Aprelin 1-də Astara şəhərindəki Gənclər Evində Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Xəmsə” milli intellektual oyunu üzrə XI Azərbaycan çempionatının Astara rayon seçim turu keçirilib.

Bilik yarışmasının açılış mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnur Qurbanlı yarışın məqsədinin yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğunu deyib.

Final turunda qruplarda yüksək nəticə göstərmiş “Edelveys”, “Azərlight”, “Ziya” və “Gələcəyin ümidləri” komandaları yarışıblar.

Maraqlı keçən final turunda Şahağacı kənd 2 nömrəli tam orta məktəbi təmsil edən “Edelveys” komandası birinci, müstəqil gənclərdən ibarət “Gələcəyin ümidləri” komandası ikinci yerə layiq görülüblər.

Qaliblər Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.

Astarainfo.az