Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 2018-ci ildə 11-ci qrant müsabiqəsi üzrə qalib olmuş “Gənclər arasında tarix və mədəniyyət bələdçilərinin hazırlanması” layihəsi çərçivəsində cənub bölgəsinin fəal gənclərinin iştirakı ilə Masallı, Lənkəran və Astara rayonlarının tarixi və mədəni abidələrinə ekskursiyalar təşkil olunub.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri Nemət Əliyev layihənin ilk mərhələsinə yanvar ayında Masallı rayonunda başlanıldığını deyib. Bildirib ki, təlimlərdə əsas mövzu Masallı, Lənkəran və Astara rayonlarının tarix və mədəniyyəti, mətbəxi, milli rəqsləri və folkloru ilə bağlı olub.
Sonra gənclər cənub bölgəsinin tarix və mədəniyyət abidələrinə – Masallı Tarix-Diyarşünaslıq Muzeyinə, “Yanar dağ”a, Lənkərandakı “Xan evi”nə, general Həzi Aslanovun ev-muzeyinə, “Dairəvi qala”ya, Astarada 1806-cı ilə aid hamama, “Ulduz” filminin bəzi epizodlarının çəkildiyi “Ləm”ə (yay istirahət evi), “Yanar bulaq”a səyahət ediblər.
Tədbirin sonunda gənclərə sertifikatlar və hədiyyələr təqdim olunub.
Asim Yusifov
Astarainfo.az