Vətən gözdür, biz kirpik, gözümüzün keşiyini çəkirik

Hər bir şəhid millətin mənəvi ucalığıdır(Heydər Əliyev)

Zaman öz axını ilə gedir. Gecəni gündüz edən, yağmuru yağdıran, günəşi şəfəqləndirən dünyanı nizamla idarə edən aləmlərin Rəbbinin hökmləri, möcüzələri hər an bizimlədir. Heç kim ömrünün necə bitəcəyini öncədən dərk edə bilməz. Allah hər kəsə bir ömür bəxş edir. Kiməsə çox, kiməsə də az-nakam ömür…

Ötən əsrin 90-cı illərində əbədiyaşar bir ad-şəhidlik dilimizdə daşlaşdı və qan yaddaşımız oldu. Hansı ki, Qurani-Kərimdə “Şəhidlərə ölü deməyin, onlar Allah dərgahında diridirlər”  kimi müqəddəs bir kəlam bu ömrü yaşayanların şəninədir.

Bu gün hər birimizə bəllidir ki, ölkəmiz gözlənilməz savaşdan çox sarsıdıcı, qan qatılaşdıran fəlakətlərlə üzləşib. Torpaqlarımız düşmən tapdağına məruz, körpələrimiz dil açmadan yetim qaldı, anaların qəlbi yaralandı, ataların qəddi əyildi. Bütün bu azmış kimi düşmən haqqlı olduqlarını vəhşicəsinə hayqırdılar. Heç zaman unudulmayacaq itkilər qan yaddaşımız “20 Yanvar” faciəsi, “Əsrin bəlası Xocalı soyqırımı”, ana qucağından ayrılan, toy-büsatı qurulmayan cavanların öz qanına bələnməsi necə də ürək ağrıdıcı fəlakətdir. Nə yazıq ki, şəhidlərə ağı deməklə onların ömür yoluna işıq tutmaq bu sətirlərin müəllifinə də nəsib olub. Hər dəfə şəhidlərdən nəsə oxuyanda, yaxud yazanda göz yaşlarım aram-aram süzülür.

Ana Vətənimizin hər guşəsində şəhidlik zirvəsinə ucalmış igid ərənlərimizin arasında tarixi qədim Astaranın da öz payı vardır. Vətənin bölünməzliyi uğrunda şirin canını fəda etmiş şəhid tək bir ananın-atanın yox ümumən Azərbaycan övladı-Vətən oğlu kimi tarixə düşüb. Ölkə rəhbəri şəhidlərə onların ailəsinə həmişə önəm verdiyi kimi qədirbilən xalqımız da igidlərimizi məhəbbətlə anır, xatirələrinə ucaldılmış xiyabanları, kompleksləri ehtiramla ziyarət edərək ruhlarına dua oxuyurlar.

Dövlət başçısı şəhidlərin bir çoxunu orden-medallarla təltif etdiyi kimi onların ailəsinə də bir-birindən fərqli, güzəştli imtiyazlar vermişdir. Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti sərəncamı ilə şəhid ailələrinə-onların vərəsələrinə on bir min manat (11 min) yardımın verilməsi müəyyən edilmişdir.

Prezidentin bu humanist qayğısı şəhid ailələrinin ürəyincə olmaqla dövlət başçısına qarşı daha da məhəbbət oyatmışdır.

Novruz bayramı qabağı rayonumuzda həmin yardımı almış bir neçə ailə ilə görüşdük.

