Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Lovayın yaşayış məntəqəsində əhali ilə keçirdiyi səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

İcra başçısı görüş iştirakçılarını salamlayaraq, bildirmişdir ki, dəfələrlə sizinlə qəsəbədə və qonşu kəndlərdə görüşlərimiz olmuş, təklifləriniz əsasında qaldırılan problemlərin əksəriyyətinin həllinə birlikdə nail olmuşuq. Bunun nəticəsidir ki, son illər nümayəndəliyin ərazisində çoxsaylı quruculuq abadlıq işləri görülmüşdür. Bu görüşdə də narahatlıq doğuran  məsələləri öyrənmək və həllinə köməklik etmək məqsədi ilə gəlmişik. Buyurun təkliflərinizi verə bilərsiniz.

Sakinlərdən Nurəli Şəkərov, Nəsrəddin Teymurov, Müsair Qəmbərov, Əlibala Qəmbərov, İbrahim Rəhmətov, Ağahüseyn Nəhmətov, Rauf Mirzəyev, Elxan Qəmbərov, Tofiq Ramazanov və başqaları çıxış edərək müntəzəm olaraq onlarla görüşə gəldiyinə görə icra başçısına  minnətdarlıq etmişlər. Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində qazanılan uğurlardan sevindiklərini bildirmiş, cənab Prezidentin son aylarda əhalinin sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar imzaladığı sərəncamlar, qəbul edilən qərarlardan ürəkdolusu danışaraq bu qayğı və diqqətə görə möhtərəm Prezidentə minnətdarlıq ifadə etmişlər.

Çıxış edənlər kəndin əsas avtomobil yolunun asfaltlaşdırılması, kənddən keçən çayın üzərində yeni körpünün tikintisi, elektrik xətt təsərrüfatının yeniləşdirilməsi və əlavə transformatorun qoyulması, kəndə əlavə telefon nömrələrinin verilməsi, yeni salınmış məhəllələrdəki evlərə təbii qazın verilməsi, Lovayın kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, Kijəbə qəsəbə körpələr evi – uşaq bağçasında əlavə qrupların açılması barədə arzu və təkliflərini də bildirmişlər.

İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev səmimi görüşə görə sakinlərə təşəkkür etmişdir. Vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirərək qaldırılan əksər məsələlərin qısa vaxt ərzində həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir.

İlk növbədə qeyd etməliyəm ki, bütün sahələrdə sürətlə inkişaf edən müstəqil respublikamızın timsalında rayonumuzun siması da gündən-günə dəyişir. Quruculuq-abadlıq işləri geniş vüsət alıb. Görülən işlər göz qabağındaır.  

Kijəbə qəsəbəsində də tam orta məktəb, sahə xəstəxanası, ictimai yaşayış binaları əsaslı təmir olunmuş, Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolu salınmış, səkilərə daş üzlüklər döşənmiş, qəsəbənin əsas küçəsinin işıqlandırılması təmin olunmuşdur. Nümayəndəliyinin ərazisində ciddi bir problem qalmayıb.  

Məktəb tikintisi ilə əlaqədar onu deməliyəm ki, rayonumuzda bu istiqamətdə böyük işlər görülür. 40-a qədər yeni məktəb binası tikilib istifadəyə verilibdir. Hazırda elə bu nümayəndəliyin ərazisində Burzubənd kənd tam orta məktəbi və Şəmətük kənd ibtidai məktəbi üçün yeni binalar tikilir. Hər iki məktəb binası qəzalı vəziyyətdə idi. Odur ki, ilk növbədə qəzalı məktəblərin tikintisinə üstünlük verilir. Onlar tikiləndən sonra yaxın gələcəkdə bu kənddə də yeni məktəb binası inşa olunacaq.

Elektrik təsərrüfatında vaxtaşırı təmir işləri aparılsa da, bu sahənin tamamilə yenilənməsinə ehtiyac olduğunu bilirik. Bu istiqamətdə dövlət tədbirləri başqa yerlərdə olduğu kimi rayonumuzda da hissə-hissə həyata keçirilir. Hazırda Ərçivan qəsəbəsində işə başlanılmışdır. Tədricən bu nümayəndəliyin ərazisində də elektrik xətt təsərrüfatında kabelləşmə işinə başlamaqla, bu sistem tamamilə yenilənəcək.

İcra başçısı hazırda Respublikada və rayonda böyük sosial layihələrin həyata keçirildiyini bildirərək bunların ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin təntənəsi və bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin nətcəsi olduğunu diqqətə çatdırmışdır.

Müstəqil dövlətimizin gündən-günə artan iqtisadi gücü bizə bunu deməyə əsas verir ki, gələcəkdə də tikinti-quruculuq işləri, sosial layihələrin icrası davam edəcəkdir. Əsas odur ki, cənab Prezidentin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə bərqərar olan sabitlik, əmin-amanlığı qorumaqdır. Biz ölkə Prezidenti ətrafında sıx birləşərək, həyata keçirilən möhtəşəm işlərdə cənab Prezidentə dəstək olmalı, gözəl Azərbaycanımızın davamlı inkişafına töhfəmizi verməliyik. 

Mərasim Hacızadə

Astarainfo.az