18-21 fevral tarixlərində Xocalı Soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi XX əsrin faciəsi” mövzusunda Astara şəhər 1, 3, Ərçivan qəsəbə 4 saylı tam orta və Rüdəkənar kənd ümumi orta məktəblərində sərgi və tarix dərsləri keçirilib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Heydər Əliyev Mərkəzinin kargüzarı Aygün Rufulayeva geniş məruzə ilə çıxış edərək bildirib ki, Xocalı Soyqırımı faciəsindən 27 il ötməsinə baxmayaraq xalqımız bu faciəni heç vaxt unutmayacaq.
Tarix dərslərində Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açacaqlar. Eyni zamanda faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikası və soyqırımı törədənlərdən geniş bəhs edilib.
Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi mümkün olmuşdur. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etmiş, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır. Ümummilli liderimizin “Xocalı soyqırımının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00- da Azərbaycan Respublikasının bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.
Artıq bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyi, Azərbaycanın artan nüfuzu, uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyəti başa düşür ki, Ermənistanın idarə olunan siyasətinin əsasında terrorçuluq və işğalçılıq  dayanır.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq səviyyədə aparılan ideoloji təbliğatın əsas prioritetləri Dağlıq Qarabağ haqqında həqiqətləri, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış, bütün dünya birliyi tərəfindən dəstəklənən “Xocalıya ədalət” kampaniyasını genişləndirməkdə məqsəd ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə həqiqətləri beynəlxalq aləmdə yaymaqdır.
Tarix dərsində Xocalı Soyqırımı ilə bağlı Astara rayon Ərçivan qəsəbə 4 saylı tam orta məktəbinin tarix müəllimi İradə Rzayeva çıxış edib.
Sonda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin fondunda saxlanılan Xocalı şəhidlərinin fotoşəkillərinə və “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.
Elza Kazımova
Astarainfo.az