Ölkəmizin cənub bölgəsində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən anım tədbirlərində faciə qurbanlarının xatirəsi dərin hüznlə yad edilib.
Astara şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirin iştirakçıları əvvəlcə “31 mart 1918-ci il-tarixə yazılan qanlı faciə” sənədli filminə baxıblar.
Toplantıda çıxış edən rayon icra hakimiyyətinin məsul işçisi Tural Eyvazov və Mərkəzin direktoru Kübra Səmədova erməni millətçilərinin 1918-ci ilin mart və aprel aylarında azərbaycanlılara qarşı törədikləri soyqırımından danışıblar.
Sonra Heydər Əliyev Mərkəzi fondunun baş mühafizi Elza Kazımovanın “Tarix heç nəyi silmir” mövzusunda məruzəsi dinlənilib. O, 31 mart tarixinin ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edildiyini diqqətə çatdırıb.
Bildirilib ki, erməni terroru təkcə 1918-ci ilin mart soyqırımı ilə məhdudlaşmır. Ötən əsrin sonunda 1 milyonadək soydaşımız doğma torpaqlarından didərgin salınıb, kəndlər, şəhərlər, nadir tarixi abidələr yandırılaraq dağıdılıb, evlər vəhşicəsinə talan edilib, minlərlə insan qətlə yetirilib, girov götürülüb və itkin düşüb.
Anım tədbirində çıxış edənlər erməni millətçilərinin təkcə ötən əsrin əvvəlində deyil, tarixboyu xalqımıza qarşı işğalçılıq siyasəti yürütdüyünü, xarici havadarlarının dəstəyi ilə tarixin ayrı-ayrı dövrlərində azərbaycanlılara qarşı soyqırımları törətdiklərini diqqətə çatdırıblar.
Sonda tədbir iştirakçıları soyqırımı haqqında yazılan kitablara və “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.
X X X
Martın 30-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Soyqırımı uşaqların gözü ilə” mövzusunda uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.
Mərkəzin fond müdiri Aygün İbrahimova sərgi ilə tanış olanlara ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən, doğma yurdlarından sürgün edilməsindən danışıb.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə erməni vəhşiliklərinə hüquqi və siyasi qiymət verilib. 1998-ci il martın 26-da Ulu Öndərin imzaladığı Fərmana əsasən hər il 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.
Tədbir iştirakçıları Mərkəzdə fəaliyyət göstərən rəsm studiyası uşaqlarının soyqırımı qurbanlarının xatirəsinə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
X X X
Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktiki konfransda erməni separatçılarının azərbaycanlılara qarşı soyqırımı pislənilərək, dünyanın nüfuzlu ölkələrindən bu soyqırımının tanınması tələb olunub.
Anım tədbirində çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı bildirib ki, azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanda erməni millətçiləri tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verilib. Bu fərman XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə indiki və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəddir.
Tədbirdə Mahmudavar kənd tam orta məktəbinin tarix müəllimi Qumru Əhmədovun azərbaycanlıların soyqırımı ilə bağlı məruzəsi dinlənilib.
Elmi-praktik konfransda çıxış edən Böyük Kolatan kənd tam orta məktəbin müəllimi Xanhüseyn Musayev, “Yeni həyat” qəzetinin baş ədəbi işçisi Akif Ağayev, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, Masallı Dövlət Regional Kollecinin tarix müəllimi İradə İmanbəyli erməni vandallarının ölkəmizin cənub bölgəsində törətdiyi vəhşiliklərdən danışaraq, azərbaycanlılara qarşı əsrlərlə davam edən soyqırımı siyasəti nəticəsində yüzlərlə yaşayış məntəqəsinin yerlə-yeksan edildiyini, minlərlə soydaşımızın qəddarlıqla qətlə yetirildiyini diqqətə çatdırıblar.
X X X
Lerikdə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirin iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Anım tədbirində çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov bildirib ki, 1918-ci ilin mart qırğınlarına – ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına ilk siyasi-hüquqi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verilib. Azərbaycan Prezidentinin və Heydər Əliyev Fondunun dünyanın aparıcı dövlətlərində xalqımızın başına gətirilmiş soyqırımı aktlarının tanıdılması istiqamətində gördüyü işlər öz bəhrəsini verməkdədir.
Sonra rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədovanın mövzu ilə bağlı məruzəsi dinlənilib.
Mərasimdə çıxış edənlər uzun illər erməni qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı aktlarını pisləyərək, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində bir sıra dünya dövlətlərinin parlamentlərinin qəbul etdikləri qətnamələri diqqətə çatdırıblar.
X X X
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü Cəlilabadda da dərin hüznlə qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə azərbaycanlıların soyqırımına həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.
Anım tədbirində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 1918-ci ilin mart soyqırımı ilə bağlı sənədli film nümayiş olunub.
Tədbir iştirakçıları “31 Mart 1918-ci il Azərbaycan tarixinin qanlı səhifəsidir” mövzusunda ədəbi-bədii kompozisiyaya da baxıblar.
X X X
Yardımlıda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Yardımlı şəhərində azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov bildirib ki, 1918-ci ilin mart qırğınlarına, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi və hüquqi qiymət verilib. “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanına əsasən, hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Çıxış edənlər “böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri, soyqırımı siyasətini pisləyərək, dünyanın nüfuzlu ölkələrindən, beynəlxalq təşkilatlardan xalqımıza qarşı törədilmiş soyqırımının tanınmasını tələb ediblər.(AZƏRTAC-Bağır Əliyev)