İmişli Olimpiya İdman Kompleksində budo döyüş növləri üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən XI açıq Azərbaycan çempionatında astaralı idmançılar 2 qızıl və 4 gümüş medal qazanıblar.
Astarainfo.az-xəbər verir ki, iki gün davam edən yarışda astaralı idmançılardan Qulam Əsgərli və Cəbrayıl Əsgərov 35 kiloqram çəki dərəcəsində birinci, Cəmil Hüseynov 50, Cəlal Əhmədov və Nihad Abdullazadə 30, Rahid Məmmədzadə isə 35 kiloqram çəki dərəcəsində ikinci yeri tutublar.
İdmançıları yarışa məşqçi-müəllimlər – VI dan qara kəmər ustası Ramiq Rəhmanov və III dan qara kəmər ustası Zamin Baxşıyev hazırlayıblar.
Astara Rayon Gənclər və İdman İdarəsində açıq Azərbaycan çempionatında uğur qazanmış idmançılar, onların məşqçiləri və valideynləri ilə görüş keçirilib.
Görüşdə çıxış edən idarənin rəisi Ərçə Əliyev idmançıları qazandıqları nailiyyətlər münasibətilə təbrik edərək, onlara yeni qələbə sevincləri arzulayıb.
Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülmüş işlərdən, həyata keçirilən irimiqyaslı layihələrdən danışan Ə.Əliyev Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurları dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirib.
Görüşün sonunda idmançılara və onların məşqçilərinə fəxri fərmanlar və hədiyyələr təqdim edilib.