Dahi Azərbaycan şairi yaxın şərqdə adı mərdlik, fədakarlıq rəmzi kimi hörmətlə anılan və əqidəsi uğrunda dərisi soyulan, edam edilən İmadəddin Nəsimi 1369-cu ildə Şamaxı şəhərində doğulmuşdur. Öz dövrünün tanınmış şəxsiyyətlərindən olan Seyid Məhəmmədin ailəsində böyümüş Seyid Əli ilk təhsilini Şamaxıda almış, sonralar fəlsəfi və dini cərəyanları öyrənmiş, Nizami, Xəqani, Məhsəti , Arif Ərdəbilli, Mahmud Şəbustərinin əsərləri ilə tərbiyələnmişdir. O yaxın şərqin görkəmli şairlərindən Cəlaləddin Rumi, Sədi, Rüdəki və digər klassik şairlərin əsərlərini erkən yaşlarında dərk etdiyindən özü də gözəl şeirlər yazmağa başlamışdır.
X əsrdə Bağdad şəhərində dara çəkilmiş Həllac Mənsur Hüseynin təriqətini bəyənmiş, Ərdəbildə Şeyx Səfi canişinlərinin görüşlərinə rəğbət bəsləmiş, ilk şeirlərini “Hüseyn” təxəllüsü ilə yazmışdı.
Faciəvi şəkildə ölümə getdiyi zaman mərdi-mərdanə sözündən dönməyən Nəsimi Azərbaycan dilində şeirin ilk gözəl nümunələrini yüksək səviyyədə ifadə edən sənətkarlardan biridir. Şeirlərini üç dildə – ərəb, fars və Azərbaycan dilində yazmışdır. Nəsimi çox sonralar hurufiliyin əsasını qoyan Fəzlullah Nəimi ilə Bakıda görüşmüş, əqidəsini bəyənmiş, onun adı ilə səsləşən “Nəsimi” təxəllüsünü özünə götürmüşdür. O, İraqda Türkiyənin Anadolu şəhərində hurufiliyi təbliğ etmiş və son məskəni Hələb şəhəri olmuşdur. Şərqlə-Qərb arasında ticarət əhəmiyyətli şəhər kimi tanınan Hələbin mərkəzi Misir olan məmlüklərə tabe idi. Onlar Hələb ruhaniləri ilə birləşib şairi dinsizlikdə günahlandırırlar. Ancaq Nəsimi elə bir şair olub ki, qardaşı Şah Xəndan ona ehtiyatlı olmağı tapşırsa da öz iradəsinin  dönməzliyini məsnəvi ilə cavablandırır:
                            Dəryayi mühit cuşa gəldi,
                            Kövnilə məkan xuruşa gəldi,
                            Sirri-əzəl oldu aşikarə,
                            Arif necə eyləsin müdarə?
Şairin təbiət təsvirlərinə həsr olunmuş məhəbbət duyğulu əsərləri oxuculara estetik təsir bağışlayır. Özünün dediyi kimi “Quş dili” olsa da ictimai fəlsəfi fikirli əsərləri də məntiqli və təsiredicidir. Bu gün Nəsimin beyitləri dillərdə aforizm kimi səslənir:
                Zahidin bir barmağın kəssən, dönüb həqqdən qaçar,
               Gör bu gerçək aşiqi, sərpa soyallar ağrımaz,
                               və yaxud
                Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
                Gövhəri laməkan mənəm, kövni məkana sığmazam
Böyük sənətkar bütün yaradıcılığı boyu Allahdan, Peyğəmbərlərdən, Övliyalardan ilhamlansa da, lakin onun iradəsi, mütərəqqi ideyaları dövrün mürtəce ruhanilərinin müqavimətinə tuş gəlmiş və dərk edilmədən “allahsızlıqda” ittiham olunmuşdur. Nəsimi sənəti bütövlükdə insan qüdrətinə, gözəlliyinə heyranlıqla dolu bir nəğmə kimi səslənir. Əslində bu gözəllik, qüdrət, özünü dərk etmiş insanlara məxsusdur. O insan ki, şər əməllərdən, bədxahlıqdan, xəyanətdən, şeytanı nəfslərdən çox-çox uzaqdadır. Dünyada həmişə olduğu kimi bu gün də qardaş-qardaşa , doğma əzizinə xəyanət edirsə, şeytani nəfslərə uyub insanlıqdan çıxırsa deməli Nəsimi sənəti humanist ideyaları ilə bəşəriyyətin xilaskarı kimi hələ də yaşayır.
İllər keçir, nəsillər dəyişir İmaməddin Nəsimi bənzərsiz yaradıcılığı ilə tarix boyu yaşamış və yaşamaqdadır. Hələb şəhərində uyuyan şair, onu sevənlərin qəlbində həmişə məhəbbətlə anılır. Elə Respublikanın prezidenti İlham Əliyev cənablarının növbəti sərəncamı ilə 2019-cu ili “Nəsimi ili” elan etməsi buna bariz nümunədir.
Ruhun şad olsun, ustad! Doğurdan da sən “Əbədiyyət üfüqlərində doğan eşq günəşi” kimi daim şölələnir və şölələnəcəksən də…!
Gülnar Əsədli
Astarainfo.az