Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Astara şəhərində əhali ilə keçirdiyi səyyar qəbul və görüşdə inzibati ərazi dairəsi üzrə nümayəndə Şahverən Cavadov ərazidə görülən quruculuq-abadlıq işləri barədə geniş məlumat vermişdir.
İcra başçısı görüş iştirakçılarını salamlayaraq, bildirmişdir ki, rayonun qəsəbə və kəndlərində əhali ilə görüşdüyümüz kimi şəhərin Giləkəran, Kələdəhnə yaşayış massivlərində də görüşlərimiz olmuş, təklifləriniz əsasında qaldırılan problemlərin həlli istiqamətində tədbirlər görmüşük. Bu gün daha geniş tərkibdə bütövlükdə şəhər əhalisi ilə görüşmək qərarına gəlmişik. Məqsəd narahatlıq doğuran  məsələləri öyrənmək,  həllinə köməklik etməkdir.   Buyurun sizi dinləyirik.
Sakinlərdən Şahsənəm Səfərova, Tarif Hüseynov, Hamlet Əliyev, Firudin Quliyev, Heybət Hüseynov, Mircəfər Babazadə,Hacıbala Ramazanov, Rafiq Əliyev və başqaları çıxış edərək vaxt tapıb görüşə gəldiyinə görə icra başçısına minnətdarlıq etmişlər. Ölkə Prezidentinin müstəqil Azərbaycanımızın dünya miqyasında tanınması, ölkəmizin misilsiz inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirləri ürəkdən bəyəndiklərini söyləmişlər. Məqsədyönlü siyasət nəticəsində qazanılan uğurlardan sevindiklərini bildirərək, ölkədə aparılan çoxsaylı quruculuq-abadlıq işlərinə görə Prezident cənab İlham Əliyevə hədsiz minnətdarlıq etmişlər.
Çıxış edənlər Mirzə Rəhimov küçəsinin bir hissəsinin asfaltlaşdırılması, Giləkəran ərazisində poçt şöbəsinin açılması, şəhərin mərkəzində yerləşən tarixi memarlıq abidəsi olan kilsə binasının təmiri, bir vaxt fəaliyyət göstərmiş peşə məktəbinin fəaliyyətinin bərpası, şəhər ərazisində  içməli suyun verilməsində problemlərin olması, su çəkilişi zaman qazılmış küçə və yolların keyfiyyətsiz təmiri barədə arzu və təkliflərini də bildirmişlər.
İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev səmimi görüşə görə sakinlərə təşəkkür edərək, sadalanan problemlər, verilən təkliflərə münasibət bildirmiş, izahatlar vermişdir.
İcra başçısı respublikada həyata keçirilən qlobal layihələr, aparılan çoxmiqyaslı quruculuq-abadlıq işləri barədə məlumat verərək geniş vüsət alan bu işlərlə müstəqil dövlətimizin getdikcə gücləndiyini, beynəlxalq miqyasda nüfuzunun artdığını bildirmişdir. Ölkəmizin getdikcə güclənən iqtisadiyyatından gələn gəlirlərlə insanların güzəranının yaxşılaşdığını bildirərək, son illər rayonumuzda görülən işlərə diqqət çəkmişdir.
Bildirmişdir ki, Astara şəhərinin dəniz sahilindəki bataqlıq ərazi qurudularaq  cənab Prezidentin Sərəncamları ilə ayrılmış vəsait hesabına böyük bir sahədə müasir  standartlara cavab verən  Park-bulvar kompleksi salınmış, şəhərə keyfiyyətli içməli suyun verilməsi təmin edilmiş, böyük tarixi, şərəfli keçmişi olan şəhər 2 saylı tam orta məktəbi ən yüksək səviyyədə yenidən qurulmuş, şəhərin bütün ərazisində yeni işıqlandırma sistemi quraşdırılmış, küçə və səkilərə daş üzlüklər döşənmiş, ictimai yaşayış binaları təmir edilmiş, bu istiqamətdə işlər davam edir. Ümumilikdə mən görülən xırda işləri demirəm, şəhərdə görülən işlər sizin də qeyd etdiyiniz kimi sonsuzdur. Qəsəbə və kəndlərdə də il boyu quruculuq-abadlıq işləri davam etmişdir. Dağlara hər iki istiqamətdə yüksək keyfiyyətli asfalt yollar çəkilmiş, əhalinin il boyu rahat gediş-gəlişi təmin olunmuşdur.
Cənab Prezidentin tövsiyə və tapşırıqlarına uyğun olaraq kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi, əkilməyən torpaqların əkin dövriyyəsinə qaytarılması üçün görülən tədbirlər bəhrəsini verir. Beş il əvvəl rayon ərazisində cəmi 50-60 hektar çəltik əkilirdisə, aparılan təbliğatlar və edilən dövlət dəstəyi ilə çəltik sahələri 450 hektara çatdırılmışdır. Bu gəlirli sahənin daha da inkişaf etdirlməsi üçün tədbirlər həyata keçirilir. O cümlədən, sitrus bitkilərinin yeni, daha məhsuldar sortlarının gətirilməsinə nail olmaqla, təkcə bu il 700 hektardan çox yeni sitrus bağları salınmış, ümumilikdə 4 min hektara çatdırılmışdır.
Prezidentimiz möhtərəm cənab İlham Əliyevin Sərəncamı ilə Astaraya gələn dəmir yol xəttinin Ələt-Astara avtomobil yoluna paralel köçürülməsi istiqamətində ilkin işlərə başlanmışdır. Bununla Xəzər dənizinin qabağı tamamilə açılacaqdır ki, bu ərazidə yeni turizm infrastrukturunun yaradılması üçün geniş imkanlar yaranacaqdır. Rayonumuzun turizm potensialı böyükdür. Gələcəkdə turizm məkanı kimi formalaşması üçün yeni layihələr icra olunacaqdır. Ümumilikdə görüləsi işlər çoxdur. Bunları sizinlə birlikdə həyata keçirəcəyik.
İcra başçısı bütün bunların ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin təntənəsi və bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin nətcəsi olduğunu diqqətə çatdırmış, ölkə rəhbərinə minnətdarlıq etmişdir.
 Əsas məsələ cənab Prezidentin ölkəmizdə yaratdığı əmin-amanlığı, sabitliyi qorumaqdır. Bu günlərdə özünü müxalifət adlandıran, əslində heç bir siyasi bazası və ictimai dayağı olmayan radikal qruplar görülən işlərə xələl gətirmək, aranı qızışdırmaq məqsədilə çağırışlar edirlər. Ancaq xalq arasında nüfuzunu, inamını çoxdan itirmiş bu şəxslərin dalınca heç bir ləyaqətli şəxs getmir və getməyəcəkdir. Bunu siz də daim öz çıxışlarınızda bildirirsiniz. Biz həmişə olduğu kimi, bu gün də, sabah da müstəqil Azərbaycanımızı inamla inkişafa, tərəqqiyə aparan, xalqa sülh və əmin-amanlıq bəxş edən cənab Prezidentimizin ətrafında sıx birləşmişik. Bu birliyi isə heç bir qüvvə sarsıda bilməz.
Hər birinizə bu yolda uğurlar arzulayıram.
Astarainfo.az