində belə bir ideya yaranmışdı, amma mən bu seminarda qərara gəldim ki, “ClimateLaunchpad” müsabiqəsinə qeydiyyatdan keçim və bu müsabiqədə iştirak edim. Əlbəttə ki, müəyyən çətinliklər də oldu. İlk başda bizə o qədər də inanmadılar. Hətta mən deyərdim ki, həvəsdən də saldılar. Lakin biz həvəsdən düşmədik və qeydiyyatdan keçdik. Artıq “Rainergy” layihəsinin prototiplərinin qurulması, layihəsinin üzərində işlənilməsi sırf həmin müsabiqə nəzdində başlandı. Biz 3 ay ərzində komanda şəklində mentorlarımızla birlikdə (layihə rəhbəridir – red.) bu layihə üzərində işlədik. Bu vaxt ərzində bir növ layihənin təməlini qoyduq. Əslində, “ClimateLaunchpad” müsabiqəsindən sonra layihə də bitməli idi. Lakin mən fərdi olaraq bir çox müsabiqələri araşdırırdım. Onlardan biri də Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammiti idi. Bütün uğurlar bu sammitdən sonra oldu. Mən bu layihəni bir çox sahibkar və investorların qarşısında təqdim etdim. Bununla da layihə daha çox tanındı.
– Bu qurğunun digər anoloji qurğulardan fərqi və üstünlüyü nədir?
– Biz “ClimateLaunchpad” müsabiqəsindən qeydiyyatdan keçəndə bununla maraqlandıq. Araşdırma nəticəsində aydın oldu ki, oxşar qurğular da var. Lakin bizim qurğunun fərqi var idi. Hətta dizaynda belə bu aydın görünürdü. Bizim qurğuda yağış kollektoru və s. var idi. İşləmə mexanizmi isə, bəli, hamısı hidroelektrik stansiyalarının işləmə prinsipinə oxşardır. Hətta araşdırma zamanı qarşımıza çıxan digər qurğularda da bu mexanizmdən istifadə olunduğunu gördük. Yəni, biz bu qurğu ilə yağışın potensial enerjisini elektrik enerjisinə çeviririk. Hazırda bu layihə üzərində işimiz davam edir. Çünki bizi yağışın kimyəvi tərkibi də maraqlandırır. Çoxları elə düşünür ki, yağışın kimyəvi tərkibi elə su kimidir. Lakin orada müəyyən fərqli xüsusiyyətlər də var. Bunların üzərində işləyirik ki, yağışın kimyəvi tərkibinə görə qurğunun effektivliyini necə artırmaq olar.

– İvanka Trampla aranızdakı dialoq necə oldu? Bu barədə təəssüratlarınızı bilmək istərdik.
– Qlobal Sahibkarlıq Sammitində mənim iştirakım bir növ istisna oldu. Hansı ki, mən bu sammitdə qeydiyyatdan keçəndə seçilmə şansım demək olar ki, yox idi. Çünki, yaş həddi 18 idi, mənim isə 14 yaşım var idi. Lakin mən yenə də qeydiyyatdan keçdim. Bu, sadəcə olaraq bir təşəbbüs idi. Daha sonra növbəti mərhələyə keçdim, müsahibədən sonra isə namizəd seçildim. Artıq mənə tam olaraq qeydiyyat forması göndərildi. Orada yaşla bağlı müəyyən müzakirələr oldu. Mənim o vaxta qədərki mərhələləri keçməyimdə əməyi olan münsiflərlə də əlaqə saxladım. Sonda belə qərara gəlindi ki, yanımda qəyyum olmaq şərti ilə iştirak edə bilərəm. Qlobal Sahibkarlıq Sammitinin əsas mövzusu sırf qadınlara həsr olunmuşdu. Mən də həmin sammitin ən gənc qadın iştirakçısı idim. Yəqin, bütün bu nüansların təsiri idi ki, İvanka Tramp öz çıxışında 1500 sahibkar arasında cəmi 3-nün adını çəkdi. Sammitdə 150 ölkədən 1500 sahibkar iştirak edirdi. Əsas ölkələr isə Hindistan və ABŞ idi. İvanka Tramp öz çıxışında Hindistandan və ABŞ-dan olan qadınların və bir də mənim adımı çəkdi. Açığı bu mənim heç ağlıma da gəlməzdi. Sammit çərçivəsində çıxışa iki saat qalmış mənə email gəldi ki, sizin adınız İvanka Trampın çıxışında qeyd olunacaq, sizi təbrik edirik, lakin, hələ bu xəbəri heç kimlə paylaşmayın”.
– Bilirik ki, bu uğurlardan sonra Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da sizi qəbul etdi. Bu görüşlə bağlı da təəssüratlarınızı bilmək maraqlı olardı.
