Həyata göz açan hər körpə dünyaya ümid, sevinc və sevgi, torpağa basdırılan hər fidan isə təbiətə yeni təravət və gözəllik gətirir. Süd qoxulu körpələr dünyamızın, həyatımızın, ana torpağın sinəsinə sancılan ağac tingləri isə təbiətin davamı və sabahıdır…

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi Astarada da böyük sevinclə qarşılanıb. Rayon sakinləri bu əlamətdar hadisəni bayram əhval-ruhiyyəsi ilə qeyd ediblər.

Astara şəhərindəki park-bulvar kompleksində ölkəmizin 10 milyonuncu sakinin şərəfinə konsert təşkil edilib.

Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edənlər Azərbaycanda əhalinin sayının dinamik templə artmasının Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasətin, əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində həyata keçirilən ardıcıl tədbirlərin məntiqi nəticəsi kimi dəyərləndiriblər.

Rayon sakinləri rayonun incəsənət ustalarının ifasında şən mahnıları dinləyib, atəşfəşanlığı izləyiblər.

Astara şəhərindəki yeni salınmış ipək yolunun və dənizkənarı park-bulvar kompleksinin ərazisində isə ölkəmizin yeni doğulan on milyonuncu sakininin şərəfinə agacəkmə aksiyası təşkil edilib. Aksiyada müxtəlif növ 400 ağac əkilib. 

Astarainfo.az

Nicat Raufoğlu