Aprelin 4-də Astara rayonunun Əsxənəkəran kəndində Aprel döyüşlərində şəhid olmuş gizir Pəncəli Teymurovun anım mərasimi keçirilib.

Astarainfo.az xəbər verir ki, Pəncəli Teymurovun oxuduğu kənd tam orta məktəbində keçirilən mərasimdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Əlican Hacıyev igid döyüşçü Pəncəli Teymurovun qısa, lakin mənalı ömür yolundan, Aprel döyüşlərində göstərdiyi şücaətdən danışıb.

Anım tədbirində çıxış edən Astara Rayon İcra Hakimiyyətinin məsul işçisi Tural Eyvazov, Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Astara bələdiyyəsinin sədri Aygül Məmmədova, “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə, Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev və başqaları Aprel döyüşlərinin dövlətimizin, ordumuzun gücünü göstərən şanlı tarixi qələbə olduğunu söyləyib, bu qələbəni Azərbaycan Ordusunun düşmən üzərində qazanılacaq böyük zəfərinin başlanğıcı kimi dəyərləndiriblər.

Beş oğul böyütmüş şəhid anası Vahimə Teymurova çıxış edərək deyib: “Mən bir oğul itirsəm də, minlərlə Pəncəli qazandım. Beş oğlum var. Onlardan biri Vətən uğrunda şəhid oldu. Mən bundan qürur duyuram. Əgər Silahlı Qüvvələrimizin Ali Baş Komandanı əmr edərsə, 4 oğlum da Vətən uğrunda döyüşə, şəhid olmağa hazırdır”.

Şəhidin atası Nurməmməd Teymurov oğlunun ömür yolunun gənclərə örnək olduğunu qeyd edərək vətənpərvər, igid övlad böyütdüyü üçün fəxr etdiyini bildirib.

Tədbirin sonunda məktəblilərin ifasında şəhid Pəncəli Teymurova həsr edilmiş şeirlər səsləndirilib, hərbi-vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Anım mərasimi başa çatdıqdan sonra tədbir iştirakçıları Aprel şəhidi, gizir Pəncəli Teymurovun doğulub boya-başa çatdığı Əzərüd kəndində olan məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Tədbir iştirakçıları, həmçinin şəhidin kənddəki ev-muzeyi ilə də tanış olublar.