Vətəndaşların sağlamlığının qorunması, göstərilən tibb xidmətinin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində uğurlu islahatlar aparılır. Ən müasir avadanlıqlarla təchiz olunmuş yeni tibb ocaqları tikilir, səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində ardıcıl, təxirəsalınmaz tədbirlər görülür.

Astarainfo.az xəbər verir ki, dövlətimizin başçısının tövsiyəsi ilə vətəndaşların hər il tibbi müayinələrə cəlb edilməsi kampaniyası Astara rayonunda da uğurla davam edir.

Vətəndaşların tibbi müayinələrə cəlb olunması məqsədilə rayonda komissiya yaradılıb. Təsdiq olunmuş qrafikə uyğun olaraq Astara Rayon Mərkəzi Xəstəxanasında, həmçinin yerlərdəki tibb ocaqlarında 18 yaşdan yuxarı vətəndaşlar kütləvi şəkildə tibbi müayinələrdən keçirlər.

Rayon mərkəzi xəstəxanasının peşəkar həkim və tibb işçilərindən ibarət geniştərkibli briqadanın iştirakı ilə aprelin 5-də rayon mərkəzindən 40 kilometr uzaqda, ucqar dağlıq ərazidə yerləşən Pəlikəş kəndinin sakinləri kütləvi tibbi müayinələrə cəlb olunublar.

Mərkəzi xəstəxananın baş həkimi, tibb üzrə fəlsəfə doktoru Əlövsət Əliyevin rəhbərlik etdiyi səyyar həkim briqadası gün ərzində Pəlikəş inzibati ərazi nümayəndəliyinə daxil olan kəndlərdən 317 sakini müayinədən keçiriblər.

Kənd sakinləri onlara göstərilən tibbi xidmətin səviyyəsindən razı qaldıqlarını bildiriblər.

Pəlikəş kənd sakini Gülyanaq Eyvazova deyib: “Evdar qadınların işi çox olur, öz səhhətlərinə o qədər də vaxt ayırmırlar. Eşidəndə ki, rayon mərkəzindən peşəkar tibb işçilərindən ibarət həkim briqadası gəlib, çox sevindik. Öz evimizin içində həkimlərlə görüşmək imkanı olduğuna görə çox razıyıq. Bu işə kömək edənlərin hamısına təşəkkür edirəm.”

Kənd sakini Məpruzə Məhərrəmova və Ailə Əhədova da həmkəndlisinin fikirlərinə şərik olduqlarını, tibb işçilərinə, pulsuz tibbi müayinələrin təşəbbüskarı olan dövlətimizin başçısına minnətdarlılarını ifadə ediblər.

Qeyd edək ki, Astara rayonu üzrə indiyədək 54 min 553 nəfər tibbi müayinələrdən keçib. Onlardan 5 min 739 nəfəri ambulator, 76 nəfəri stasionar müalicəyə cəlb olunub. Tibbi müayinələr zamanı xəstəlik aşkar olunan vətəndaşlardan 91 nəfəri Bakı şəhərinin ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.