Miqrasiya müasir dövrün ən aktual məsələlərindən biridir. İnsanlar daim öz yaşayış yerlərini dəyişir, bir yerdən başqa yerə köçürlər. Onlar bu zaman miqranta çevrilirlər. Qanunsuz miqrasiyaya qarşı mübarizə və miqrasiyanın qanuni əsaslarla baş verməsi hər bir cəmiyyət üçün önəmli faktorlardan biridir.
Bu fikirlər yanvarın 30-da Astara Rayon İcra Hakimiyyətində Lənkəran Regional Miqrasiya İdarəsinin təşkilatçılığı ilə “Dövlət Miqrasiya Xidməti: müasir tələblər və yeniliklər” mövzusunda keçirilən maarifləndirmə tədbirində səsləndirilib.
Tədbirin məqsədi Miqrasiya Məcəlləsinə edilmiş dəyişikliklər, MİGAZ – Dövlət Miqrasiya Xidmətinin yeni mobil tətbiqi və dövlət sərhəd-buraxılış məntəqələrində 24 saat fəaliyyət göstərən miqrasiya bölmələri barədə əhalini məlumatlandırmaqdır.
Rayon icra hakimiyyətinin məsul işçilərinin, bələdiyyə sədrlərinin, ərazi icra nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi toplantıda çıxış edən Lənkəran Regional Miqrasiya İdarəsinin rəisi Səmədağa Abdullayev bildirib ki, ölkəmizdə miqrantlara qarşı daim dözümlülük mühiti mövcud olub və onlara geniş hüquqlar verilib.
Qeyd olunub ki, miqrasiya ilə bağlı mütəmadi olaraq qanunvericilikdə yeniliklər tətbiq edilərək, bu sahədə müasir dövrün tələblərinə uyğun qanunvericilik bazası yaradılıb. Sonuncu belə dəyişiklik 2018-cil iyunun 29-da olub. Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə edilmiş dəyişikliyə əsasən ölkə ərazisində 10 gündən deyil, 15 gündən artıq müvəqqəti qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycanda olduqları yer üzrə qeydiyyata alınırlar. Bu isə ölkəmizə turist kimi, işgüzar səfərə gələn şəxslərin məmnunluğunu artırır.
Diqqətə çatdırılıb ki, Miqrasiya Məcəlləsinin tələblərinə əsasən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə girişinə 5 il müddətinə qadağa qoyulmasını nəzərdə tutan müddəa ləğv edilib. Dəyişikliyə əsasən daimi yaşama icazəsinin alınmasına imtina verilmiş əcnəbilər (vətəndaşlığı olmayan şəxslər) müvəqqəti yaşamaq icazəsi almaq üçün əlavə sənədlər təqdim etmədən, sadəcə ərizə-anket ilə Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər.
Tədbirdə çıxış edən Lənkəran Regional Miqrasiya İdarəsinin inspektoru Zaur Əlişov ölkəmizə gələn xarici vətəndaşların dövlət sərhəd-buraxılış məntəqələrindən keçidi ilə bağlı mövcud qaydalardan danışaraq bildirib ki, əcnəbilərin elektron xidmətlərə çıxışının asanlaşdırılması, vaxtın minimuma endirilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin yeni mobil tətbiqi – MİGAZ yaradılıb.
Mobil tətbiq vasitəsilə olduğu yer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, məhdudiyyətin və müraciət statusunun yoxlanması, son qeydiyyat tarixinin öyrənilməsi üçün kalkulyator, onlayn ödəmə, onlayn növbə, “ASAN viza” və digər istiqamətlər üzrə xidmətlərə çıxış əldə etmək imkanları yaradılıb.
Qeyd olunub ki, 2018-ci ildə Xidmətin fəaliyyət imkanları genişləndirilərək “Samur”, “Şıxlı” və “Astara” dövlət sərhəd-buraxılış məntəqələrində 24 saat xidmət göstərən miqrasiya bölmələri fəaliyyətə başlayıb.
Lənkəran Regional Miqrasiyasının xidməti ərazisində olan “Astara” sərhəd-buraxılış məntəqəsində miqrasiya bölməsinin fəaliyyətə başlaması əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün vaxt və məsafə baxımdan faydalı olub.
İnzibati xəta törətmiş şəxs əvvəllər Lənkəran şəhərindəki idarəyə müraciət edirdisə, indi yerindəcə sənədləşmə aparmaq mümkündür.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Astarainfo.az