Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ilk dəfə Uşaq Valideynlərinin Ümumdünya Konfederasiyasının təşəbbüsü ilə 2001-ci ildən təqvimə daxil edilib. Birinci dəfə həmin beynəlxalq gün yanvarın 15-də Lüksemburqda keçirilib, ancaq sonra onu bir ay irəli çəkmək qərara alınıb.
Hazırda onkoloji xəstəliklərə tutulmuş uşaqlar günü Uşaq Onkoloqlarının Beynəlxalq Cəmiyyətinin himayəsi altında dünyanın 90-dan artıq ölkəsində keçirilir.
Uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin 1-1,5 faizini təşkil edir. Uşaqlarda təsadüf olunan onkoloji xəstəliklər böyüklərə nisbətən çox fərqlidir və onların əsas hissəsini embrional şişlər təşkil edir. Bunların içində leykemiyalar daha tez-tez rast gəlinən xərçəngin növüdür.
Təəssüf ki, problemin aktuallığı ildən–ilə artır. Tibbi statistikaya əsasən, hər il dünyada təxminən 200 min uşaq xərçəng xəstəliyi ilə üzləşir və onların yarısı həyatını itirir. Erkən və vaxtında aparılan diaqnostika onkoloji xəstəliklərin müalicəsində mühüm rol oynayır. Xəstəliyin birinci və ya ikinci mərhələdə aşkar edilməsi onun uğurlu müalicəsinə səbəb olur. Ancaq xərçəng xəstəliyi əksər hallarda üçüncü, 8 faiz hallarda isə hətta dördüncü mərhələdə aşkar edilir.
Çətinlik ondadır ki, onkologiyanın təxminən 200-ə yaxın forması var və xəstəliyin hər hansı bir orqanda başlaması mümkündür. Uşaqlar daha çox leykemiya və ya qan xərçəngi ilə üzləşirlər. Sonrakı yerləri mərkəzi sinir sistemi xəstəlikləri, yumşaq və birləşdirici toxumalar, oynaq qığırdaqları və sümüklərdə olan törəmələr tutur. Uşaqlar tamamilə müxtəlif yaşlarda – bir aylığından 18 yaşa qədər xəstəliyə düçar olurlar və onların hamısının intensiv müalicəyə ehtiyacı var. Müasir diaqnostika aparatları ilə təchiz olunmuş inkişaf etmiş ölkələrdə xərçəng xəstəsi olan dörd uşaqdan üçü sağalır. İnkişaf etməkdə olan ölkələrdə isə vəziyyət bunun əksidir.2012-ci il martın 7-də Milli Onkologiya Mərkəzinin nəzdində Azərbaycanda ilk dəfə Uşaq Onkoloji Klinikası fəaliyyətə başlayıb. Uşaq Onkoloji Klinikasının yaradılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyevin böyük əməyi var. Hazırda bu klinika regionumuzda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara ixtisaslaşmış, yüksək texnologiyalarla təchiz olunmuş keyfiyyətli tibbi yardım göstərən yeganə tibb müəssisəsidir.(AZƏRTAC)