Gələn ildən etibarən icbari tibbi sığorta xidmətlərının sayı artırılacaq. Xidmətlər zərfinə süni mayalanma və orqan transplantasiyasının da daxil edilməsi nəzərdə tutulur.
Gələn ildən sonsuz ailələr icbari tibbi sığorta hesabına süni mayalanma edə biləcəklər. Süni mayalanmanın limitli şəkildə icbari tibbi sığorta sisteminin xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanovun sözlərinə görə, xidmətin hansı kateqoriyadan olan ailələrə şamil edilməsi yaxın vaxtlarda bəlli olacaq. Bundan əlavə, orqan transplantasiyası xidmətinin də limitli şəkildə xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur. Hazırda bununla bağlı qiymətləndirmələr aparılır.
Qeyd edək ki, hazırda icbari tibbi sığorta Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilir. Pilot layihə bu ilin sonuna qədər davam edəcək. 2019-cu ildə xəstəxanaların icbari tibbi sığorta sisteminə keçidi üçün bütün hazırlıq işlərinin başa çatdırılması, 2020-ci ildən ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılması nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

© xezerxeber.az