Şüvinin Vəznəş deyilən ərazisində Svetlana ananın evində olduq. Bu xanımı çoxdan tanıdığımdan söhbətimiz səmimi alındı:

-Elşad, Elçindən sonra Elşənim 1975-ci ilin sentyabrın 3-də dünyaya gəlib. Yaraşıqlı, gözəl xarakterli oğlumla fəxr edərdim. Şüvi kənd orta və  Lənkəranda sürücülük məktəbini bitirib. Elə bil uşağımın ürəyinə damıbmış ki, nə vaxtsa sürücülükdən yararlanacaq. 1993-cü ilin  oktyabrın 16-da yağmurlu bir gündə Elşən sevinə-sevinə orduya getdi. O, gedəndən nigaranlı günlərim başladı. Bir dəfə məzuniyyətə gəlmişdi. Döyüşlərdən elə danışardı ki, gözlərindən alov çıxırdı. Oğlum cəmi beş ay döyüşə bildi. Sevinci yarımçıq qaldı. Balamın ölüm xəbəri bütün şəhid anaları kimi məni də yaraladı. Dəfninə gələn döyüş yoldaşı deyirdi ki, Elşən çox cəsur və qorxmaz olub. Həm döyüşür həm də lazım olan məqamda sürücülük edərmiş. Füzulinin Seyidəhmədli kəndində gedən döyüşlərdə balam sol qolundan ağır yaralanır. Buna baxmayaraq yaralı yoldaşlarını maşınla aradan çıxardıb xəstəxanaya çatdırıb. Lakin çoxluca qan itirdiyinə görə söylədiyi kimi düşmənin axırına çıxmadan 1994-cü ilin fevralın 10-da gözlərini əbədi yumub.

Dövlət başçımızın diqqət və qayğısı ilə həmişə əhatə olunmuşuq. Bizə verilən on bir min manat kədərli gözlərimizi sevincdən yaşartdı. Elşənimin nişanəsi qalmadı, sevgilisinin adını da bilmədim. Amma ata nəvazişindən erkən məhrum olmuş beş yaşlı şikəst Lana adlı nəvəm aldığım vəsaitlə əməliyyat olundu. Buna görə ailəlikcə Prezidentimizə minnətdarıq.

Elşən Məmmədovun sonbeşik qardaşı Mehman, evin gəlini Zamirə şəhiddən maraqla danışdılar. Atası Hacıağa kişi son anda söhbətə müdaxilə edərək dedi ki, bir dəfə bomba partlayışı zamanı bir xeyli döyüşçü yaralanmaqla yanaşı vəfat etmişdilər. Ölənləri maşınla aparanda ölü bilinmiş əksinə huşunu itirən Elşən özünə gəlir. Və bir neçə saatlığa bibisgilə gedir. Təcilli ona dəyməyə getdim. “oğlum gedək evə, anan da səni görsün müalicə alandan sonra geri qayıdarsan” desəm də o “yox ata, döyüş yoldaşlarım məndən nigarandır, həm də silahım məni gözləyir, xəstəxanalıq işim yoxdur” deyərək  hərbi hissəyə qayıtdı. İki aydan sonra qara xəbərini eşitdik.

Yarım əsr əvvəl Svetlana ana Bakıdan Astaraya gəlin köçəndə nə biləydi ki, qismətində bala yanğısı ilə yanaşı qürur duyulası bir ömrü varmış. İdmanla ciddi məşğul olan, döyüş dostlarının “Rembo” dedikləri Elşən Məmmədov nakam ömrü ilə əzizlərinin qəlbini yandırsa da əbədi yaşayacaq bir adla tarixə düşdü.

Şəhərin Nizami küçəsində yaşayan Elmira ana gəlişimi bilirmiş kimi qapını açarkən qarşılaşdıq. Gülərüzlə qarşılandığımdan toxtaqlıq taparaq təəccüb qarışıq üzümə təbəssüm qondu. Yanılmamışdım, ana ilə söhbət etdikcə onun həyəcanlı danışığından gözlərinin dərinliyindəki kədər hiss olunurdu:

– Övladlarımdan hər cəhətcə fərqlənən yarlı-yaraşıqlı Əfqanım məndən uzaqlarda həyata əlvida deyib. Könüllü orduya yazılmış bizdən xəbərsiz hərbi hissəyə yola düşən Əfqanımdan nigaran halda narahat günlərim çox olub. Hətta ürəyimlə bacarmadım. Bakıda vağzallarda onu arayıb-axtarmışam. Düşünürdüm ki, yəqin yenə işlədiyi yerə-Tolyattiyə gedib. Yalnız iki aydan sonra onu hərbi paltarda evdə görərkən sevinc qarışıq həyəcanlandım. Oğlumun boynuna sarılıb ağladım. Əfqanım “ana ağlama, Vətənimi, səni, bacı-qardaşlarımı qoruyuram, qəmlənməyə dəyməz” dedi.

