Təhsil nazirinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin tətbiqi barədə” müvafiq əmri ilə həyata keçirilən layihə çərçivəsində Astara şəhər 1 nömrəli tam orta məktəbində Astara Rayon Təhsil Şöbəsinin və Lənkəran Dövlət Universitetinin (LDU) birgə təşkilatçılığı ilə “Təbiəti keşikçi yox, sevgi qurtaracaq” mövzusunda biologiya gecəsi keçirilib.
Toplantıda çıxış edən Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov tədbirin məqsədinin şagirdlərin biologiya fənninə marağını artırmaq, onlara təbiəti, heyvanları, ümumilikdə canlı aləmi qorumaq hisslərini aşılamaq və qrup şəklində işləmək vərdişlərini təkmilləşdirmək olduğunu bildirib. O deyib ki, bütün elmlərin öz sirri, gözəlliyi var. Biologiya elmi predmetinə görə bütün elmlərdən yüksəkdə dayanır. Ona görə ki, bu elm dünyanın ən mürəkkəb laboratoriyası olan canlıları öyrənir.
“Biologiya gecəsi”ndə şagirdlərin ifasında “Meyvələrin söhbəti”, “Toyda orqanlar”, “Balıq tutan uşaqlar”, “Təcrübə”, “Ekologiya”, “Zərərli vərdişlərə yox deyək”, “Vitaminlərin söhbəti”, “Xəstə və həkim”, “ Orqanların mübahisəsi” adlı elmi- əyləncəli səhnələr təqdim olunub. Həmçinin şagirdlərin ifasında bioloqlara həsr olunmuş şeirlər, mahnılar səsləndirilib.
Tədbirdə çıxış edən LDU-nun prorektoru Kamran Kazımov, biologiya üzrə fəlsəfə doktoru, dosent Məmmədhüseyn Hüseynov, rayon təhsil şöbəsinin metodkabinetin müdiri Emin Fətəliyev belə tədbirlərin keçirilməsinin şagirdlərin intellektual inkişafı, Vətəni, təbiəti sevən və onu hər zaman qorumağa çalışan yetkin şəxsiyyət kimi formalaşmaları baxımından əhəmiyyətini vurğulayıblar. Çıxışlarda qeyd olunub ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə təbiətin mühafizəsi, bərpası və zənginləşdirilməsinə qayğı ilə yanaşıb.
Diqqətə çatdırılıb ki, son illər bu sahədə beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, birgə layihələr hazırlanaraq həyata keçirilib, ekoloji tarazlığın təmin edilməsinə, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasına yönəldilmiş bir sıra Dövlət proqramlarının icrasına başlanılıb. Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan flora və fauna növlərinin qorunub saxlanılması məqsədilə milli parklar, dövlət təbiət qoruqları və dövlət təbiət yasaqlıqları yaradılıb. Bütün bunlar Ümummilli Lider tərəfindən uzaqgörənliklə həyata keçirilmiş ekoloji siyasətin bəhrələridir.
Nicat Raufoğlu
Astarainfo.az