– Mən “Forbes” jurnalının siyahısına düşəndən sonra Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşdük. Görüş çox səmimi keçdi, biz Mehriban xanıma öz layihəmizdən, həmçinin bu layihə ilə bağlı gələcək planlarımızdan danışdıq. Mehriban xanım çox sevindiyini, bizimlə fəxr etdiyini bildirdi. Həmçinin, onu da bildirdi ki, artıq Azərbaycanda bizim kimi ideyası olanlara böyük dəstək göstəriləcək. Artıq bizim layihəmizə də Azərbaycan dövləti dəstək göstərir. İndi biz bir çox dövlət qurumları ilə birlikdə işləyirik. Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, AMEA Yüksək Texnologiyalar Parkı və Patent və Əmtəə Nişanları Mərkəzi bizə kömək edir. Dövlətimizin dəstəyini, sevgisini, qayğısını tam olaraq hiss edirik. Yəni, görüş çox gözəl təəssüratlarla keçdi.
– Bu yaxınlarda BBC informasiya agentliyi özünü istər elm, istərsə də biznes sahəsində sübut edən ən nüfuzlu 100 qadının siyahısını açıqladı. Bu siyahıda Azərbaycanın və dünyanın ən gənc qadın ixtiraçılarından olan Reyhan Camalova da var idi. Siz bunu gözləyirdinizmi?
– Bəli, bu barədə mənim əvvəlcədən məlumatım var idi. 19 noyabrda bu siyahı tam olaraq dərc olundu, lakin bundan haradasa iki həftə əvvəl BBC-dən mənimlə əlaqə saxladılar. Mənə bildirdilər ki, zəhmət olmasa, özünüz barədə ətraflı məlumat göndərəsiniz. Mən də göndərdim, onlar mənə bildirdilər ki, bu xəbəri iki həftə ərzində heç kimlə paylaşmayım. Müəyyən yerlərdən təbriklər gəldi, daha çox sosial şəbəkələrdə insanlar təbrik etdilər. Bildiyimə görə bu siyahıya ölkəmizin adı heç vaxt düşməmişdi. Bu ilkə imza atmaq mənim üçün çox böyük qürur oldu.
– Uşaq yaşlarında hərə gələcəklə bağlı bir arzu ilə yaşayır. Müəllim, mühəndis, həkim və s. olmaq istəyir. Bəs, siz hansı peşəni seçmisiniz və ya seçəcəksiniz?
– Mən kiçik yaşlarımdan həmişə deyirdim ki, cərrah olacağam. Ancaq 8-ci sinifdən sonra başa düşdüm ki, mən soyuqqanlı deyiləm. Düşündüm ki, bu çox həssas bir işdir və ona görə də, bu sahə məndə uğurlu alınmayacaq. Hazırda əsas məqsədim ali təhsilimi fizika və astrofizika üzrə almaqdır. Ümid edirəm ki, seçimimi bundan sonra dəyişməyəcəyəm.
– “Rainergy”dən əvvəl hər hansı ixtira və ya fikiriniz olubmu? Olubsa, nələrdir? Haradasa istifadə olunubmu?
– Yox, olmayıb. Bəzən görürəm ki, sosial şəbəkələrdə yazırlar ki, üşaqlığından ixtiralar edib. Belə şey olmayıb. Sadəcə olaraq, mən onu deyə bilərəm ki, mənim xəyal dünyam çox böyük olub. Mən çox xəyallar qurmuşam. Bəlkə də, normal uşaqdan daha çox xəyalpərəst olmuşam. Bəzən elə olurdu ki, kağızdan və ya başqa bir şeydən nə isə maraqlı bir şey hazırlayırdım. Bir dəfə çöp qabından özümə kukla hazırlamışdım, onunla oynayırdım.

– Xəyal quran, özü üçün müxtəlif oyuncaq və s. hazırlayan uşaqlar çoxdur. Bəlkə də, çoxunda müəyyən bacarıq və istedadlar var. Sizcə, bu istedadların üzə çıxması üçün nə lazımdır?
– Mən elə fikirləşirəm ki, bu məsələdə ailənin dəstəyi çox vacibdir. Çünki mən bunu özümdən bilirəm. Ailəm məni dəstəkləməsəydi, bu uğurların heç birini qazana bilməzdim. Məsələn, hər hansı bir işdə həvəsdən salan adamlar olur, amma sırf ailənin dəstəyi bu yerdə çox təsirli olur. Mən bunları yaşamışam, ailəmin dəstəyi ilə irəliləməyə davam etmişəm. Bu cəhətdən özümü xoşbəxt hesab edirəm. İkincisi isə fərdin özündən də asılıdır. Bəzən insanlar elə düşünürlər ki, istedadlı uşaqlar azdır, müəyyən sayda istedadlı uşaqlar var. Şəxsən mən bu fikirlə razı deyiləm. Mənim fikrimcə hər kəsin mütləq bir istedadı var. Sadəcə olaraq, o istedadı üzə çıxarmaq lazımdır.
