Şəhər 5 saylı  tam orta məktəbində yol təhlükəsizliyi qaydaları ilə əlaqədar keçirilən tədbir böyük maraqla qarşılanıb.  
Tədbirdə rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi İlqar Rəhimzadə, bölmənin əməkdaşı, polis mayoru Sübhan İsgəndərov, veteranlar təşkilatının sədri Rafiq Əliyev, ziyalı ağsaqqalları cəmiyyətinin sədri Camal İbrahimov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Məktəbin direktoru Arzu Əhmədova polis əməkdaşları ilə məktəblilərin sıx əlaqə saxlamasının ümumi işə böyük fayda verdiyini diqqətə çatdırıb.                                
Vurğulanıb ki, rayon Polis Şöbəsinin əməkdaşları qanunçuluğun təbliği, cinayət hallarının qarşısının alınması, ictimai asayişin qorunması, narkomaniyaya qarşı ciddi mübarizə aparılması və yol təhlükəsizliyini təmin edilməsi üçün yerlərdə ictimaiyyətin bütün təbəqələri ilə müntəzəm olaraq əlaqə saxlayır, geniş maarifləndirmə tədbirləri keçirilməsinə xüsusi önəm verirlər. Xüsusən məktəbli gənclərlə belə tədbirlər keçirilməsi öz müsbət nəticələrini göstərir.             
Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi İlqar Rəhimzadə, çıxış edərək yol hərəkəti qaydaları haqqında biliklərin əyani şəkildə öyrədilməsi üçün əməli tədbirlərin görülməsinin vacibliyini qeyd edib. Son dövrdə respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da yol hərəkəti qaydalarının təbliği sahəsində görülən işlər müsbət nəticələrini verir.
O qeyd edib ki, məktəblərdə yol hərəkəti qaydalarının öyrədilməsi, məktəbdənkənar pedaqoji tədbirlərin müntəzəm keçirilməsi uşaqların küçədə intizamlı olmalarına və bədbəxt hadisələrin qarşısının alınmasına kömək edə bilər. Şagirdlərə yol hərəkəti qaydalarında olan əsas terminlər və anlayışlar izah olunmalıdır. Eyni zamanda hərəkəti nizamlayan texniki vasitələrin tətbiqi, yol nişanları,  və intizamı, yol ayırıcılarının keçirilməsi qaydaları, düzülüş, ötüb keçmə, dayanma, gözləmə qaydalarının da şagirdlərə öyrədilməsi vacibdir.
Tədbirdə Rafiq Əliyev, Camal İbrahimov və başqaları çıxış ediblər.  Onlar məktəblərdə belə görüşlərin keçirilməsini yüksək qiymətləndirməklə, yol hərəkəti qaydalarının məktəblilərə daha geniş şəkildə öyrədilməsi və əməl olunması üçün pedaqoji kollektivin və valideynlərin məsuliyyəti barədə fikirlərini bildiriblər.   

 Nicat Raufoğlu

Astarainfo.az