Azərbaycanlıların soyqırımının 101-ci ildönümü ilə bağlı martın 31-də Quba Soyqırımı Memorial Kompleksində konfrans keçirilir.

Anım mərasimi və konfrans Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.

Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun və dini konfessiyaların nümayəndələri iştirak edirlər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.

Sonra Quba Soyqırımı Memorial Kompleksinin ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, ruhlarına dualar oxunub.

Konfrans iştirakçıları Quba Soyqırımı Memorial Kompleksində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən foto və kitab sərgisi ilə tanış olublar.

Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov açılış nitqində bildirib ki, konfransın məqsədi 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi soyqırımının ağır nəticələrinin yenidən diqqət mərkəzinə çəkilməsi və bu barədə həqiqətlərin dünyaya çatdırılmasıdır.

Konfransda mədəniyyət naziri Əbülfəs Qarayev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, Milli Məclisin deputatları Vahid Əhmədov və Qənirə Paşayeva, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və başqaları məruzələrlə çıxış edəcəklər.

Yüz bir il əvvəl erməni millətçiləri Bakıda, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetiriblər. Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrində kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirən düşmənin bu vandalizm əməlləri nəticəsində yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ermənilərin törətdikləri bu soyqırımı cinayətinin araşdırılması məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradıb. Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görülüb. Lakin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə bu proses dayandırılıb, baş verənlərin tam araşdırılmasının və hadisələrə müvafiq siyasi-hüquqi qiymətin verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla həmin dəhşətli hadisələrə siyasi qiymət verilib və 31 mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlığın aşkar olunması ermənilərin xalqımıza qarşı həyata keçirdiyi mart soyqırımının dəhşətlərini bir daha ortaya çıxarıb. Əldə olunan maddi sübutlar və sənədlər 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin törətdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğu sübuta yetirilib.

Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı müvafiq Sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu kompleksin açılışı olub.

Soyqırımı kompleksində yalnız Quba qəzasında deyil, Bakı quberniyasının Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırımına dair məlumatların əks olunduğu tarixi sənədlər saxlanılır.

Azərbaycan xalqına qarşı törədilmiş mart soyqırımının 100 illiyi ilə əlaqədar ötən il Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölkəmizdə və xaricdə müxtəlif tədbirlər keçirilib.(AZƏRTAC)