Fevralın 21-də Astara rayon Heydər Əliyev Mərkəzində 26 Fevral Xocalı Soyqırımının 27 illiyinə həsr olunmuş “Tariximiz bizim üçün dərs olmalıdır” (Heydər Əliyev) mövzusunda sərgi və tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra“Qan yaddaşımız. Qəhrəmanlıq səlnaməsi” mövzusunda flim nümayiş olunub.
Tədbirdə Mərkəzin  fondunun baş mühafizi Elza Kazımova çıxış edərək Xocalı Soyqırımı faciəsindən 27 il ötməsinə baxmayaraq  Azərbaycanın bu qanlı hadisəni unutmadığını, xalqımızın qəlbində erməni vandalizminə qarşı nifrətin getdikcə daha da artdığını bildirib. 1992-ci il fevralın 25-dən 26 -na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmışdır. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca insanlar olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırıldı.
 24 fevral 1994-cü il tarixli Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı «Xocalı Soyqırımı günü» kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı.
Artıq bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyi, Azərbaycanın artan nüfuzu, uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyəti başa düşür ki, Ermənistanın idarə olunan siyasətinin əsasında terrorçuluq və işğalçılıq siyasəti dayanır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq səviyyədə aparılan ideoloji təbliğatın əsas prioritetləri Dağlıq Qarabağ haqqında həqiqətləri, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış, bütün dünya birliyi tərəfindən dəstəklənən “Xocalıya ədalət” kampaniyasını genişləndirməkdə  də məqsəd ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə həqiqətləri beynəlxalq aləmdə yaymaqdır.
Tədbirdə mövzu əfrafında Astara rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzəli Bayramov, Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi  və Astara rayonu üzrə nümayəndəsi Şadoğlan Bayramov, Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi İlyas Məmmədov çıxış ediblər.
Sonda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin fondunda saxlanılan Xocalı şəhidlərinin fotoşəkillərinə, kitablara və “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.
Elza Kazımova
Astarainfo.az