Ölkədə bir sıra meşələrdən müxtəlif meyvələrin yığılması qadağan edilir.
Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında”qərarında dəyişikilk edilib. Dəyişikliyə əsasən meşələrdən yığılan bir sıra meyvələrin hər kiloqramı üçün ayrıca cərimələr nəzərdə tutulub.
Astarainfo.az Xezerxeber.az-a istinadən məlumatına görə, söhbət dövlət qoruqları, kurort, xüsusi qiymətli meşə massivləri, dövlət qoruyucu meşə zolaqları və digər yasayış məntəqələrinin ətrafindakı yaşıllıq zonalarının meşələrindən gedir. Sözügedən meşələrdə yabanı halda bitən bir kiloqram alma, armud, zoğal, alça və s. meyvələrə görə bir manat məbləğində cərimə tətbiq ediləcək. 1 kq. qərzəkli meyvələrdən olan şabalıd və fındıq üçün 2 manat, qoz üçün 3 manat cərimə tətbiq ediləcək.
Meşədən yığılması qadağan olunanlar siyahısına itburnu, çaytikanı, fıstıq toxumu kimi dərman bitkiləri də əlavə olub. Bu növ bitkilərin yığılmasına görə 3-5 manat civarında cərimə nəzərdə tutulub. Tökülmüş yarpaqları, mesə döşənəyi və qarğı yığan şəxsləri də pul cəriməsi gözləyir.
Yeni qanunvericilikdə o da qeyd olunub ki, icazə olmadan meyvə agaclarının məhsulunu yığan şəxslər həmin məhsulu geri qaytarmalıdır. Bildirilir ki, əsassız əldə edilmiş məhsulu eynilə qaytarmaq mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətləri ilə hesablanır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: