Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, fevralın 12-dən başlayaraq ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda da əhalinin kütləvi tibbi müayinələri uğurla davam etdirilir.
Tibbi müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Astara Rayon İcra Hakimiyyətində “Tədbirlər planı” təsdiqlənib, onun icrasına gündəlik nəzarət edilir.
Əhalinin tibbi müayinələri Astara Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində, o cümlədən sahə xəstəxanalarında və həkim məntəqələrində təşkil olunub.
Astara Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri Gülnar Muxtarova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, əhalinin kütləvi şəkildə tibbi müayinədən keçirilməsini yüksək səviyyədə təmin etmək məqsədilə rayonda 4 həkim briqadası yaradılıb.
Humanitar aksiyanın yeddi günündə 11825 nəfər rayon sakini tibbi müayinələrdən keçib. Onlardan 16 nəfəri stasionar, 1670 nəfəri ambulator müalicəyə cəlb olunub. Bu müddətdə xəstəliyi aşkar edilmiş iki nəfər üzərində cərrahiyyə əməliyyatı aparılıb. 20 nəfər isə Bakı şəhərinə göndərilərək ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunub.
Tibbi müayinəyə gələn vətəndaşlar yüksək səviyyədə təşkil olunan pulsuz xidmətdən razı qaldıqlarını, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Maşxan kənd sakini Babulla Əliyev tibbi müayinələrdən razılığını belə ifadə edib: “Humanitar aksiyanı təşkil edənlərdən Allah razı olsun. Hər bir Azərbaycan vətəndaşı öz sağlamlığı üçün müraciət edir və ehtiyac olduqda müalicə alır. Xaricdə böyük vəsait bahasına başa gələn tibbi müayinələr ölkəmizdə pulsuz yerinə yetirilir”.
Qeyd edək ki, Astara rayonunda humanitar aksiyadan yaşı 18-dən yuxarı olan 74768 nəfər yararlanacaq.