Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Astara Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə, Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev çıxışında dövlət-din münasibətlərindən danışaraq, İslam dininin öz ümumbəşəri mahiyyəti və birləşdirici missiyası ilə insanları daim sülhə və humanizmə dəvət etdiyini vurğulayıb. M.Hacıyev rayonda mövcud olan vəhdətin qorunub saxlanılmasının vacibliyini qeyd edib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə milli-mənəvi və dini dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasında dini icma sədrləri və din xadimlərinin üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb.
T.Həsənzadə dini radikalizm, onun fəsadları və radikalizmə qarşı mübarizə metodları haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Daha sonra çıxış edən QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli dövlətin dinə qayğısından danışıb. İ.Həsənli həmçinin dini icma sədrləri və din xadimlərinə tövsiyələrini verib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Astarainfo.az