Astara Rayon İcra Hakimiyyətində əhaliyə göstərilən səhiyyə xidmətinin vəziyyəti müzakirə edilib.
Yığıncaqda rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mərasim Hacızadənin mövzu ilə bağlı məruzəsi dinlənilib.
Məruzə ətrafında müzakirələrdə Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev, xəstəxananın poliklinika şöbəsinin müdiri Gülnar Muxtarova və başqaları çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, rayonda əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi, səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində müəyyən işlər görülüb. Astara Rayon Mərkəzi Xəstəxanası əsaslı təmir olunaraq müasir tibbi avadanlıqla təchiz edilib, Pəlikəş kənd sahə xəstəxanası üçün yeni bina tikilib, Kijəbə qəsəbə, Pensər kənd sahə xəstəxanaları əsaslı təmir olunub, Şiyəkəran kənd həkim məntəqəsinin dam örtüyü dəyişdirilib.
Azərbaycan Respublikası Prezidentinin tövsiyəsi ilə hər il keçirilən əhalinin kütləvi pulsuz tibbi müayinələrə cəlb olunması, bu humanitar aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə rayonun səhiyyə işçiləri yüksək fəallıq nümayiş etdirirlər.
Bildirilib ki, rayon icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə respublikanın klinikalarında çalışan yüksəkixtisaslı peşəkar həkim briqadaları rayona dəvət edilərək rayon mərkəzi xəstəxanasında vətəndaşların müayinə və müalicəsi təşkil olunur. Ötən ilin mart ayında Kardiologiya İnstitutunun direktoru, professor Adil Baxşəliyevin rəhbərliyi ilə ixtisaslı həkim briqadasının rayon mərkəzi xəstəxanasında keçirdiyi humanitar aksiya zamanı 700-dən çox rayon sakini müayinə olunub və onlara müalicə kursları təyin edilib. May ayında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya İnstitutunun yüksəkixtisaslı həkim briqadası rayona dəvət edilib. “Səyyar qatar”da 700 vətəndaş müayinə edilib, 19 xəstə üzərində müxtəlif həcmli əməliyyatlar aparılıb, 30 xəstə Masallı rayonunda, 100-ə yaxın xəstə isə Bakı şəhərində əməliyyata cəlb olunublar. Həmçinin 2018-ci ildə Bakı şəhərindən ayrı-ayrı vaxtlarda uşaq nevropatoloqu, uşaq kardioloqu, hematoloq, neyrocərrah ixtisası üzrə həkimlər mərkəzi xəstəxanaya dəvət edilib, mindən artıq rayon sakini tibbi müayinədən keçib.
Xəstəxananın poliklinika şöbəsində 7200 nəfər müxtəlif xəstəliklərlə əlaqədar dispanser qeydiyyatındadır və onlar ilboyu pulsuz dərmanlarla təmin edilib.
Çıxış edənlər rayon əhalisinə göstərilən səhiyyə xidmətində qazanılan uğurlardan danışıb, bu sahədə mövcud problemlərlə bağlı təkliflərini bildiriblər. Qeyd olunub ki, müasir tibbi avadanlıqla təchiz olunmasına baxmayaraq, rayon mərkəzi xəstəxanasında, sahə xəstəxanalarında və həkim məntəqələrində həkim və digər ixtisaslı tibb işçilərinin çatışmaması narahatlıq doğuran məsələlərdəndir. Həkim çatışmazlığı mövcud tibbi heyətin işini çətinləşdirir, daha keyfiyyətli səhiyyə xidməti göstərilməsində problemlər yaradır.
Yığıncağa yekun vuran Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev əhaliyə yerində tibb xidməti göstərmək üçün səyyar həkim briqadasının yaradılmasını və vaxtaşırı olaraq rayonun qəsəbə və kəndlərində əhalinin müayinəsini təşkil etməsini təqdirəlayiq hesab edib. Qeyd olunub ki, rayon mərkəzi xəstəxanasının ən böyük xidmət sahəsi olan poliklinika şöbəsinin ayrı-ayrı kabinetlərində xəstələrin dispanser qeydiyyatı, imtiyazlı xəstələrin dəqiq uçotu ardıcıl olaraq yenilənməli, sahə həkimləri və tibb işçiləri təhkim olunan ərazidəki vətəndaşlarla müntəzəm əlaqə saxlamalıdırlar.
Xəstəxananın rəhbərliyi əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsini yaxşılaşdırmaq, yoluxucu və infeksion xəstəliklərin qarşısını almaq məqsədilə cavabdeh şəxslərdən ciddi məsuliyyət tələb etməli, tabeliyində olan mütəxəssislərə qarşı tələbkarlığı artırmalı, yol verilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması üçün bütün qüvvə və bacarıqlarını sərf etməlidir.
Yığıncaqda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.
Astarainfo.az