Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından olan Milli Təhlükəsizlik Nazirliyinin ölkənin aparıcı qurumlarından birinə çevrilməsi, təhlükəsizlik siyasətinin hüquqi əsaslarının yaradılması əmək fəaliyyətinin böyük bir hissəsini təhlükəsizlik orqanlarında çalışmış ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Bu fikirlər martın 28-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Yubiley tədbirində Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev tədbirdə çıxış edərək, təhlükəsizlik orqanlarında çalışanları əlamətdar gün və 100 illik yubiley münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

Tədbirdə Dövlət Təhlükəsizlik Xidməti Astara rayon şöbəsinin rəis əvəzi Mübariz İsayevin “Azərbaycan təhlükəsizlik orqanları və onların keçdiyi tarixi yol” mövzusunda məruzəsi dinlənilib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Sərəncamı ilə təhlükəsizlik orqanlarının peşə bayramının ölkəmizdə hər il yüksək səviyyədə qeyd olunduğunu vurğulayan M.İsayev 1919-cu il martın 28-də Azərbaycan Demokratik Respublikasının Hərbi Nazirliyinin Baş Qərargahının kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması ilə əsası qoyulan Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətinin üç dövrə – Cümhuriyyət, sovet və müstəqillik dövrlərinə bölündüyünü bildirib.

Qeyd olunub ki, dünyaşöhrətli siyasətçi Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifələrdə işlədiyi dövrlərdə həm kəşfiyyat, həm də əks-kəşfiyyat sahəsində bacarıqlı azərbaycanlı kadrlar yetişdirilməsinə xüsusi önəm verib.

Diqqətə çatdırılıb ki, Azərbaycan özünün müstəqilliyini bərpa etdikdən sonra Milli Təhlükəsizlik Nazirliyi təsis edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Dövlət Təhlükəsizlik Xidmətində fəaliyyətin milli maraqlar nəzərə alınmaqla beynəlxalq standartlara uyğun formalaşdırılması üçün mühüm tədbirlər həyata keçirilir.

Yubiley tədbirində çıxış edənlər Azərbaycan təhlükəsizlik orqanlarının keçdiyi yoldan danışaraq, Dövlət Təhlükəsizlik Xidmətinin Astara rayon şöbəsinin əməkdaşlarına peşə bayramları münasibətilə təbriklərini çatdırıblar.Tədbirin sonunda Dövlət Təhlükəsizlik Xidmətinin Astara rayon şöbəsinin əməkdaşlarından bir qrupuna yubiley medalları təqdim olunub.(AZƏRTAC-Bağır Əliyev)