1966-cı ilin iyunun 24-də Astara şəhərində dünyaya gəlmiş Əfqan Səfərov şəhər 3 saylı tam orta məktəbini müvəffəqiyyətlə bitirib. “Təhsilimi Rusiyada davam etdirəcəyəm” deyərək Vətəndən uzaqlara gedib. Tolyattidə “Jiquli” zavodunda işə düzəlib. Sonra nəqliyyat ixtisası üzrə instituta daxil olub. İkinci kursda oxuyarkən Vətənin üstünü qara buludlar aldığını eşidir və doğma yurduna qayıdır. Görünür Vətənin azadlığı uğrunda şəhid olmaq qismətində var imiş. Ona görə əzizlərinə heç nə demədən rayon hərbi komissarlığında könüllü orduya yazılır. Almaniyada hərbi xidmətdə olmuş Əfqan doğma torpaqları uğrunda gedən döyüşlərdə qorxmazlığı ilə seçilir. Onun fədakarlığı komandir tərəfindən qiymətləndirilir. Ağdamda, Füzulinin Horadiz qəsəbəsində gedən döyüşlərdə qəhrəman döyüşçü atəşkəsdən iki ay sonra şəhid olaraq ömrünü əzizlərinə bağışladı. Daim yoldaşlarını düşünən qorxmaz, fədakar, döyüşçünün ölümü yoldaşlarını çox təsirləndirdi.

O yaddançıxmaz günləri Elmira ana beləcə xatırlayır. “Əfqan Füzulidə olarkən iki dəfə yanında olmuşam. Balamın hərbi hissədə necə sevildiyinin şahidi olanda qəlbim dağa döndü. Oğlum istirahətdə imiş kimi mənə təsəlli verərdi ki, darıxmayım. Əslində orada havadan qan qoxusu gəlirdi. Evə qayıdan kimi çox darıxdım. Yenidən yanına getməyə hazırlaşırdım ki, qara xəbəri eşitdim. 27 yaşında şəhid olan Əfqan toy-nişan görmədi. Sevgilisindən də xəbərim olmadı. Atası yaranı özü ilə məzara apardı. Mən isə ağır da olsa hələ yaşayıram. Prezidentimizin qayğısı yaramı hardasa qaysaqlayıb. Mənim üçün iki otaqlı mənzil tikdirib. 255 manat təqaüdlə yanaşı 250 manat sosial yardım da alıram. Bu günlərdə 11 min manat vəsaiti də aldım. Həmin vəsaitdən cavan itirdiyim qızımın yetimlərinə pay ayırdım. Onların sevinci kədərli gözlərimi bir daha yaşartdı”. Allah Prezidentimizdən razı olsun ki, şəhid ailələrini unutmur və layiqincə dəyərləndirir.

Şəhər 3 saylı tam orta məktəbin məzunu Əfqan Səfərov 1993-cü il oktyabrın 4-də heç kimin gözləmədiyi halda döyüşə getdiyi kimi 1994-cü ilin iyulun 31-də qəfildən də ölümlə yaxalandı. 

Şəhidlik zirvəsinə ucalan Əfqan Səfərov anasını da el-oba içində şəhid anası kimi urvatlı etdi.

Vətən torpaqlarının bölünməzliyi və istiqlaliyyəti uğrunda şirin canlarını fəda etmiş bütün şəhidlərə Allahdan rəhmət, ruhları şad olsun diləyi ilə

   Astarainfo.az