Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin  08 iyun 2018- ci il tarixli məktubuna əsasən Astara Uşaq musiqi məktəbinin VI sinif şagirdi Mustafazadə Aysu Anar qızı Vladimir Kraynev adına pianoçuların III Beynəlxalq Moskva müsabiqəsində iştirak etmişdir.
 Astarainfo.az xəbər verir ki, müsabiqənin şərtlərinə görə Vladimir Kraynev adına pianoçuların III Moskva Beynəlxalq müsabiqəsinin birinci mərhələsinə hər bir ifaçı 15 dəqiqəlik proqramın video yazısını təşkilat komitəsinə təqdim edilmişdir.
Bu mərhələdə Aysu Mustafazadə İ.S.Bax, M.Moşkovski, F.Mendelson və T.Quliyevin  əsərlərini ifa etmişdir.
 Müsabiqənin birinci mərhələsində dünyanın 16 ölkəsindən 67 ifaçı iştirak etmiş və onlardan 50 nəfərinə ikinci mərhələdə iştirak etmək hüququ verilmişdir. Bu mərhələ dünyanın 8 şəhərində Moskva, Sankt-Peterburq, Seul, London, İmola, Pxenyan, Pekin, Tokio) keçirilmişdir.
Sevindirici haldır ki, Astara Uşaq musiqi məktəbinin şagirdi Aysu Mustafazadə ikinci mərhələdə iştirak etmək hüququ qazanaraq Moskva şəhərinə dəvət almışdır. Yanvarın 27-də Moskvada Qnisinalər adına kollecin orqan zalında K.Çerni, V.Motsart, İ.Vıqodski, K.Debüsi və M.Mizəyevin əsərlərindən ibarət 20 dəqiqəlik proqramla çıxış etmişdir.
Hazırda istedadlı pianoçu müəllimi Aybəniz Dadaşovanın rəhbərliyi ilə növbəti müsabiqəyə hazırlaşır. İnanırıq ki, gənc pianoçu müəllimlərinin ümüdlərini doğruldaraq yeni-yeni uğurlara imza atacaqdır.