– Uşaqlarda istedadın üzə çıxması üçün ailə dəstəyindən danışdınız. Konkret olaraq ailənin övladına dəstəyi nədən ibarətdir?
– Mən sizə bir nüansı deyim. Qlobal Sahibkarlıq Sammitinə qeydiyyatdan keçəndə mənim yaşım ora uyğun gəlmirdi. Mən bunu ailəmə dedim, mənə dedilər qeydiyyatdan keç. Mən qeydiyyatın sonuncu gün keçdim. Həmin vaxt mən xəstələnmişdim, temperaturum var idi. Gecə saat 12 radələrində bir az özümə gəldim. Qeydiyyatdan keçmək üçün kompyuteri açdım, ancaq kompyuterim işləmədi. Valideynlərim deyə bilərdilər ki, qızım, onsuz da temperaturun var, xəstəsən, gecə saat 12-dir, həm də yaşın uyğun gəlmir. Bu təşəbbüsə mane ola bilərdilər, lakin, belə olmadı. Atam gecə 12-dən sonra gedib başqa yerdən kompyuter tapıb gətirdi. Sırf mən qoyduğum məqsədə doğru gedim deyə, əlindən gələni etdi. Bu, ilk baxışdan bəlkə də sadə bir misaldır. Ancaq həqiqətən də, kiçik təşəbbüslər böyük uğurlara səbəb ola bilər.
– Gələcəkdə hansı ixtira və ya tədqiqat planlarınız var?
– Kiçik yaşlarımdan astronomiyaya marağım olub. Ona görə də, astrofizika sahəsini öyrənmək və bu sahədə kəşf etmək mənim ən böyük hədəfimdir. Ən böyük arzularımdan biri də bu kəşflə Nobel mükafatı qazanmaqdır. Həyatımda qarşıma qoyduğum ən böyük məqsədlərdən biri budur. İstəklərimdən biri də insanlığa xeyirli bir fərd olmaqdır. Çox istədrim ki, gələcəkdə xeyriyyə təşkilarları qurum. Dünyada təhsildən uzaq qalan uşaqlara təhsil verilməsi üçün işlər görüm.
– Sonda həmyaşıdlarınıza və sizdən aşağı siniflərdə oxuyan şagirdlərə nə demək istərdiniz?
– Mən onlara demək istəyirəm ki, qarşılarına böyük hədəflər qoymaqdan qorxmasınlar. O məqsədlərin, xəyalların ardınca getsinlər. Başqaları inanmasalar belə, özləri özlərinə inansınlar. Həvəsdən düşməsinlər, inadla irəliləsinlər. Hazırda əlimizdə çox böyük resurslar var. Bunlardan biri də internetdir. Bəzən biz elə fikirləşirik ki, internetin zərəri var. Əlbəttə, internetin mənfi tərəfləri də var, lakin, mən fikirləşirəm ki, müsbət tərəfləri mənfi tərəflərindən daha çoxdur. Onlayn kurslar, dərslər var. İnternetdə maraqlı məlumatlar, faktlar var. Həmin resurs və məlumatlardan düzgün istifadə etməyi bacarmalıyıq. Fərdi inkişafımız üçün istifadə etməliyik.
Kiçik bir hekayə də danışmaq istərdim. Bir zamanlar bir müdrik qoca olur. Bu müdrik qoca ona verilən bütün suallara cavab verir. Bir növ insanlara yol göstərir. Ancaq bir gənc oğlan qocanı insanların içində pərt etmək istəyir. O, ovcunda bir kəpənək tutur və qocaya belə sual verir: “Sizcə, əlimdəki kəpənək ölüdür, yoxsa diri?” Gənc düşünür ki, qoca diridir desə, o, əli ilə kəpənəyi öldürsün, ölüdür desə, əlindəki kəpənəyi buraxsın. Qoca bu sualı eşidir və bir müddət dayanır, fikirləşib bu cavabı verir: “Hər şey sənin öz əlindədir”. Həqiqətən də belədir, hər şey insanın öz əlindədir. Ona görə də, gəlin heç vaxt həvəsdən düşməyək. Hər dəqiqəmizin belə qiymətini bilək. Çox gözəl bir fikir eşitmişəm: “Bəd xəbər odur ki, zaman uçur, ancaq şad xəbər də odur ki, pilot bizik”. Zamanı idarə edən biz özümüzük.(Yeniavaz.com)
Rasim Məmmədli